Dec 01, 2025 | 14:12 Konfranslar, iclaslar
AMEA-nın Tarix və Etnologiya İnstitutunda görkəmli alim, dünya şöhrətli kimyaçı, akademik Yusif Məmmədəliyevin anadan olmasının 120 illiyinə həsr olunmuş “Akademik Yusif Məmmədəliyev - 120 il” mövzusunda dəyirmi masa keçirilib.
Tədbiri institutun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru İlqar Niftəliyev açaraq akademik Yusif Məmmədəliyevin Azərbaycan elminin inkişafındakı müstəsna xidmətlərini, keçmiş SSRİ-də, Azərbaycanda neft kimyası sahəsinin formalaşmasında və beynəlxalq elmi arenada tanıdılmasında mühüm rol oynadığını qeyd edib. İ.Niftəliyev maraqlı bir məlumatı diqqətə çatdıraraq bildirib ki, 2011-ci ildə Ermənistanda çıxan “Erkramas” qəzetində “Silva Kaputikyan və Arsax hərəkatı” adlı məqalədə Yusif Məmmədəliyevin S.Kaputikyana cavab məktubu yer alıb. Həmin məqalədə yazılıb ki, 1959-cu ildə Qarabağda olan erməni şairə hər addımda “əsir alınmış, lal-dinməz olmuş kilsələri, qırılmış qanadlı xaçkarları, dağıdılmış körpüləri” görəndən sonra dərhal Azərbaycan Elmlər Akademiyasının prezidenti Yusif Məmmədəliyə məktub yazıb. Bu məktuba aldıqdan sonra akademik Y.Məmmədəliyev şairəyə belə cavab verib: “Azərbaycan, sizə məlum olduğu kimi, arxeoloji və tarixi abidələrlə son dərəcə zəngindir… və mən hesab edirəm ki, elə qərəzli bir adam tapmaq çətindir ki, hər hansı bir xalqın öz torpağında yerləşən, onun vətəninin tarixinin susmayan şahidləri olan tarixi abidələri qəsdən məhv edə biləcəyini güman etsin”. Akademik Yusif Məmmədəliyevin bu cavabı hələ XX əsrin ortalarında Azərbaycan ziyalılarının ermənilərin ərazi iddialarına, xalqımızın maddi-mənəvi mədəniyyətini mənimsəmək niyyətlərinə qarşı mübarizəsinin bir sübutudur.
Dəyirmi masada Azərbaycanın sovet dövrü tarixi şöbəsinin müdiri, tarix elmləri doktoru, professor İkram Ağasiyev “Yusif Məmmədəliyevin ictimai-siyasi fəaliyyəti”, Qərbi Azərbaycan tarixi şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Cəbi Bəhramov “Yusif Məmmədəliyevin sovet ordusunun döyüş qabiliyyətinin artırılmasında rolu”, Azərbaycanın sovet dövrü tarixi şöbəsinin elmi işçisi Aybəniz Osmanova “Azərbaycanda astrofizika rəsədxanasının yaradılmasında Yusif Məmmədəliyevin rolu” adlı geniş məruzələrlə çıxış ediblər. Çıxışlarda göstərilib ki, Yusif Məmmədəliyev neft kimyası sahəsində elmi məktəb yaradan görkəmli alim olmaqla yanaşı, Azərbaycan elminin modernləşməsinə, elmi kadrların yetişdirilməsinə böyük töhfələr vermiş şəxsiyyətlərdən biridir. Məruzələrdə akademik Y.Məmmədəliyevin elmi araşdırmaları, onun kimya elminə gətirdiyi yeniliklər, kataliz və sintetik neft məhsulları sahəsində dünya elminə verdiyi fundamental töhfələr barədə ətraflı maraqlı məlumatlar diqqətə çatdırılıb. Natiqlər alimin ictimai fəaliyyətini, təşkilatçılıq bacarığını və elmi irsin bu gün də aktual olduğunu xüsusi vurğulayıblar.
Tarixi etnologiya şöbəsinin aparıcı elmi işçisi, t.ü.f.d. İsmayıl Umudlu Naxçıvanda etnoqrafik ekspedisiya zamanı Y.Məmmədəliyevin ev muzeyində baş çəkdiklərini qeyd edərək, onun böyük ziyalı nəslinin nümayəndəsi olduğunu, bunun muzeydə saxlanılan, XX əsrin birinci yarısına aid məktublardan, ailə eksponatlarından, fotoşəkillərdən də aydın göründüyünü vurğulayıb.
Dəyirmi masada bütün çıxışlarda Yusif Məmmədəliyevin rəhbərliyi altında formalaşan elmi məktəbin bu gün də fəaliyyətini davam etdirdiyi, ölkəmizdə kimya sahəsində aparılan tədqiqatların onun elmi irsindən güc aldığı bildirilib. Məruzəçilər akademikin yubileyinin qeyd edilməsinin həm elmi mühit, həm də gənc tədqiqatçılar üçün mühüm stimul olduğunu bildiriblər. Çıxışçılar və iştirakçılar akademikin həyat və yaradıcılığı ilə bağlı fikir mübadiləsi aparıb, onun zəngin irsinin sistemli şəkildə öyrənilməsinin və gələcək nəsillərə çatdırılmasının əhəmiyyəti vurğulayıblar.


