AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Şərqşünaslıq İnstitutunda qazaxıstanlı alimlərlə görüş keçirilib
Jun 19, 2023 | 17:30 Görüşlər

İyunun 19-da qazaxıstanlı alimlər, Qazax Milli Qızlar Pedaqoji Universitetinin müəllimləri Nurgül Kaliyeva və Aliyə Zadaxanova AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunda sözügedən müəssisənin türkoloq alimləri ilə görüşüblər.

Şərqşünaslıq İnstitutunun Türk filologiyası şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Səriyyə Gündoğdu qazaxıstanlı alimləri görüş iştirakçılarına təqdim edib və institutun elmi istiqamətləri, özünün rəhbərlik etdiyi Türk filologiyası şöbəsinin fəaliyyəti barədə məlumat verib.

Nurgül Kaliyeva Qazax Milli Qızlar Pedaqoji Universitetindəki fəaliyyətləri, üzərində çalışdıqları “Kamil insan və dünya anlayışı” layihəsi barədə danışıb. N.Kaliyeva Azərbaycana da bu sahədə mövcud ədəbiyyatla tanış olmaq məqsədilə gəldiklərini bildirib.

Görüşdə iştirak edən Şərqşünaslıq İnstitutunun Türkiyə və Mərkəzi Asiya ölkələri ilə bağlı tədqiqatlar aparan alimləri öz elmi yaradıcılıqları barədə qazaxıstanlı qonaqlara məlumat veriblər.

Sonda N.Kaliyeva və A.Zadaxanova görüş iştirakçılarının suallarını cavablandırıblar.

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023