AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Arxeologiya və Antropologiya İnstitutunun könüllüləri mükafatlandırılıb
Mar 18, 2026 | 09:45 Konfranslar, iclaslar

Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutunda könüllülük proqramı iştirakçılarının mükafatlandırma mərasimi keçirilib.

Tədbiri açan institutun direktoru, t.ü.f.d., dosent Fərhad Quliyev iştirakçıları salamlayıb və proqramın əhəmiyyətindən danışıb. O vurğulayıb ki, həyata keçirilən könüllülük proqramı gənclərin Azərbaycan tarixinə və elmə marağının artırılmasına, elmi biliklərinin zənginləşdirilməsinə və peşə yönümü seçiminə xidmət edir. O, həmçinin proqramın gənclərin sosiallaşmasına, kollektiv fəaliyyət bacarıqlarının inkişafına mühüm töhfə verdiyini diqqətə çatdırıb.

Mərasimin sonunda proqramın “qış fəsli” üzrə iştirakçıları olan  Bakı Dövlət Universiteti, Xəzər Universiteti, Azərbaycan Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Rəssamlıq Akademiyası, Azərbaycan Turizm və Menecment Universiteti, Azərbaycan Kooperasiya Universiteti, Azərbaycan Dövlət Pedaqoji kollecini təmsil edən gənclərə sertifikat, təşəkkürnamə və diplom təqdim edilib.

Azərbaycan Universitetinin II kurs magistr tələbəsi Fidan Vahidova çıxış edərək proqramın könüllülərə qazandırdığı bilik və təcrübənin əhəmiyyətindən danışıb, təşkilatçılara və dəstək göstərən qurumlara minnətdarlığını bildirib.

Bu kimi təşəbbüslər gənclərin elmi fəaliyyətə marağının artırılması, onların gələcək peşəkar istiqamətlərinin müəyyənləşdirilməsi və milli-mədəni irsin təbliği baxımından mühüm əhəmiyyət kəsb edir.

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023