May 26, 2025 | 10:23 Konfranslar, iclaslar
AMEA-nın Tarix və Etnologiya İnstitutunda “1905-1906-cı illərdə ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri qırğınların siyasi nəticələri” adlı dəyirmi masa keçirilib.
İclası açıq elan edən institutun Qərbi Azərbaycan tarixi şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Cəbi Bəhramov bildirib ki, ermənilər havadarlarının maddi və hərbi-siyasi dəstəyi ilə XIX-XX əsrlərdə müəyyən mərhələlərlə azərbaycanlılara qarşı kütləvi qırğınlar və soyqırımlar törətmiş, deportasiyalar həyata keçirmişlər. Həmin soyqırımların ilk mərhələsi 1905-1906-cı illəri əhatə edir. Tarixə “erməni-müsəlman qırğınları” kimi düşən bu qanlı faciələri hüquqi-siyasi baxımdan azərbaycanlılara qarşı soyqırım adlandırmaq onun mahiyyətinə tam uyğun gəlir.
Tarix üzrə fəlsəfə doktoru Nazim Mustafa “1905-1906-cı illərdə ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri qırğınların siyasi nəticələri” adlı məruzə ilə çıxış etdi. Nazim Mustafa həmin illərdə erməni silahlı dəstələrinin Cənubi Qafqazın 15 qəzasında, 8 şəhərində kütləvi qırğınlar törətdiklərini, 10 min nəfərə qədər insanın qətlə yetirildiyini bildirdi. O, 1905-1906-cı illərdə ermənilərin İrəvan quberniyasında və Zəngəzur qəzasında 200-dən artıq türk-müsəlman yaşayış məntəqəsini viran qoyduqlarını, həmin dövrdə yalnız ermənilərdən ibarət ilk anklavların yarandığını, 1918-1920-ci illərdə həmin anklavları silah gücünə birləşdirməklə tarixdə ilk erməni dövlətinin yarandığını vurğuladı.
Daha sonra professor Hacı Həsənov, tarix elmləri doktoru, dosent Elçin Qarayev, tarix üzrə fəlsəfə doktorları Ziyad Əmrahov, Ramil Niftəliyev, Elmar Məhərrəmov çıxış ediblər.


