Nov 18, 2025 | 19:10 Konfranslar, iclaslar
Noyabr 18-də AMEA-nın İctimai Elmlər Bölməsinin Elmi şurasının növbəti iclası keçirilib.
İclası AMEA-nın vitse-prezidenti v.i.e., İctimai Elmlər Bölməsinin Elmi şurasının sədri akademik Gövhər Baxşəliyeva açaraq tədbirin gündəliyini iştirakçıların diqqətinə çatdırıb.
Akademik Gövhər Baxşəliyeva iclasda bildirib ki, tarix elmləri doktoru, dosent İlqar Niftəliyevin “Azərbaycan tarixinin tədqiqində və təbliğində müasir prioritetlər” mövzusunda məruzəsi dinləniləcək. O qeyd edib ki, 3 noyabr 2025-ci ildə AMEA-nın 80 illik yubileyi ilə münasibətilə ölkə Prezidentinin Azərbaycan dilinin saflığının qorunması və tariximizin inkişafı ilə bağlı müəyyənləşdirdiyi prioritetlər bütün alimlər üçün əsas istiqamət olmalıdır və bu yöndə fəaliyyət daha da genişləndirilməlidir.
Tarix elmləri doktoru İlqar Niftəliyev çıxışında bildirib ki, cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev 3 noyabr 2025-ci il tarixində AMEA-nın 80 illiyinə həsr olunmuş tədbirdə çıxışı zamanı Akademiyanın alimləri, o cümlədən tarixçilər qarşısında mühüm vəzifələr qoymuş, Azərbaycan elminin mühüm strateji istiqamətlərini müəyyən etmişdir. Tarix elmi qarşısında əsas vəzifələr sırasında Azərbaycanın tarixinin təhriflərdən qorunması, yeni elmi araşdırmaların - xüsusilə kartoqrafiya sahəsi və itirilmiş torpaqların tarixinə dair tədqiqatların genişləndirilməsi, həmçinin bu istiqamətdə əldə olunmuş nəticələrin elmi ictimaiyyətə və geniş auditoriyaya sistemli şəkildə təbliği xüsusi əhəmiyyət kəsb edir.
“Ermənilərin uzun illər ən çox təhrif etdikləri Qarabağın, Zəngəzurun və İrəvan bölgələrinin tarixi olub. Sovet dövründə bu təhriflərin (tək-tük alimlərimizi çıxsaq) əsasən cavabsız qalması bizi yeni faciələrlə üz-üzə qoymuşdu. Sovet dövründə Azərbaycan tarixşünaslığında ayrıca Qarabağın tarixinə həsr olunmuş elmi əsərlər yox idi. Qarabağın tarixi DQMV tarixi adı ilə tədqiq olunurdu. Həmin əsərlərin də müəllifləri ermənilər idi. Bu kitablar əsasən DQMV-in yaranmasının yubileylərinə həsr olunurdu, kiçik həcmli broşürlar halında buraxılırdı. Zəngəzurun tarixinə gəldikdə isə, 1921-ci ildə Qərbi Zəngəzur Ermənistana birləşdikdən sonra onun adı Azərbaycanın inzibati xəritəsindən silinib. Azərbaycanın tərkibində qalan Şərqi Zəngəzur bölgəsi 1930-cu ilə qədər ya Qubadlı, sonra isə fərqli adı daşıyırdı. Ancaq 100 ildən sonra 7 iyul 2021-ci ildə Prezidentin Sərəncamı ilə Şərqi Zəngəzur iqtisadi rayonu yaradılmış və beləliklə bu ad yenidən xəritəmizə qayıtmışdır. Hal-hazırda Tarix və Etnologiya İnstitutu ikicildlik Zəngəzur tarixi üzərində iş aparır və artıq 1 cildi bu yaxınlarda çap olunacaq”, - deyə alim vurğulayıb.
Tarix elmləri doktoru İlqar Niftəliyev bildirib ki, İrəvan və onun ətraf bölgələrinin tarixi isə sovet dövründə ümumiyyətlə Şərqi Ermənistan kimi qələmə verilib, İrəvan - Erebuni, Yerevan, Göyçə - Sevan adlandırılıb və digər tarixi yer adları dəyişdirilməyib: “70 ildən sonra məlum olmuşdur ki, 1918-ci ildə ilk dəfə Cənubi Qafqazda yaradılmış erməni dövlətinə İrəvan şəhəri paytaxt kimi güzəşt edilib. Artıq müstəqillik illəri ərzində, xüsusilə torpaqlarımızın işğalı dövründə Qərbi Azərbaycanın tarixi ilə bağlı çox sayda məqalə, monoqrafiya yazılmış, elmi dövriyyəyə yeni sənədlər gətirilmişdir”.
