AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Şərqşünas alim İstanbulda keçirilən konfransda məruzə ilə çıxış edib
May 08, 2023 | 12:00 Konfranslar, iclaslar

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Din və ictimai fikir şöbəsinin müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Mustafayev Sultan Mehmet Vakıf Universitetinin təşkilatçılığı ilə İstanbul şəhərində keçirilən “Ərəb dili və ədəbiyyatı araşdırmaları” II beynəlxalq elmi konfransında onlayn iştirak edib.

Şərqşünas alim konfransda “Azərbaycan epiqrafik abidələrində ərəbcə yazı örnəkləri” adlı məruzə ilə çıxış edib.

E.Mustafayev VII əsrdə İslam dininin zühuru ilə ərəb dilinin mövqeyinin güclənməsi, bu dilin yeni dini qəbul etmiş xalqların dillərinin və yazılarının formalaşmasındakı təbii rolundan bəhs etdikdən sonra, epiqrafik abidələrin müxtəlif müstəvilərdə əhəmiyyəti və vətən tarixinin öyrənilməsindəki yeri haqqında ətraflı məlumatları konfrans iştirakçılarının diqqətinə çatdırıb.

Məruzəçi qeyd edib ki, Azərbaycan epiqrafik abidələr baxımından çox zəngin bir coğrafiyadır. Müxtəlif dövrlərə aid on minlərlə kitabə dövrümüzə gəlib çatmışdır. Ərəbcə yazılar Azərbaycan kitabələrində əhəmiyyətli yerə malikdir. Ümumiyyətlə, kitabələrin üzərinə ərəbcə həkk olunmuş yazılar Qurani-Kərim ayələrini, hədisləri, şeir və hikmətamiz kəlamları, eyni zamanda aid olduğu dövrün şəxsiyyətləri və mühüm hadisələri haqqında informativ məlumatları əhatə edir.

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023