
Apr 09, 2025 | 10:12 Konfranslar, iclaslar
AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunda Elm gününə həsr olunmuş Açıq qapı günləri keçirilib.
Tədbir institutun Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə həyata keçirilib.
Tədbirin əsas məqsədi arxeologiya və antropologiya elmlərinin aktual istiqamətlərini cəmiyyətə tanıtmaq, bu sahəyə marağı olan insanları institutun fəaliyyəti ilə yaxından tanış etmək və elmi ictimaiyyətlə gənc nəslin arasında körpü yaratmaq olub.
Açıq qapı günlərində iştirakçılar institutun elmi-tədqiqat şöbələrini və laboratoriyalarını ziyarət edib, aparılan son arxeoloji tədqiqatlarla tanış olublar. Ziyarətçilərə müxtəlif arxeoloji tapıntılar nümayiş olunub, ekspedisiya materialları və tədqiqat nəticələri barədə ətraflı məlumat verilib.
Həmçinin, institutun aparıcı alimləri və tədqiqatçıları ilə interaktiv müzakirələr təşkil olunub, gənclər üçün arxeologiya və antropologiya sahəsində mövcud akademik perspektivlər və gələcək elmi imkanlar haqqında məlumat təqdim edilib.
Arxeologiya və antropologiya sahəsinə maraq göstərənlər, xüsusilə də gənc tədqiqatçılar üçün mühüm bir platforma rolunu oynayan tədbirdə Bakı Dövlət Universitetinin, Azərbaycan Universitetinin, ADA və Qərbi Kaspi Universitetinin tələbələri iştirak ediblər.
Qonaqlar Açıq qapı gününü yüksək qiymətləndirib və gələcəkdə bu kimi maarifləndirici tədbirlərin daha tez-tez keçirilməsinin vacibliyini qeyd ediblər.