AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Akademik İsa Həbibbəyli “Fəlsəfə” fənni üzrə qəbul imtahanının gedişatı ilə tanış olub
Sep 08, 2023 | 17:20 Mühüm hadisələr

Sentyabrın 8-də Azərbaycan Milli Elmlər Akademiyası prezidentinin “AMEA-da doktoranturaya qəbul imtahanlarının keçirilməsi haqqında” 25 iyul 2023-cü il tarixli sərəncamına əsasən “Fəlsəfə” fənni üzrə qəbul imtahanı keçirilib.

İmtahanda Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi tərəfindən 11 iyun 2023-cü il tarixində keçirilmiş xarici dil üzrə qəbul imtahanından müvəffəqiyyət əldə etmiş, iki nəfər kənar təşkilatdan olmaqla, 51 nəfər iddiaçı iştirak edib. AMEA-nın Mərkəzi Elmi Kitabxanasında keçirilən imtahanda iştirakçıların hər birinə 50 test tapşırığı təqdim edilib.

AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli imtahan prosesi ilə tanış olub.

İddiaçılar qarşısında çıxış edən akademik İsa Həbibbəyli ölkəmizdə elmə və elm xadimlərinə daim böyük diqqətin göstərildiyini, dövlət başçısının 13 yanvar 2023-cü il tarixli Sərəncamı ilə doktorantların və magistrantların təqaüdlərinin artırıldığını söyləyib. Qeyd edib ki, son illərdə həyata keçirilən məqsədyönlü addımlar sayəsində gənclərin elmə marağı artıb və  bu il xarici dil imtahanından keçən iddiaçıların sayının ötən illərlə müqayisədə yüksək olması bunun bariz göstəricisidir: “Bu, o deməkdir ki, gənclər özlərini elmdə görmək istəyirlər. AMEA-nın magistraturasını bitirənlərin 70 faizi bu gün öz fəaliyyətlərini Akademiyada davam etdirirlər”.

Akademik İsa Həbibbəyli bu gün Qarabağda ölkə başçısının rəhbərliyi altında “Böyük Qayıdış” prosesinin həyata keçirildiyini, böyük quruculuq işlərinin görüldüyünü söyləyib, intellektual gəncliyin xalqımızın gələcəyi olduğunu bildirib və onlara öz tövsiyələrini verib.

Həmçinin AMEA-nın vitse-prezidenti v.i.e., akademik Gövhər Baxşəliyeva və professor İlham Məmmədzadə çıxış edərək elmin, təhsilin xalqımızın, dövlətimizin gələcəyindəki roluna toxunub, gənclərə tövsiyələrini verərək uğurlar arzulayıblar.

İmtahan prosesini AMEA-nın Rəyasət Heyəti aparatının Elm və təhsil şöbəsinin müdiri, dosent Hüseyn Hüseynov, İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Ağahüseyn Şükürov və Mərkəzi Elmi Kitabxananın baş direktoru, professor Məmməd Əliyev də izləyiblər.

Qeyd edək ki, “Fəlsəfə” fənni üzrə imtahandan müvəffəqiyyətlə keçən iddiaçılar növbəti mərhələyə buraxılacaqlar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023