Onun sözlərinə görə, institutun çap etdirdiyi “İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi” adlı kollektiv monoqrafiya cənab Prezident tərəfindən 2013-cü ildə Dövlət mükafatına layiq görülmüşdü. İnstitutun 13 əməkdaş, yəni müəlliflər heyəti, o cümlədən AMEA Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutunu direktoru, tarix elmləri doktoru, prof. Kərim Şükürov həmin mükafata layiq görülüb.
Tarix elmləri doktoru İlqar Niftəliyev bildirib ki, Azərbaycan Respublikası heç də bütün tarixi Azərbaycan torpaqlarını əhatə etmir: “Müəyyən tarixi proseslər nəticəsində bizim torpaqlarımız istər şimalda, istər cənubda, istərsə də qərbdə Azərbaycandan ayrılıb. Nəticədə Azərbaycan Respublikasının şimal hüdudlarında azərbaycanlılar Dərbənddə, cənubda İran Azərbaycanında və qərbdə Ermənistan və Gürcüstanda yaşayıblar. Bu azərbaycanlılar diaspora sayıla bilməz, çünki onlar öz tarixi torpaqlarında yaşayıblar. Lakin bu gün burada yaşayan azərbaycanlılar həmin dövlətlərin qanunları çərçivəsində yaşayırlar, onlar heç vaxt separatizm xəstəliyinə düçar olmamışlar və yaşadıqları ölkələrin dövlətçiliyinə töhfə veriblər”. Məruzəçi Azərbaycanın itirilmiş torpaqlarının, xüsusilə Qərbi Azərbaycan tarixinin öyrənilməsi institutun əsas prioritet tədqiqat istiqamətlərindən biri olduğunu söyləyib. 2022-ci ilin dekabrında Qərbi Azərbaycan icması ilə görüşündə cənab Prezidentin irəli sürdüyü dinc qayıdış konsepsiyasının elmi əsaslandırılmasının isə tarixçilərin üzərinə düşən əsas missiyalardan biri olduğunu bildirib: “Bu istiqamətdə 2023-cü ildə AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda “Qərbi Azərbaycan tarixi” şöbəsində böyük işlər aparılır. Bu il “Qərbi Azərbaycanın tarixi coğrafiyası” (1828-2024) adlı kollektiv monoqrafiya üzərində iş başa çatdırılır, Qərbi Azərbaycanın atlası çapa hazırlanır. Bu tədqiqatlar, eyni zamanda tarix-etnoqrafik istiqamətdə də aparılır. İnstitutumuzun Tarixi etnologiya şöbəsində “Qərbi Azərbaycan: qəriblikdə qalan mədəni irsimiz” adlı mövzusu üzərində iş bu il başa çatdırılacaq”.
Onun sözlərinə görə, bu istiqamətdə görüləcək mühüm işlərdən biri yeni xəritələrin dərc edilməsidir: “Biz bilirik, xüsusilə, sovet dövründə 1935-1991-ci illərdə Ermənistan SSR Ali qanunvericilik orqanlarının qərarı ilə yüzlərlə Azərbaycan toponimlərinin adı silinib: dağların, çayların, göllərin, kəndlərin. Bizdə bu qərarların dəqiq tarixi, nə vaxt və hansı toponimin necə, neçə dəfə dəyişildiyi barədə sənədlər var. Onlar ayrıca kitab şəklində çap olunub. 1920-1930-cu illərdə Naxçıvan MSSR, Şərqi Zəngəzurdan, Qazax bölgəsindən yüzlərlə desyatin torpaq otlaq, su, meşədən istifadə zəminində Ermənistana verilib. Bu ərazilərin adları, onların nə vaxt və hansı həcmdə verilməsi haqqında sənədlər artıq tarixçilərimiz tərəfindən yazılmış elmi tədqiqatlarda öz əksini tapıb. Nəticədə 1920-ci illərdə Zəngəzur qəzasından 4500 kv. km., Qazax qəzasında 4100 kv. km. Naxçıvan MSSR-dan 650 kv. km torpaq Ermənistana birləşdirilmişdi. Ermənistan tərkibində Qazaxın Soflu, Barxudarlı, Yuxarı Əskipara kəndləri, Naxçıvan MSSR Kərki kəndi Azərbaycanın anklavlarına çevrilmişdi ki, həmin anklavlarda 1990-1993-cü illərdə Ermənistan tərəfindən işğal olunmuşdu. Bu gün bu məsələr iki dövlət arasında aparılan sərhədlərin demarkasiyası və demilitasiyası barədə danışıqlar mövzusudur. Onu da qeyd edim ki, Tarix və Etnologiya İnstitutunun Azərbaycanın sovet dövrü tarixi şöbəsi “Azərbaycan SSR-in Ermənistan SSR-lə sərhədləri (1920-1991-ci illər)” mövzusu üzrə tədqiqatları bu il başa çatdırır”.
