AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Şimali Azərbaycanın XIX-XX əsrin əvvəlləri tarixinin araşdırılmasında yeni meyllər adlı dəyirmi masa keçirilib
Oct 09, 2025 | 09:42 Konfranslar, iclaslar

AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda “Şimali Azərbaycanın XIX-XX əsrin əvvəlləri tarixinin araşdırılmasında yeni meyllər” adlı dəyirmi masa keçirilib.

İclası elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru, dosent İlqar Niftəliyev açıq elan edərək bildirib ki, XIX əsrin əvvəllərindən başlayaraq Şimali Azərbaycanın Çar Rusiyasının işğalı altına düşməsi nəticəsində bölgənin siyasi, iqtisadi, sosial və mədəni inkişafında köklü dəyişikliklər baş verib. Bu dövr yalnız işğal və idarəçilik baxımdan deyil, həm də milli özünüdərk, ictimai-siyasi hərəkatların yaranması və maarifçilik ideyalarının yayılması baxımdan olduqca əhəmiyyətlidir.  Son illər arxivlərin açılması, yeni sənədlərin dövriyyəyə daxil edilməsi dövrün daha dərindən və obyektiv şəkildə tədqiqinə imkan yaradır. Uzun illər təhrif edilmiş və ya siyasi sifarişlər əsasında təqdim edilmiş faktlar bu gün daha real və sənədlərə əsaslanan şəkildə araşdırılır. İkincisi, postkolonial yanaşmalar  artıq Azərbaycan tarix elminə də təsir etməkdədir. Çar Rusiyası, daha sonra sovet rejiminin yürütdüyü siyasətin milli kimlik və mədəniyyətə təsiri bu gün daha çox müzakirə olunur. Üçüncüsü, bu dövr milli özünüdərkin və ziyalı təbəqəsinin formalaşması dövrü kim də xarakterizə olunur. Bu tarixi mərhələdə formalaşan milli ideyalar, siyasi təşkilatlar və maarifçilik hərəkatı sonrakı dövrlərdə Azərbaycanın müstəqilliyi ideyasının təməlini qoyub.

İclasda Şimali “Azərbaycanın XIX-XX əsrin əvvəlləri tarixi” şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, professor Hacı Həsənov “XIX-XX əsrin əvvəlləri tarixinə dair yeni araşdırmalar”, aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Zeynəb Qafarova “Şimal Azərbaycan sənayesinin  XIX-XX əsrin əvvəlləri tarixinə dair yeni araşdırmalar”, aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Zəfər Kərimov “XIX-XX əsrin əvvəlləri Şimali Azərbaycan mətbuatının tarixinə yeni baxışlar” adlı məruzələrlə çıxış ediblər.

İclasda qeyd olunub ki, son illərdə Şimali Azərbaycanın XIX–XX əsrin əvvəlləri tarixinin araşdırılmasında bir sıra yeni tendensiyalar diqqəti çəkir. Ən mühüm meyllərdən biri “mikrotarixi yanaşma”nın güclənməsidir. Tədqiqatçılar kənd və qəsəbələrin gündəlik həyatına, ailə və sosial münasibətlərinə və s.  diqqət yetirirlər.

Arxiv materiallarında istifadə də xeyli artıb. Rusiya imperiyası dövrünə aid dövlət və şəxsi sənədlər tədqiqatçılara bölgənin tarixini həm rəsmi, həm də adi insanların baxış bucağından araşdırmağa imkan verir. Son illərdə sənaye, kənd təsərrüfatı və ticarət, sosial təbəqələşmə və əmək münasibətləri də sistemli şəkildə öyrənilir. Multidissiplinar yanaşmaların tətbiqi, milli kimliyin və mədəniyyət tarixinin araşdırılması, rəqəmsal arxivlərin istifadəsi tədqiqat mövzularına kompleks şəkildə yanaşmağa imkan verir.

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023