AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Arxeologiya və Antropologiya İnstitutunda iki beynəlxalq onlayn seminar keçirilib
Dec 23, 2025 | 10:17 Konfranslar, iclaslar

AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə 2025-ci ilin dekabr ayında iki beynəlxalq elmi onlayn seminar keçirilib.

Seminarların məqsədi gənc tədqiqatçıların elmi tədqiqatlara maraqlarını stimullaşdırmaq, beynəlxalq əlaqələri genişləndirmək və arxeologiyanın müxtəlif sahələri üzrə aktuallığı olan mövzuları təqdim etmək olmuşdur.

İlk seminarın məruzəçisi Dublin (İrlandiya) Universitet kolleci, Arxeologiya məktəbinin tədqiqatçısı Dr. David Stone olmuşdur. O, “Arxeobotanikaya giriş” (“Introduction to Archaeobotany”) mövzusunda geniş məruzə edərək arxeobotanikanın metodları, laborator analizləri və bitki qalıqlarının arxeoloji kontekstlərdə interpretasiyası haqqında məlumat verib. Dr. D. Stone, həmçinin vaxtilə çalışdığı Bərdədəki Qalatəpə son antik və orta əsr yaşayış məskənində aparılan arxeoloji tədqiqatlarda iştirak edib.  Seminarda o, arxeoloji qazıntılardan əldə olunmuş bitki qalıqları üzərində aparılan tədqiqatların ilkin nəticələrini təqdim edib, bölgənin orta əsr iqtisadiyyatı və təsərrüfat strukturu barədə maraqlı müzakirələrə səbəb olan məlumatlar bölüşüb.

İkinci seminarda Polşanın Varşava Universitetinin Arxeologiya fakültəsinin doktorantı Jakub Stępnik çıxış edib. O, “Rəqəmsal Arxeologiyaya giriş” (“Introduction to Digital Archaeology”) mövzusunda müasir rəqəmsal metodların arxeoloji araşdırmalarda tətbiqi, GIS analitikası, 3D rekonstruksiya və rəqəmsal məlumatların idarə olunması kimi istiqamətlər haqqında təqdimat edib. Məruzə rəqəmsal arxeologiyanın inkişaf perspektivləri ilə bağlı geniş müzakirələr doğurub.

Hər iki seminar Google Meet platforması üzərindən aparılmış və Azərbaycanla yanaşı müxtəlif ölkələrdən tədqiqatçıların fəal iştirakı ilə keçmişdir.

Gənc Alim və Mütəxəssislər Şurası beynəlxalq mühazirəçilərin iştirakı ilə elmi seminarlar silsiləsini gələcək aylarda da davam etdirməyi planlaşdırır.

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023