İlqar Niftəliyev vurğulayıb ki, ölkə Prezidentinin xüsusilə qeyd etdiyi kimi, bütövlükdə müstəqil Azərbaycan dövlətinin tarixi ilə bağlı sanballı elmi əsərlərə də böyük ehtiyac vardır. Bu istiqamətdə bu gün işlər aparılır. 2021-2022-ci illərdə Azərbaycan Respublikasının tarixi adlı 3 cildlik kitabın 2 cildi nəşr olunub. Xronoloji cəhətdən 1 cild 1991-1993, 2 cild 1993-2003-cü illəri əhatə edir. Hal-hazırda 3 cild üzərində iş davam edir. Bu cild 2 kitabdan ibarət olacaq; birinci kitab 2003-2020, ikinci kitab 2020-ci ildən sonrakı dövr. Bu kitabların yazılmasında institutun və ölkəmizin tanınmış alimləri cəlb olunub. Kitabların elmi məsləhətçisi akademik İsa Həbibbəyli, layihə rəhbəri professor Kərim Şükürovdur. Bundan əlavə, 2021-2024-cü illərdə Bakı Şəhər İcra Hakimiyyəti ilə A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun birgə layihəsi olan üç kitab nəşr olunub. Bunlar “Heydər Əliyev-100”, “Vətən müharibəsi tarixi. Şəxsiyyət faktoru”, “Vətən müharibəsi. Azərbaycanın ərazi bütövlüyünün bərpası. Şəxsiyyət faktoru” adlı fundamental kollektiv monoqrafiyalardır ki, Azərbaycan Respublikasının keçdiyi tarix yolu özündə əks etdirir.
Məruzəçi qeyd edib ki, Ali Baş Komandan İlham Əliyevin çıxışı bu gün Azərbaycan tarixinin tədqiqi və təbliği qarşısında duran əsas hədəfləri dəqiq müəyyənləşdirir. Bu hədəflərin mərkəzində tarixi həqiqətin bərpası, milli yaddaşın gücləndirilməsi və dünya ictimaiyyətinə obyektiv məlumatların çatdırılması dayanır. Bu istiqamətdə atılacaq hər bir addım həm keçmişimizi daha aydın göstərir, həm də gələcəyimizi daha möhkəm edə bilər. Çünki tariximiz bizim milli kimliyimizin dayağı, dövlətçilik ənənəmizin sübutu və beynəlxalq müstəvidə iddialarımıza legitimlik verən əsas mənbədir. Bu səbəbdən tariximizin tədqiqi artıq sırf akademik məsələ deyil - bu bizim milli təhlükəsizlik məsələsidir.
Məruzə dinlənildikdən sonra mövzu ətrafında müzakirələr aparılıb.
İclasda, o cümlədən bir sıra elmi-təşkilati və kadr məsələləri də müzakirə olunub. Azərbaycan Respublikası Prezidentinin 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi haqqında, “Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası”nın təsdiq edilməsi”, “Bəxtiyar Vahabzadənin 100 illiyinin qeyd edilməsi”, “Üzeyir Hacıbəylinin 140 illiyinin qeyd edilməsi”, “Azərbaycan Respublikasının 2025-2028-ci illər üçün süni intellekt Strategiyasının təsdiq edilməsi”, həmçinin “Fətəli xan Xoyskinin 150 illik yubileyinin keçirilməsi haqqında” sərəncamlarının icra vəziyyətindən söz açılıb.
