AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Lambert akademik nəşriyyatında azərbaycanlı filosof alimin monoqrafiyası işıq üzü görüb
Sep 06, 2023 | 17:32 Yeni nəşrlər

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun Multikulturalizm və tolerantlıq fəlsəfəsi şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru Xatirə Quliyevanın “Lütfi Zadənin dövrü, dünyagörüşü və fəlsəfi baxışları” monoqrafiyası bu günlərdə Lambert  beynəlxalq nəşriyyatında çap olunub.

Sözügedən monoqrafiya Lütfi Zadənin dövrü, dünyagörüşü və fəlsəfi baxışları haqqında ilk əsərdir. Müəllif 4 fəsil və 17 yarımfəsildən ibarət olan “Lütfi Zadənin dövrü, dünyagörüşü, fəlsəfi baxışları” monoqrafiyada dahi alimin 97 ilə qədər geniş dövrünü, keşməkeşli həyatını, rasional və qeyri-səlist məntiqlə sintezdə formalaşmış özünəməxsus və zəngin dünyagörüşünü, multikultural, tolerant və eyni zamanda identik fəlsəfi baxışlarını ən yeni mənbələr və elmi yanaşmalar kontekstində tədqiq edib.

Monoqrafiyanın rəyçiləri Kiyev Əqli Mülkiyyət və Hüquq Universitetinin Fəlsəfə kafedrasının müdiri, fəlsəfə elmləri doktoru, professor Olqa Kyvlyuk, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun Heydər Əliyevin siyasi irsi və azərbaycançılıq fəlsəfəsi  şöbəsinin baş elmi işçisi, fəlsəfə elmləri doktoru Ziba Ağayeva, KKTC Suprus Elm Universitetinin professoru, ECLSS org. konfrans təşkilatının prezidenti Həsən Karacandır.

Fəlsəfə elmləri doktoru Xatirə Quliyevanın bu tədqiqat əsəri çap olunana kimi hissə-hissə AMEA-nın saytında (https://science.gov.az), həmçinin ABŞ, Çin, Türkiyə Pakistan, İndoneziya, Polşa kimi ölkələrin nüfuzlu elmi nəşrlərdə yayımlanıb, alim bu mövzuda Macarstanda və Şimali Kipr Türk Cümhuriyyətində keçirilmiş beynəlxalq konfranslarda geniş məruzələrlə çıxış edib.   

Xatirə Quliyevanın sayca 8-ci monoqrafiyası olan “The Era, Worldview and Philosophical Views of Lotfi A. Zadeh” əsəri Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023