Feb 20, 2026 | 15:45 Konfranslar, iclaslar
Fevralın 20-də AMEA-nın İctimai Elmlər Bölməsinin Elmi şurasının növbəti iclası keçirilib.
İclası AMEA-nın vitse-prezidenti v.i.e., İctimai Elmlər Bölməsinin Elmi şurasının sədri akademik Gövhər Baxşəliyeva açaraq tədbirin gündəliyini iştirakçıların diqqətinə çatdırıb.
Akademik Gövhər Baxşəliyeva bildirib ki, iclasda əvvəlcə Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun elmi katibi tarix üzrə fəlsəfə doktoru, Bəhmən Əliyevin “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tarixi nitqi: tarix və etnologiya elmlərinin qarşısında duran vəzifələr” mövzusunda məruzəsi dinləniləcək. O qeyd edib ki, 3 noyabr 2025-ci ildə AMEA-nın 80 illik yubileyi münasibətilə ölkə Prezidentinin Azərbaycan dilinin saflığının qorunması və tariximizin inkişafı ilə bağlı müəyyənləşdirdiyi prioritetlər bütün alimlər üçün əsas istiqamət olmalıdır və bu yöndə fəaliyyət daha da genişləndirilməlidir.
Daha sonra çıxış edən tarix üzrə fəlsəfə doktoru Bəhmən Əliyev bildirib ki, cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev 3 noyabr 2025-ci il tarixində AMEA-nın 80 illiyinə həsr olunmuş tədbirdə Akademiyanın alimləri, o cümlədən tarixçilər qarşısında mühüm vəzifələr qoymuş, Azərbaycan elminin mühüm strateji istiqamətlərini müəyyən etmişdir. Onun sözlərinə görə, cənab İlham Əliyevin AMEA-nın 80 illik yubileyindəki tarixi nitqi təkcə yubiley nitqi deyil, Azərbaycan elmi üçün strateji yol xəritəsi xarakteri daşıyır: “Bu çıxışda IV Sənaye inqilabının əsas çağırışlarından olan süni intellekt, texnoloji inkişaf və kibertəhlükəsizliklə bağlı Azərbaycan elmi və Akademiya qarşısında vəzifələr qoyulub. AMEA-nın 80 illik yubileyinə həsr olunmuş tarixi nitqdə keçmiş təhlil olunmaqla yanaşı, gələcəyin inkişaf istiqamətləri müəyyənləşib”.
Bəhmən Əliyev bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yubiley nitqində tarixçilərlə yanaşı, etnoloqların da qarşısında vəzifələr qoyub, ölkəmizin sərhədlərindən kənarda yaşayan soydaşlarımızın maddi və mənəvi mədəniyyətinin, Qərbi Azərbaycanın, Cənubi Azərbaycanın, Gürcüstan azərbaycanlılarının etnoqrafiyasının tədqiqinin vacibliyi vurğulanıb. Bu tarixi nitqdə tarix və etnologiya kimi elm sahələri milli təhlükəsizlik, ideoloji mübarizə və tarixi həqiqətlərin qorunması kontekstində təqdim olunub.
Məruzəçi vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyev zəngin və fundamental fəaliyyəti ilə Azərbaycana hər iki rəhbərliyi dövründə bütöv bir tarix yaradıb, Azərbaycan milli tarixinin yenidən yazılmasına aydın, düzgün və əhəmiyyətli istiqamət verib. Prezident İlham Əliyevin 2005, 2011, 2015 və 2025-ci illərdə AMEA-dakı nitqləri isə özlüyündə bu varisliyin təsdiqidir: “Müasir dövrdə Azərbaycanda tarixə dair müasir çağırışların irəli sürülməsində və həyata keçirilməsində Prezident İlham Əliyevin rolu böyükdür. Cənab İlham Əliyevin siyasi, diplomatik, hərbi fəaliyyəti, daxili və xarici siyasəti kimi, elmə, o cümlədən tarix elminə münasibəti də milli dövlətçilik ideologiyasının əsas xətlərindən biridir”.
Tarix üzrə fəlsəfə doktoru Bəhmən Əliyev qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarında Azərbaycan tarix elminin inkişafını, onun konseptual problemlərinin həllini və obyektiv araşdırılmasını dövlət siyasətinin prioritetlərindən biri kimi müəyyən edib, tarixçilərin müasir metodologiyalara əsaslanan, həqiqətə söykənən fundamental əsərlər yazılması çağırışını edib, tarixçi alimlərin fəaliyyətini yüksək qiymətləndirib.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan tarix elmi yeni mərhələyə qədəm qoyub, konseptual problemlərin həlli, xüsusilə də Qarabağ tarixi və soyqırımlar məsələlərinin araşdırılması ön plana çıxıb. Azərbaycanın zəngin keçmişinin, mədəniyyətinin və dövlətçilik tarixinin fundamental tədqiqini təşviq edib, habelə saxta tarixə qarşı mübarizəni, milli kimliyin qorunmasını və tarixi həqiqətlərin beynəlxalq aləmə çatdırılmasını vacib vəzifə olaraq qarşıya qoyub.
