AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Şərqşünas alim İstanbulda beynəlxalq konfransda iştirak edib
Sep 05, 2023 | 10:58 Mühüm hadisələr

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun şöbə müdiri, fəlsəfə elmləri doktoru, professor Roida Rzayeva sentyabrın 4-5-də Avropa Araşdırmalar Mərkəzinin Türkiyənin İstanbul şəhərində təşkil etdiyi Təhsildə Yeni Trendlər üzrə beynəlxalq konfransda iştirak edib.

Azərbaycanlı alim konfransda “İnformasiya müharibələri və sosiallığın mifologiyası: ideoloji, mental və media aspektləri” adlı məruzə ilə çıxış edib.

Alim məruzəsində siyasətin postklassik mərhələsində müasir informasiya müharibəsi fəlsəfəsinin təhlil edilməsindən bəhs edib. Qeyd edib ki, virtual siyasi məkan siyasi prosesin yeni ölçüsünə, eyni zamanda informasiya texnologiyaları vasitəsilə siyasi mübarizənin yeni formalarının tətbiqi məkanına çevrilir. Bu kontekstdə “şəbəkə sosiallığı” kimi bir anlayış aktuallaşır. Məruzədə sosial medianın müəyyən seqmentində informasiya axınının istiqamətinin, risklərin və onlayn mühitdə mənfi təsirləri aradan qaldırmaq üçün texnologiyaların müəyyən edilməsinin getdikcə daha böyük əhəmiyyət kəsb etməsi və aktuallaşması qeyd edilib. Xüsusilə, bu, millətlərarası münaqişələrdə münasibətlərin problemlərini təmsil edən informasiya axınlarına aiddir. Alim yuxarıda qeyd olunanların sosial-humanitar elmlərdə yeni tədqiqat təcrübələrini şərtləndirdiyini diqqətə çatdırıb və şəbəkə sosiallığının təhlil edildiyi bir sıra metodlar, üsullar, alətlər və fənlərarası metodologiyadan bəhs edib.

Alimin məruzəsi maraqla qarşılanıb. Konfrans iştirakçıları R.Rzayevanın tədqiq etdiyi mövzuların yüksək aktuallığını qeyd ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023