AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Arxeologiya və Antropologiya İnstitutunda Elm Günü və Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilib
Mar 05, 2026 | 10:34 Konfranslar, iclaslar

AMEA Qadınlar Şurasının Arxeologiya və Antropologiya İnstitutu Təşkilatının 27 mart -  Elm Günü və 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş “Arxeoloq qadınlar: qəhrəmanlıq nümunəsi” mövzusunda tədbiri keçirilib.

Tədbiri giriş sözü ilə açan AMEA Arxeologiya və Antropologiya İnstitutunun direktoru, tarix üzrə fəlsəfə doktoru, dosent Fərhad Quliyev qarşıdan gələn 7 mart – Elm Günü və 8 Mart – Beynəlxalq Qadınlar günü münasibətilə institutun xanım əməkdaşlarını təbrik etdi. F.Quliyev Azərbaycan cəmiyyətində qadınların mühüm rolundan söz açıb, bu kontekstdə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın milli maraqlara və ümumbəşəri dəyərlərə əsaslanan möhtəşəm fəaliyyətini nümunə kimi misal gətirib. Məruzəçi qeyd edib ki, elmi-tədqiqat  müəssisəsində işgüzar və qarşılıqlı hörmət mühitinin yaradılmasında xanım əməkdaşların rolu həlledicidir. “İnstitutumuzun xanım əməkdaşları elmi tədqiqatlarda, arxeoloji qazıntılarda, respublika və beynəlxalq elmi konfranslarda həmişə ön sıralardadırlar” - deyə F.Quliyev qeyd edib.

Sonra institutun böyük elmi işçisi, Həmkarlar Komitəsinin sədri Faiq Babayev elmi-tədqiqat müəssisəsinin xanım əməkdaşlarını təbrik edərək, onlara Həmkarlar İttifaqı Komitəsi tərəfindən bayram həddiyələri edildiyini bildirib.

AMEA Qadınlar Şurasının Arxeologiya və Antropologiya İnstitutu Təşkilatının sədri t.e.d., dosent Vəfa Mahmudova “Tarix və müasirlik konteksində Qəhrəman Qadınlar ” mövzusunda çıxış edib. Öz çıxışında Vəfa Mahmudova Azərbaycan xalqının tarixi boyunca bu günə qədər qadınların göstərdiyi qəhrəmanlıq nümunələrindən söz açıb. Çağdaş dövrümüzdə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın timsalında xanımlarımızın ictimai həyatda fəal vətəndaş mövqeyi sərgilədiklərini qeyd etdi. “Azərbaycan elminin, xüsusilə arxeologiya və antropologiya elminin formalaşmasında və inkişafında ziyalı qadınlarımızın rolu müstəsnadır” – deyə vurğulayan V.Mahmudova, həyatını elmə fəda etmiş tanınmış mərhum arxeoloq və antropoloq xanımları misal gətirdi. 

AMEA-nın Qadınlar Şurasının sədr müavini biologiya elmləri doktoru, dosent Tubuxanım Qasımzadə çıxış edərək arxeologiya elminin müasir dövrdə Azərbaycan xalqının keçmişinin tədqiqində strateji baxımdan kəsb etdiyi əhəmiyyətindən danışdı. O, qeyd etdi ki, hal-hazırda AMEA əməkdaşlarının 84 faizi xaınmlardır. T.Qasımzadənin təklifi ilə tədbir iştirakçıları bir dəqiqəlik sükutla İkinci Qarabağ müharibəsinin qadın şəhidi Arəstə Baxışovanın xatirəsini yad edərək, bütün şəhidlərimizə rəhmət dilədilər.

AMEA Arxeologiya və Antropologiya İnstitutunun Elmi katibi t.ü.f.d., dosent Ellada Bəkirova “İnstitutun elmi potensialında qadınların yeri və rolu” mövzusunda çıxış etdi. E.Bəkirovanın bildirdiyinə görə, institutun statistik mənzərəsi qadınların elmi və təşkilati potensialımızın əsas sütunlarından biri olduğunu açıq şəkildə göstərir. “Belə ki, institutun 148 elmi işçisindən 77-si, 30–39 yaş aralığında isə 29 əməkdaşdan 21-i qadınlardır. Bu dinamika göstərir ki, qadınlar yalnız mövcud elmi mühitdə fəal deyil, həm də gələcək elmi kadr potensialının əsas daşıyıcılarından birinə çevrilirlər” – deyə E.Bəkirova vurğuladı. Azərbaycan Respublikasının elmi-tədqiqat institutları arasında impakt-faktorlu beynəlxalq elmi jurnallarda dərc edilmiş məqalələrin sayına görə, institut ilk yerdə təmsil olunmuşdur. “Buna rəğmən xaricdə dərc olunmuş 45 məqalədən 12-sinin müəllifi qadınlardır. 31 impakt faktorlu nəşrin müəlliflərindən 5-i qadın alimlərdirlər” – deyə E.Bəkirova bildirdi.

İnstitutun aparıcı elmi işçisi t.ü.f.d., dosent Tükəzban Alıyeva “Gədəbəydə arxeoloji tədqiqatlar” mövzusunda elmi məruzə ilə çıxış etdi. T.Alıyeva məruzəsində Gədəbəy ərazisində aparılmış arxeoloji tədqiqatların tarixindən, bölgədəki çoxsaylı abidələrdən (qalalar, qalaçalar, torpaq, daş qutu və kurqan tipli qəbirlərdən ibarət nekropollardan) söz açdı. Həmçinin, öz rəhbərliyi ilə Leşkər Son Tunc dövrü qalaçasının arxeoloji tədqiqatları zamanı aşkar edilmiş nəfis maddi mədəniyyət nümunələrindən danışdı.

“Ömrün ötən səhifələri” mövzusunda çıxış edən t.ü.f.d., dosent Dürdanə Yusifova həyatını arxeologiya elminə həsr etmiş Azərbaycanın ilk xanım arxeoloqlarından biri olan, tarix üzrə fəlsəfə doktoru mərhum Firuzə Muradovanın həyat və yaradıcılıq yolundan danışdı.

Arxeologiya və Antropologiya İnstitutunun şöbə müdiri t.ü.f.d., dosent Bəxtiyar Cəlilov çıxış edərək institut rəhbərliyi və Qadınlar Şurası Təşkilatı tərəfindən tədbirin yüksək səviyyədə təşkil edildiyini bildirdi və institutun xanım əməkdaşlarını  təbrik etdi.

Coğrafiya İnstitutunun şöbə müdiri, c.ü.f.d., institutun Qadınlar Şurasının sədri Solmaz Rzayeva da çıxış edərək AMEA Arxeologiya və Antropologiya İnstitutunun Qadınlar Şurası Təşkilatının fəaliyyətinin təqdirəlayiq olduğunu qeyd etdi.

İnstitutun elmi işçisi arxeoloq Gülpəri Əhmədova çıxışında Azərbaycan mentaliteti çərçivəsində qadının arxeologiyada rolunu ənənə ilə müasirliyin sintezi kimi dəyərləndirdi. Bu model milli kimliyin qorunması ilə elmi inkişafın vəhdətini təcəssüm etdirir.

Sonda arxeoloq və antropoloq xanımların elmi tədqiqatlarına həsr edilmiş videoçarx nümayiş etdirildi.

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023