AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Tarix İnstitutunda “Azərbaycan və dünya tarixi” mövzusunda konfrans keçirilib
Apr 13, 2023 | 17:33 Konfranslar, iclaslar

AMEA-nın Tarix İnstitutunda “Azərbaycan və dünya tarixi” mövzusunda respublika elmi konfransı keçirilib.

Konfransı giriş sözü ilə açan institutun baş direktoru, tarix elmləri doktoru, professor Kərim Şükürov tədbirin mahiyyətindən danışıb.

Sonra tarix elmləri doktoru, professor İradə Bağırova “Azərbaycan və dünya tarixi” mövzusunda məruzə ilə çıxış edib. İradə Bağırova bildirib ki, 1970-ci illərin sonlarında humanitar və informatika elmlərinin kəsişməsində informasiya texnologiyalarının inkişafı ilə əlaqədar olaraq yeni fənlərarası istiqamət tarixi informatika (və onun tətbiqi sahəsi – Rəqəmsal tarix) və ya “seriyalı tarix” yarandı. Rəqəmsal tarix mənbəşünaslıq və arxeoqrafiyadan tutmuş informasiya sistemlərinin alqoritmləşdirilməsinə və memarlığına qədər geniş fənlərarası əməkdaşlığa təsir göstərir.

Alim qeyd edib ki, tarix elmində əsl çevriliş etmiş cərəyanlardan biri də XX əsrin sonunda meydana çıxan post-modernizm olub. Bu istiqamətin tədqiqatçıları tarixi reallığı inkar edir, tarixi mənbələrin müxtəlif oxunuşlarının və şərhlərinin  mümkünlüyünü qəbul edirlər, bu səbəbdən tarixçilər tərəfindən yaradılmış mətnləri müxtəlif diskursiv strategiyaların subyektiv variantı hesab edirlər. Yəni obyektiv tarix yoxdur və mümkün deyil.

Müasir Azərbaycanda tarixi  tədqiqatlar dinamik inkişaf və yüksəliş dövrünü yaşayır. Lakin çox vaxt bu artım sırf kəmiyyət xarakterlidir ki, bu da son nəticənin keyfiyyətinə mənfi təsir göstərir. Tarixçilərimizin böyük əksəriyyəti hələ də pozitivist ruhda, yəni faktoloji, təsviri (narrativ) tarixi əsərlər yazmağa üstünlük verirlər və bunu “obyektiv” tarix adlandırırlar. Dünya tarix elminin müasir cərəyanları Azərbaycan tarixşünaslığına hələki o qədər də təsir göstərmir, bu təsir daha çox politologiyada və fəlsəfə elmində özünü biruzə verir. Tarixçilər də bu elmlərin terminologiyasından və təhlil metodlarından geniş istifadə etsələr, daha uğurlu nəticələr alına bilər və ölkədən xaricə çıxmaq imkanı genişlənə bilər.

Tədbirin sonunda tarixçi alimlər çıxış edərək mövzu ilə bağlı fikirlərini bölüşüblər.

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023