AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Akademik Yaqub Mahmudov: “Qədim Azərbaycan türk etnosları saxtalaşdırılaraq erməni etnosu kimi təqdim olunub”
May 05, 2023 | 11:00 Mühüm hadisələr

Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsinin Qədim dünya və orta əsrlər tarixi kafedrasının təşəbbüsü ilə “Azərbaycan Albaniya dövləti: tarix və tarixşünaslığa yeni baxış” mövzusunda elmi seminar keçirilib.

Tarix fakültəsinin Qədim dünya və orta əsrlər tarixi kafedrasının müdiri, AMEA-nın həqiqi üzvü Yaqub Mahmudov tarixi keçmişimizin hər bir səhifəsinin öyrənilməsinin zəruriliyini və tarixçilərin öhdəsinə böyük məsuliyyət düşdüyünü xatırladıb. Bildirib ki, sovet hakimiyyəti illərində Azərbaycanın qədim dövr tarixi xüsusi məqsədlə saxtalaşdırılıb. Həmin dövrün tədqiqatçıları yanlış olaraq yalnız Azərbaycan SSR ərazisini tarixi Albaniya ərazisi kimi təqdim ediblər. Bəzi hallarda isə Azərbaycan SSR-in Kür çayından şimaldakı ərazisi tarixi Albaniya ərazisi kimi verilib. Şimali Azərbaycan ərazisində ermənilər üçün dövlət 1918-ci ildə yaradıldığı halda Qərbi Azərbaycan torpaqları qədim Ermənistan torpaqları kimi göstərilib. Tarixi Albaniyanın ərazisi qədim İberiyadan şərqə doğru torpaqları əhatə etdiyi halda, bu istiqamətdə də Azərbaycanın tarixi torpaqları qonşu ölkənin ərazisi kimi təqdim olunub.

Yaqub Mahmudov Azərbaycan Albaniyasının əhalisi barədə də ciddi təhriflərə yol verildiyini qeyd edib. Bildirib ki, Albaniya tarixi haqqında sovet dövründə nəşr olunmuş tədqiqatlarda bu Azərbaycan dövlətinin qədim əhalisinin ancaq iber-qafqaz etnoslarından ibarət olduğu göstərilib. Albaniyada yaşayan qədim türk etnoslarının tarixi, o cümlədən xristianlığı qəbul etmiş qıpçaq türk etnosları xüsusi məqsədlə “unudulub”. Qədim Azərbaycan türk etnosları saxtalaşdırılaraq erməni etnosu kimi təqdim olunub.

Azərbaycan Milli Elmlər Akademiyasının A.A.Bakıxanov adına Tarix İnstitutunun əməkdaşları, tarix üzrə fəlsəfə doktoru və dosentlər Allahverdi Əlimirzəyev ““Albaniya” termininə elmi münasibət”, Ellada Bəkirova “Azərbaycan Albaniya dövlətinin qərb torpaqları” və tədqiqatçı Aysel Kərimova “Azərbaycan Albaniya dövlətinin cənub-şərq sərhədləri” mövzularında məruzə ediblər.

Daha sonra mövzu ilə bağlı müzakirələr aparılıb.

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023