AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
2025-ci ildə AMEA Arxeologiya və Antropologiya İnstitutunun elmi nəşrləri
Dec 23, 2025 | 14:15 Konfranslar, iclaslar

2025-ci il AMEA Arxeologiya və Antropologiya İnstitutu üçün elmi tədqiqatların nəşri sahəsində uğurlu olmuşdur. Əsasən tədqiqat mövzusu üzrə əsər və metodik vəsait kimi təsnif olunan elmi tədqiqat məhsulları məqalə, tezis və monoqrafiyalar formatında oxucu auditoriyasına təqdim olunmuşdur.

2025-ci il ərzində İnstitutun elmi əməkdaşları müxtəlif dillərdə 14 kitab, 1 tədris vəsaiti, 2 broşür, elmi jurnallarda 90-a yaxın elmi məqalə, o cümlədən, onlardan 45-i xaricdə olmaqla, 25 məqalə Scopus, 1 məqalə ULAKBİM, 1 məqalə ERIH PLUS və digər elmi rəqəmsal bazalarda olan jurnallarda dərc olunmuşdur. Həmçinin, azərbaycanlı arxeoloq və antropoloqlarının əcnəbi beynəlxalq elmi jurnallarda 18 elmi məqalələri nəşr olunmuşdur.

Burada yeni yaradılan Xəzər arxeologiyası şöbəsinin işini və Azərbaycanda yenidən bərpa edilmiş sualtı arxeologiyaya aid yazılan məqalələri də qeyd etmək yerinə düşər.

Onu da qeyd edək ki, 2025-ci ildə İnstitutun ingilis dilində müasir dünya standartlarına cavab verən jurnal metadataları (Journal metadata), dərc detalları (Publication details) və identifikatorlar (Journal identifiers: ISSN, DOI və d.) ilə təmin edilmiş “Tempus Pontem: Azerbaijan Journal of Archaeology and Anthropology” jurnalı nəşrə başlayıb.

2025-ci ildə Arxeologiya və Antropologiya İnstitutunun əməkdaşları müxtəlif dillərdə 14 kitab nəşr etdirmişlər. Bu kitablardan biri –İngiltərənin “Oxbow books” nəşriyyat evi tərəfindən artıq kitab formatında nəşr edilən “Damcılı mağarası. Cənubi Qafqazda son pleystosendən holosen dövrünədək bəşəriyyətin tarixinin tədqiqi” əsərinin (“Damjili Cave: Investigating the Late Pleistocene to Holocene Human History in the Southern Caucasus”) elmi redaktorları və əsərin müqəddiməsinin həmmüəllifləri Tokio Universiteti Muzeyinin direktoru, London Arxeoloji İnstitutunun professoru Yoshihiro Nishiaki, AMEA Arxeologiya və Antropologiya İnstitutun aparıcı elmi işçiləri t.ü.f.d., dosent Azad Zeynalov və t.ü.f.d. Yaqub Məmmədov olmuşlar.

Çap edilmiş əsərlər sırasında Qafqaz Albaniyasının maddi irsinin tədqiqinin müxtəlif istiqamətlərinə həsr olunan monoqrafiyaları qeyd etmək olar.  Bunlar sırasında tarix üzrə fəlsəfə doktoru Gülanə Əliyevanın rus dilində “Qarabağda Qafqaz Albaniyasının antik abidələri” (Гюлана Алиева. Античные памятники Албании в Карабахе. Баку: Институт Археологии и Антропологии, 2025, 256 с.), tarix üzrə fəlsəfə doktorları, dosentlər Taleh Əliyevin “Şimal-qərbi Azərbaycanın ilk orta əsr müdafiə istehkamları və qalaları” (Bakı: Arxeologiya və Antropologiya İnstitutu, 2025, 248 s.) və Natiq Alışovun “Qafqaz Albaniyasının xristian dövrü arxeoloji və memarlıq irsi” (Bakı: Arxeologiya və Antropologiya İnstitutu, 2025, 390 s.) göstərmək olar.

Sosial antropologiya üzrə tarix elmləri doktoru Fəzail Vəliyevin "Azərbaycanın maddi mədəniyyətinə aid terminlərin geniş izahlı lüğəti" (Bakı: Arxeologiya və Antropologiya İnstitutu, 2025, 528 s.), həmçinin, t.ü.f.d. Anar Ələsgərovun “Azərbaycanın qədim nəqliyyat vasitələri (e.ə. IV-I minilliklər)” (Bakı: Arxeologiya və Antropologiya İnstitutu, 2025, 208 s.) monoqrafiyaları da çox maraqla qarşılanan kitablardandır.

Bioloji antropologiya üzrə t.ü.f.d., dosent Dmitri Kiriçenkonun rus dilində “Tunc-erkən dəmir dövrü süni deformasiyalı kəllələr. Azərbaycan, Cənubi Qafqaz, Yaxın Şərq” (Кириченко Д.А. Искусственно деформированные черепа эпохи бронзы – раннего железа. Азербайджан, Южный Кавказ, Ближний Восток. Баку: Институт Археологии и Антропологии, 2025, 160 с.) əsəri xüsusi qeyd olunmalıdır. Qeyd edək ki, müəllifin bu il ərzində SCOPUS bazalarındakı jurnallarda dərc olunmuş məqalələri say çoxluğu ilə seçilmişdir.

Müxtəlif dövrə və coğrafi areallara aid abidələrdə arxeoloji tədqiqatlar barədə   bu il nəşr edilmiş əsərlər çoxluq təşkil edir. Onlar sırasında t.e.d., professor Hidayət Cəfərovun “Qarabağın arxeoloji abidələrinin monitorinqi (1987-ci ilin çöl gündəliyi əsasında)” (Bakı: Arxeologiya və Antropologiya İnstitutu, 2025, 112 s.), tarix üzrə fəlsəfə doktorları Şamil Nəcəfov, Müzəffər Hüseynov, Bəxtiyar Cəlilovun “Daşbulaq orta əsr yaşayış yeri” (Bakı: Arxeologiya və Antropologiya İnstitutu, 2025, 248 s.) monoqrafiyaları qeyd edilməlidir.

İnstitutun il ərzində iki davamiyyətli məqalə toplusu da işıq üzü görmüşdür. Əsasən, arxeoloji tədqiqatlara həsr edilən “Azərbaycanda arxeoloji irsin tədqiqi, tarixi və nəzəriyyəsinin aktual məsələləri” (II buraxılış. Bakı: Arxeologiya və Antropologiya İnstitutu, 2025, 224 с.) və antropoloji tədqiqatları özündə əks etdirən “Antropoloji tədqiqatlar” (Elmi məqalələr toplusu. Buraxılış II (elmi redaktor Ə.Məmmədli). Bakı: Arxeologiya və Antropologiya İnstitutu, 2025, 176 с.) adlı dərgilərində arxeoloq və antropoloqların elmi tədqiqatları öz əksini tapmışdır.  

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023