AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Arxeologiya və Antropologiya İnstitutunda qazaxıstanlı alim elmi seminar keçirib
Dec 22, 2025 | 13:12 Konfranslar, iclaslar

AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunda Qazaxıstan Respublikasının A.X. Marqulan adına Arxeologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Azat Aytkalının elmi seminarı keçirilib.

Seminar qazaxıstanlı alimin əməkdaşı olduğu A.X.Marqulan adına Arxeologiya İnstitutunun apardığı tədqiqatlara həsr olunub.

İnstitutun elmi əməkdaşları üçün nəzərdə tutulmuş seminarı giriş sözü ilə açan AMEA Arxeologiya və Antropologiya İnstitutunun Elmi işlər üzrə direktor müavini tarix elmləri direktoru, dosent Zaur Həsənov qazaxıstanlı qonağı tədbir iştirakçılarına təqdim edib. Z.Həsənov bildirib ki, Qazaxıstanda arxeoloji tədqiqatların təşkili və aparılması kimi mövzuları əhatə edən bu tədbir iki türk respublikalarının arxeoloqları arasında əməkdaşlığın və təcrübə mübadiləsinin növbəti göstəricisi kimi dəyərləndirilməlidir.

Azat Aytkalı seminar iştirakçılarını salamlayaraq A.X.Marqulan adına Arxeologiya İnstitutu barədə geniş məlumat verib. Məruzəçi statistik diaqramları nümayiş etdirərək institutun strukturu, son dövrlərdə elmi kadr bazasının möhkəmləndirilməsi, beynəlxalq əməkdaşlıq sahəsində, apardığı tədqiqatlarda, elmi əsərlərin və dövrü dərgilərin nəşrlərində əldə edilmiş yüksək göstəricilərdən danışıb. Xüsusi olaraq dünya standartlarına uyğun arxeoloji ekspedisiyaların müasir texniki avadınlaqlarla təchizi və yeni texnoloji biliklər üzrə mütəxəssislərin yetişdirilməsi istiqamətində fəaliyyətdən söz açıb. Qeyd edilib ki, faktiki qazax arxeoloqları rəqəmsal arxeologiya, o cümlədən geomatika (məkan-koordinat məlumatlarının toplanması, analizi və vizuallaşdırılması),  paleobotanika, arxeozoologiya və d. sahələr üzrə tədqiqatlarda əcnəbi mütəxəssislər səviyyəsində biliklərə malikdirlər və bu istiqamətlər üzrə dayanmadan təkmilləşmə aparılmaqdadır. “Beynəlxalq statuslu olan tədqiqatlarla birgə hər il 100-dən çox arxeoloji ekspedisiyalarla yanaşı, gənc arxeoloqlar üçün yay arxeoloji məktəbləri də təşkil olunur. Bu il həmin yay məktəblərində azərbaycanlı həmkarlarımız da iştirak etmişlər” - deyə A.Aytkalı bildirib.

Daha sonra qazaxıstanlı arxeoloq Şərqi Qazaxıstanın İlk dəmir dövrünə aid abidələrində (Маyemir, Berel, Kulajorqa və d.) aparılan tədqiqatlar, onların istiqamətləri və nəticələrindən söz açıb. Xüsusi olaraq o, sak mədəniyyətindən, yeni “qızıl geyimli adam”ın aşkar edilməsindən danışıb. “Bu ərazilərdə sakların, hunnu-syanbi (jujan/avar), daha sonra türk, kimak xaqanlıqlarının erkən abidələrinə rast gəlinir” – deyərək, Azat Aytkalı aşkar edilmiş arte- və biofaktları əks etdirən təqdimatındakı slaydları nümayiş etdirib.

Elmi seminarın sonunda qazaxıstanlı məruzəçi iştirakçıların suallarını cavablandırıb.

Qeyd edək ki, elmi seminarda A.Aytkalı ilə birgə Azərbaycanda elmi ezamiyyətdə olan A.X.Marqulan adına Arxeologiya İnstitutunun elmi işçisi, L.N. Qumilyov adına Avrasiya Milli Universitetinin doktorantı Asiya Karajigitova və Qazaxıstan Respublikası Milli Muzeyinin Arxeologiya və Etnologiya şöbəsinin müdiri, L.N. Qumilyov adına Avrasiya Milli Universitetinin doktorantı Arman Kurmangaliyev də iştirak ediblər.

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023