İclasda, həmçinin “Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq hazırlanacaq Tədbirlər Planına dair təkliflərin verilməsi dair institutlara müəyyən tapşırıqlar verilib.
İclasda AMEA-nın İctimai Elmlər Bölməsi üzrə 2025-ci tədris ili üçün fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olunmuş doktorantların tədqiqat mövzuları müzakirə edilib. Akademik Gövhər Baxşəliyeva bölməyə daxil olan elmi-tədqiqat müəssisələrində doktorantlara təyin olunmuş mövzuları təqdim edib. Müzakirədə AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil şöbəsinin müdiri, filologiya elmləri doktoru Sərxan Xavəri iştirak edib müəyyən tövsiyələrini verib. Daha sonra mövzular geniş şəkildə müzakirə olunaraq AMEA-nın Rəyasət Heyəti qarşısında vəsatət qaldırılması qərara alınıb.
Sonra 2026-cı ilə dair qəbul planına haqqında müzakirələr olub. Akademik Gövhər Baxşəliyeva qəbul planına elmi tədqiqat müəssisələrinin daha çox ehtiyac duyulan ixtisasların ayrılmasını vurğulayıb.
Sonra AMEA-nın Akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda daxili imkanlar hesabına “Rəqəmsal şərqşünaslıq, süni intellekt və elektron xidmətlər” şöbəsinin yaradılması haqqında məsələ müzakirə edilib.
Həmçinin AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunda daxili imkanlar hesabına yeni şöbənin yaradılması, AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun Elmi şurasının tərkibində dəyişiklik edilməsi haqqında məsələlər müzakirə olunub.
İclasda AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun fəlsəfə doktoru proqramı üzrə “Arxeologiya” (5310.01) ixtisası üzrə III il qiyabi doktorantı Günel Vəliyevanın dissertasiya mövzusunun adında qismən dəyişiklik edilməsi, həmçinin Akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun əməkdaşları Lalə Əliyevanın, Fəridə Əhmədova və Elvin Sultanovun Misir Ərəb Respublikasına ezam olunması məsələləri müzakirə edilərək AMEA Rəyasət Heyəti qarşısında vəsatət qaldırılıb.
Daha sonra siyasi elmlər doktoru Ramilə Dadaşovanın AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun Beynəlxalq münasibətlər və geosiyasət, siyasi elmlər üzrə fəlsəfə doktoru Samirə Həbibbəylinin AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun Enerji təhlükəsizliyi siyasəti və gürcüstanşünaslıq, psixologiya üzrə fəlsəfə doktoru Südabə Hüseynovanın Qərbi Azərbaycana qayıdış siyasəti və ermənişünaslıq şöbəsinin müdiri vəzifələrinə təsdiq edilməsi haqqında qərarlar qəbul edilib, AMEA Rəyasət Heyəti qarşısında vəsatət qaldırılıb.
Həmçinin tarix elmləri doktoru Vəfa Mahmudovanın AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun Neolit və xalkolit dövrü arxeologiyası şöbəsinin baş elmi işçi vəzifəsinə, tarix üzrə fəlsəfə doktoru Gülanə Əliyevanın Çöl tədqiqatlarının monitorinqi və qiymətləndirilməsi şöbəsinin aparıcı elmi işçi, tarix üzrə fəlsəfə doktoru Aidə Məmmədovanın AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun Orta və son tunc dövrü arxeologiyası şöbəsinin aparıcı elmi işçi, Lola Hüseynovanın AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun Yeni tikinti sahələrinin arxeoloji tədqiqi şöbəsinin böyük elmi işçi, Arzu Abdullayevanın institutun İlk Tunc dövrü arxeologiyası şöbəsinin böyük elmi işçi vəzifələrinə təsdiq edilməsi haqqında məsələlər müzakirə olunub, Elmi şuranıın qərarı qəbul edilib.
Həmçinin akademik İsmayıl Hüseynovun 115 illik, akademik Firudin Köçərlinin 105, AMEA-nın müxbir üzvləri Sərvər Aslanovun 95, Zülfəli İbrahimovun 115, Bəhmən Axundovun 115, Vahid Qəhrəmanovun 125 illik yubileyləri haqqında qərarlar müzakirə edilib.
Sonda akademik Gövhər Baxşəliyeva bir sıra məsələlərlə əlaqədar müəssisələrin rəhbərlərinə tapşırıq və tövsiyələrini verib.


