AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Arxeologiya və Antropologiya İnstitutunda “Konstitusiya və suverenlik ili”nə həsr olunmuş tədbir keçirilib
Nov 27, 2025 | 10:53 Konfranslar, iclaslar

AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunda "Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş tədbir keçirilib.

İclası giriş sözü ilə açan institutun direktoru, tarix üzrə fəlsəfə doktoru, dosent Fərhad Quliyev bildirib ki, konstitusiya nəinki hər bir müstəqil dövlətin sosial təşkilatlanmasının və strukturlaşmasının, həmçinin onun milli və ərazi suverenliyini təsbit edən hüquqi bazasıdır. “2020-ci ildə əldə edilən tarixi Zəfər həm də hüquqi və siyasi baxımdan suverenlik dəyərlərinin möhkəmləndirilməsi anlamına gəlir. Şanlı Qələbədən sonra Qarabağ və Şərqi Zəngəzurda institutumuzun əməkdaşlarının apardığı arxeoloji və antropoloji tədqiqatlar dövlət suverenliyimizin təsbitinə, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2025-ci ilin "Konstitusiya və Suverenlik İli" elan edilməsi ilə bağlı tədbirlər planına yönəlik töhfəmizdir” - deyə Fərhad Quliyev vurğulayıb.

İnstitutun Elmi işlər üzrə direktor müavini tarix üzrə fəlsəfə doktoru, dosent Zaur Həsənov bildirib ki, Azərbaycan Respublikası Prezident cənab İlham Əliyevin 28 dekabr 2024-cü il tarixli Sərəncamı ilə 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan olunması - müasir Azərbaycan dövlətçiliyinin inkişafında mühüm əhəmiyyət kəsb edən bir hadisədir. “Ümummilli Lider Heydər Əliyevin müstəqil dövlətimizin rəhbəri olduğu dövrdə, 1995-ci il noyabrın 12-də ümumxalq referendumu vasitəsilə Azərbaycan Respublikası Konstitusiyasının qəbulu ölkəmizdə genişmiqyaslı qanunvericilik və məhkəmə-hüquq islahatlarının həyata keçirilməsinə yol açdı, müasir cəmiyyətin əsas inkişaf istiqamətlərini müəyyənləşdirdi. 2020-ci ildə 44 günlük Vətən müharibəsindən öncə də ərazilərimizin bütövlüyünü və suverenliyini əks etdirən Konstitutsiyamızın müddəaları bizə imkan verdi ki, işğal edilmiş ərazilərimizdə işğalçılar tərəfindən aparılmış arxeoloji qazıntıların qanunsuz olmasını bütün dünyaya bəyan edək və bu cinayətin qarşısını alaq” – deyə Zaur Həsənov vurğulayıb.

Tarix elmləri doktoru, professor Hidayət Cəfərov öz çıxışında Azərbaycan Respublikasının keçdiyi məşəqqətli yoldan söz açdı. “1995-ci il noyabrın 12-də ümumxalq referendumunda qəbul edilmiş Konstitusiya milli dövlətçiliyimiz tarixində xüsusi yer tutur. İlk dəfə idi ki, Azərbaycan xalqının milli suverenliyini, müstəqilliyini və milli maraqlarını tamlığı ilə əks edən hüquqi akt qəbul edilirdi. Əsas Qanun məhz Ulu Öndər Heydər Əliyevin gərgin əməyi nəticəsində hazırlanmışdı” - deyə professor Hidayət Cəfərov qeyd edib.

Tarix elmləri doktoru, professor Abbas Seyidov çıxış edərək bildirib ki, 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə respublikamızda siyasi hərc-mərcliyə son qoyuldu. 1995-ci il noyabrın 12-də ümumxalq referendumunda qəbul edilmiş Konstitusiyanın preambulasında dövlət və milli müstəqilliyimizi, ərazi bütövlüyümüzü təsbit edən müddəalar öz əksini tapdı. Yalnız Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin rəhbərliyi altında şanlı milli ordumuz 2020-ci ildə 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Zəfərlə Konstitusiyamızın müddəalarını təsbit etdi.

Tarix üzrə fəlsəfə doktoru, dosent Bəhlul İbrahimli bildirib ki, Konstitutsiyamız bizə bu gün öz əzəli torpaqlarımızda tədqiqat aparmaq hüququ verib və bu hüququn arxasında Azərbaycan Respublikasının nüfuzu və hərbi qüdrəti dayanır.

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023