“Prezident İlham Əliyevin yubiley nitqi bir sıra mühüm xüsusiyyətlərə malikdir. Belə ki, əvvəlki çıxışlar Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı dövrünə təsadüf edirdisə, AMEA-nın 80 illik yubileyindəki çıxışı Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası dövründə olub. Prezident İlham Əliyev elmin klassik “neytrallıq” anlayışına yeni yanaşma gətirərək, onu milli maraqlarla uzlaşdırılmış obyektivlik prinsipi üzərində qurub. Bu nitqdə tarix elminin milli dövlətçilik funksiyası önə çıxır və belə yanaşma Azərbaycan tarix elmi qarşısında yeni mərhələ açır. Tarixçi passiv müşahidəçi deyil, aktiv elmi mövqe nümayiş etdirən subyekt kimi təqdim olunur. Bu yanaşma tarix elminin ideoloji imkanlarını önə çıxarır. Prezident tarixşünaslığın qarşısına konkret vəzifə qoyub: Tarixi faktların sistemli şəkildə toplanması, saxtalaşdırmaların ifşası, beynəlxalq elmi auditoriyada əsaslandırılmış cavabların verilməsi”, - deyə məruzəçi söyləyib.
Alim qeyd edib ki, ölkə Prezidenti 10 il əvvəl - AMEA-nın 70 illik yubileyi münasibətilə keçirilən tədbirdə söylədiyi fikirlərə istinad edərək, ötən illərdə həm ölkə, həm də dünya miqyasında baş verən köklü dəyişikliklərə diqqət çəkib. Dövlət başçısı bildirib ki, bu dövr ərzində Azərbaycan mühüm tarixi nailiyyətlər əldə edib, ərazi bütövlüyünü və suverenliyini bərpa etməklə milli dövlətçiliyini tam şəkildə möhkəmləndirib. Qazanılan qələbə və onun nəticəsində yaranan yeni reallıqlar ölkənin elmi siyasətinin də yeni mərhələyə qədəm qoymasına səbəb olub.
Məruzəçi bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan etnologiya elmi milli-mənəvi dəyərlərin qorunması, zəngin mədəni irsin öyrənilməsi və beynəlxalq arenada tanıdılması istiqamətində müəyyən inkişaf yolu keçib. Azərbaycan etnologiya elmi qloballaşma, informasiyalaşma və mədəni inteqrasiya proseslərinin gücləndiyi bir şəraitdə yeni çağırışlarla qarşılaşır. Bu vəziyyət etnologiyanın qarşısında həm nəzəri, həm də praktiki vəzifələr qoyur. Müasir Azərbaycan etnologiyası həm milli kimliyimizin qorunmasının, həm də qlobal mədəniyyətlərarası dialoqun elmi əsaslarının yaradılmasına xidmət edən strateji əhəmiyyətli bir sahə kimi inkişaf etməlidir.
“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışında milli irsin tədqiqinə xüsusi diqqət yetirilib. Azərbaycan xalqının adət-ənənələri, məişəti və mədəniyyətinin dərindən öyrənilməsi və qorunması istiqamətində fundamental əsərlər nəşr olunmalıdır. Prezidentin çıxışında mədəni irslə bağlı belə bir ideya ifadə olunur: “Biz öz mədəniyyətimizi qoruyuruq və onu mənimsəmək istəyənlərə imkan verməməliyik”. Bu sitat etnologiya elminin qarşısına aşağıdakı vəzifələr qoyur: Azərbaycan mətbəxi, musiqisi, adət-ənənələrinin elmi təsnifatının aparılması, Azərbaycanın mədəni irsinin başqa xalqlara aid kimi təqdim olunmasının elmi dəlillərlə təkzib edilməsi və s. Prezidentin rəhbərliyi ilə milli inkişaf konsepsiyasında etnologiya elmi mühüm yer tutur. Prezident İlham Əliyev tərəfindən həyata keçirilən siyasət Azərbaycan etnologiyasının milli kimliyin möhkəmləndirilməsində elmi əsas kimi çıxış etməsini təmin edir. Prezidentin çıxışında xalqın tarixi varlığına dair fikirlər bu etnologiya elm sahəsinə aiddir: “Azərbaycan xalqı bu torpaqlarda əsrlər boyu yaşamışdır və bunun danılmaz sübutları var”. Bu fikir etnologiya elminin əsas tədqiqat predmetini müəyyən edir: xalqın autoxtonluğu (yerli etnos olması), maddi və mənəvi mədəniyyətin davamlılığı. Etnologiya elmi ailə modeli, mərasimlər, inanclar, xalq sənətkarlığı vasitəsilə Azərbaycan xalqının tarixi köklərini elmi şəkildə sübut etməlidir”, - deyə məruzədə qeyd olunub.
B.Əliyev vurğulayıb ki, Prezident çıxışında elmin beynəlxalq roluna da toxunmuşdur: “Azərbaycan elmi dünya elminin bir hissəsi olmalıdır”. Azərbaycan tamamilə yeni vəziyyətdə yaşayır və öz addımlarını dəyişən dünyada gedən proseslərə həm uyğunlaşdırmağı, bir çox təşəbbüslər irəli sürməyi, inkişaf trendlərindən bir addım belə geridə qalmamağı vacib sayır.
