AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Arxeologiya və Antropologiya İnstitutunda 31 Mart soyqırımı qurbanlarının xatirəsi anılıb
Mar 31, 2026 | 15:12 Konfranslar, iclaslar

Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Antropologiya İnstitutunda 31 Mart Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş tədbir keçirildi.

İnstitutun direktoru tarix üzrə fəlsəfə doktoru, dosent Fərhad Quliyev tədbiri açaraq bildirdi ki, 1918-ci ildə erməni daşnak qüvvələri tərəfindən törədilmiş 31 Mart soyqırımı Azərbaycan xalqının tarixinə qanla yazılmış böyük bir faciələrdən biridir. Bu tarixi faciə respublikamızın hər bir guşəsində qeyd edilir. “Aidiyyatı dövlət orqanlarının və Azərbaycan diasporlarının xarici ölkələrdə 31 Mart soyqırımı qurbanlarının xatirəsinin anılması — tarixi yaddaşımızın qorunması, gənc nəslimizin mənəvi tərbiyəsi, Azərbaycan həqiqətlərinin tanıdılması və milli özünüdərk ideologiyasının formalaşması üçün mühüm əhəmiyyət kəsb etməkdədir. Bu isə, Ulu Öndərin Azərbaycan xalqı və dövlətçiliyi üçün gördüyü böyük işlərdən biri idi. Belə ki, Heydər Əliyevin 1998-ci il 26 mart tarixli Sərəncamı ilə 31 Mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur” – deyə Fərhad Quliyev bildirdi.

Sonra tədbir iştirakçıları soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.

Fərhad Quliyev qeyd etdi ki, Qubada aşkar edilmiş soyqırım qurbanlarının kütləvi məzarlığının tədqiqində AMEA Arxeologiya və Antropologiya İnstitutun rolu böyük olmuşdur. Daha sonra söz, 2007-ci ildə Qubada aşkarlanan kütləvi məzarlıqda tədqiqatlar aparmış arxeoloji ekspedisiyanın rəhbəri tarix üzrə fəlsəfə doktoru, dosent Qəhrəman Ağayevə verildi.

Qəhrəman Ağayev öz çıxışında 1 il 4 ay 18 gün davam etmiş tədqiqatlar barədə geniş məlumat verdi. “Bu tədqiqatların bəzi xarici siyasi və elmi çevrələrdə qısqanclıqlaqərəzkarlıqla və aqressivliklə qarşılanması gözlənilən idi. Amma bu cür qərəzli münasibətə əhəmiyyət verməyərək, biz xalqımızın faciəli tarixi dövrünə həqiqət işığı salacaq tədqiqatları davam etdirirdik” – deyə Q.Ağayev vurğuladı.

Daha sonra tədbir iştirakçıları qarşıdakı illərdə Quba Soyqırım Memorial Kompleksi ərazisində Arxeologiya və Antropologiya İnstitutun apardığı tədqiqatların nəticələrinə həsr edilmiş böyük həcmli elmi əsərin  ərsəyə gətirilməsi barədə fikir mübadiləsi apardılar.

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023