AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun monitorinq qrupu Cəlilabadda aparılan qazıntı işləri ilə tanış olub
Sep 06, 2023 | 11:14 Maraqlı məlumatlar

AMEA Rəyasət Heyətinin 12 iyul 2023-cü il tarixli qərarı ilə Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun Çöl tədqiqatları sektorunun bazasında Çöl tədqiqatlarının monitorinqi və qiymətləndirilməsi şöbəsi yaradılıb. İnstitut rəhbərliyinin müvafiq əmri əsasında ölkə ərazisində aparılan çöl tədqiqatlarının gedişi ilə yerində tanış olmaq və arxeoloji araşdırmaların səmərəliliyini artırmaq məqsədilə monitorinq komissiyası təşkil edilib. Şöbə müdirləri H.Cəfərov, T.Əliyev, F.Hüseynov və fotoqraf E.Həsənovdan ibarət komissiya üzvləri 2 sentyabr 2023-cü il tarixdə Cəlilabad rayonuna səfər etmiş, burada çalışan ekspedisiyaların fəaliyyəti ilə bağlı monitorinq işləri həyata keçirmişlər.

Monitorinq qrupu əvvəlcə Cəlilabad rayonunun Cəfərxanlı kəndi ərazisində yerləşən Paşatəpə abidəsində olub. Burada 2022-ci ildən institutun aparıcı elmi işçisi Vəfa Mahmudovanın rəhbərliyi ilə arxeoloji qazıntı işləri aparılır. Abidə ötən əsrin 60-cı illərində İdeal Nərimanov və Fərman Mahmudov tərəfindən Eneolit dövrü yaşayış yeri kimi qeydiyyata alınıb. Onun ümumi sahəsi 0,7 ha, ətraf sahədən hündürlüyü 6,2 m-dir. Qazıntı sahəsinin ümumi həcmi 162 kv.m-dir. Onun 46 kv.m ötən il tədqiq olunub. Bəzi yerlərdə 2,4 metrə yaxın mədəni təbəqə açılıb. Cari ildə əldə olunan tapıntıların çoxunu keramika nümunələri təşkil edir (2341 ədəd). Obsidian və çaxmaq daşından 200-ə yaxın alət və qəlpə aşkar olunub. 14 ədəd sümk alətə, 69 ədəd sapand daşına rast gəlinib. Tapıntılar arasında daşdan yaxşı işlənmiş bir əsa başı, 4 ədəd muncuq və asma bəzək də var.

Paşatəpə qazıntıları zamanı Son Neolit-eneolit dövrünün dəfn adətlərini öyrənməyə imkan verən 4 qəbir açılıb. Onlar şimal-cənub və şərq-qərb istiqamətindədir. Keramika istehsalı sobasının qalıqları da Paşatəpənin maraqlı tapıntıları sırasındadır.

Paşatəpədə aparılan araşdırmalar Azərbaycan ərazisində erkən əkinçilik mədəniyyətinin, eləcə də sənətkarlığın erkən formalarının öyrənilməsində mühüm əhəmiyyət kəsb edir. Lakin nəzərə alınmalıdır ki, bu abidədə görülən işlər yalnız ilkin mərhələdir və yuxarıda qeyd olunan qazıntı sahəsində mədəni təbəqələrin açılması abidə haqqında daha geniş təsəvvürün yaranmasına imkan verəcəkdir. Monitorinq qrupu arxeoloji tədqiqatların səmərəli aparılması üçün metodiki göstərişlər və tövsiyələrini veriblər.

Monitorinq qrupu Cəlilabad rayonunun Çəmənli (Xanəgah) kəndi ərazisində yerləşən Xudutəpə abidəsində də olub. Burada arxeoloji qazıntılara institutun aparıcı elmi işçisi Anar Ağalarzadə rəhbərlik edir. Ekspedisiya müddəti 20 gündür. Xudutəpədə qazıntılar 2021-ci ildə başlanıb. Lakin 2022-ci ildə burada tədqiqat işləri aparılmayıb. Abidənin ümumi sahəsi nekropolla birlikdə 4 ha-dan çoxdur.

Xudutəpə 1992-ci ildə F.Mahmudov tərəfindən qeydə alınmış, lakin o zaman burada tədqiqat işləri getməmişdir. 2008-ci ildə abidənin şimal-şərq hissəsində Son Tunc və Erkən Dəmir dövrünə aid nekropol aşkar edilmiş, 3 qəbir açılmışdır. 2021-ci ildə də həmin nekropolda daha 3 qəbir tədqiq edilmişdir.

2021-ci ildə və hal-hazırda aparılan arxeoloji qazıntılar Xudutəpənin çoxtəbəqəli abidə olduğunu göstərir. Burada Tunc və Erkən Dəmir dövrünə, Orta əsrlərə aid maddi qalıqlara rast gəlinib. Eneolit dövrünə aid bir neçə fraqmentin, o cümlədən boyalı keramika nümunəsinin olması bu abidədə həmin dövrə aid təbəqənin olmasından da xəbər verir.

Cari tədqiqat mövsümündə Xudutəpədə 100 kv.m sahə arxeoloji qazıntıya cəlb olunub. Qazıntı sahəsinin şimal hissəsində açılan mədəni təbəqənin qalınlığı 3 metrə çatır. Cənub hissədə - abidə yerləşən təpənin ətəyində isə qazıntı materikə qədər açılıb və burada Erkən Tunc dövrünə aid edilən dairəvi təsərrüfat quyularının izləri qalmaqdadır. Artefaktlar arasında yuxarıda qeyd olunan dövrlərə aid çoxlu saxsı məmulatına, o cümlədən təkər modellərinə, gildən qoç fiquruna, obsidiandan oraq dişlərinə və s. rast gəlinib.

Sonda ekspedisiya rəhbəri ilə qazıntının gedişi müzakirə edilib, müəyyən tövsiyələr verilib. Abidənin xarakterini, xüsusilə çoxtəbəqəli olmasını nəzərə alaraq ümumi qazıntı sahəsinin ayrı-ayrı kvadratlara ayrılmasının, mümkün qədər burovkaların saxlanılmasının zəruriliyi vurğulanıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023