Milli strateji düşüncənin gücləndirilməsinə, ana dilimizin zənginləşməsinə AMEA-nın verdiyi töhfələr əvəzedilməzdir. Bu fikir tarix və etnologiya elmlərinin təkcə daxili auditoriyaya deyil, beynəlxalq akademik mühitə yönəlməsini tələb edir. Bu baxımdan xarici dillərdə monoqrafiyalar, beynəlxalq konfranslar, nüfuzlu jurnallarda məqalələr prioritet istiqamətlər kimi ortaya çıxır: “Yekun olaraq qeyd edək ki, Prezident İlham Əliyevin AMEA-nın 80 illiyi münasibətilə nitqində Azərbaycan tarix elmini milli yaddaşın elmi qoruyucusu, Azərbaycan etnologiyasını isə xalqın mədəni-tarixi varlığının sübut bazası kimi müəyyənləşdirib. Bu çıxışdan irəli gələn əsas nəticə budur ki, müasir Azərbaycan alimi təkcə tədqiqatçı deyil, həm də elmi mövqeyi olan milli intellektualdır”.
Məruzə dinlənildikdən sonra mövzu ətrafında müzakirələr aparılıb.
İclasda, o cümlədən bir sıra elmi-təşkilati və kadr məsələləri də müzakirə olunub. Ölkə başçısının Xaqani Şirvaninin 900 illiyinin qeyd olunması haqqında Sərəncamına dair Tədbirlər planının icra vəziyyəti haqqında söz açılıb.
Sonra 2026-cı ilə AMEA-nın İctimai Elmlər Bölməsinin elmi-tədqiqat müəssisələrinin keçirilməsi nəzərdə tutulan beynəlxalq və respublika səviyyəli elmi-təşkilati tədbirlərin, həmçinin institutlarda aparılacaq elmi-tədqiqat işlərinin planının təsdiq edilməsi haqqında müzakirələr olub. AMEA-nın Rəyasət Heyəti qarşısında vəsatət qaldırılıb.
Daha sonra Tarix və Etnologiya İnstitutunun aparıcı elmi işçisi tarix üzrə fəlsəfə doktoru Lamiyə Qafar-zadənin Polşa Respublikasına ezam edilməsi məsələsi müzakirə edilib. Həmçinin institutun elmlər doktoru və fəlsəfə doktoru proqramı üzrə 3 nəfər dissertantın dissertasiya mövzularında dəyişiklik edilməsi məsələsi də müzakirə olunub.
İclasda tarix elmləri doktoru Nərgiz Quliyevanın Tarix və Etnologiya İnstitutunun Müasir dövr etnologiyası şöbəsinin, tarix elmləri doktoru Solmaz Məhərrəmovanın Tətbiqi etnoqrafiya və kulinariya mədəniyyəti tarixi şöbəsinin müdiri vəzifəsinə seçilmələri məsələsi müzakirə olunub, AMEA-nın Rəyasət Heyəti qarşısında vəsatət qaldırılıb.
Həmçinin iclasda AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun dissertantı Firudin Hətəmovun elmi rəhbərinin dəyişdirilməsi məsələsinə baxılıb. Eləcə də filologiya üzrə fəlsəfə doktoru, dosent İnci Qasımlının Şərqşünaslıq İnstitutunun Rəqəmsal şərqşünaslıq və süni intellekt şöbəsinin müdiri, filologiya elmləri doktoru, dosent Lalə Bayramovanın Ərəb filologiyası şöbəsinin baş elmi işçisi, filologiya elmləri doktoru, dosent Aygün Əlizadənin Yazılı abidələrin tədqiqi və nəşri şöbəsinin baş elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Lalə Əliyevanın Rəqəmsal şərqşünaslıq və süni intellekt şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Zülfiyyə Vəliyeva-Önlenin Türkiyə tarixi və iqtisadiyyatı şöbəsinin aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru Ceyhun Ağayevin Şərq-Qərb şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Sevinc Nuriyevanın Asiya-Sakit okean regionu ölkələri şöbəsinin aparıcı elmi işçisi və tarix üzrə fəlsəfə doktoru Asim Cənnətovun Cənubi Azərbaycan şöbəsinin böyük elmi işçisi vəzifələrinə keçirilməsi məsələləri müzakirə edilib.
İclasda, həmçinin sosiologiya elmləri doktoru, dosent Səadət Məmmədovanın AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun Rəqəmsal sosiologiya və sosioloji tədqiqatlar şöbəsinin müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru Samirə Dadaşovanın həmin institutun Etika şöbəsinin aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru Zaur Rəşidovun Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir fəlsəfəsi şöbəsinin aparıcı elmi işçisi vəzifəsinə təsdiq edilməsi məsələlərinə baxılıb.
Həmçinin AMEA-nın müxbir üzvü Qorxmaz İmanovun 85 illik yubileyi haqqında qərar qəbul edilib.


