AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Şərqşünas alim İstanbul kitabxanalarında Azərbaycan əsilli alimlərin üç mindən çox əlyazmasını müəyyən edib
Sep 07, 2023 | 14:35 Mühüm hadisələr

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Din və ictimai fikir şöbəsinin müdiri, institutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Mustafayev Türkiyə Cümhuriyyətində elmi ezamiyyətdədir.

Şərqşünas alim elmi ezamiyyətdə olduğu müddətdə əlyazma kitablar və arxiv sənədlər əsasında orta əsrlər Azərbaycan tarixi sahəsində tədqiqatlar aparır. E.Mustafayev bu məqsədlə İstanbul şəhərində yerləşən bir çox kitabxanalarda olub, ələlxüsus qədim və nadir əlyazmaların qorunduğu Süleymaniyyə, Bəyazid və sairə fondlarda araşdırmalar aparıb.

E.Mustafayev tədqiqat zamanı Türkiyə kitabxanalarında mühafizə edilən əlyazmalar arasında Azərbaycan əsilli alimlərin müxtəlif elm sahələrinə dair yazdıqları üç mindən çox qədim və nadir əsər müəyyən edib.

Bundan əlavə, E.Mustafayev Osmanlı arxivlərində qorunan, ələlxüsus Azərbaycan xanlıqlar dövrünü əhatə edən bir sıra rəsmi sənədləri təsbit edib və onlarla yaxından tanış olub.

Şərqşünaslıq İnstitutunun əməkdaşı ezamiyyət çərçivəsində, həmçinin Türkiyə epiqrafikası və yazılı abidələri sahəsində də tədqiqatlar aparır.

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023