AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Şərqşünas alimlər İraqda keçirilən konfransda məruzə ediblər
Sep 01, 2023 | 14:17 Mühüm hadisələr

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun icraçı direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Ruhəngiz Cümşüdlü və Beynəlxalq əlaqələr şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Gülər Qafqazlı İraq-Azərbaycan Dostluq Cəmiyyəti və İraq Respublikası Strateji Araşdırmalar Mərkəzinin təşkil etdiyi Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və müasir ərəb islam Şərqi” adlı beynəlxalq konfransda iştirak ediblər.

Zoom vasitəsilə İraq Respublikasında keçirilmiş konfransda Ruhəngiz Cümşüdlü “Heydər Əliyev və Azərbaycan-İslam Əməkdaşlıq Təşkilatı əlaqələri” mövzusunda məruzə edib. Məruzəçi Heydər Əliyevin apardığı xarici siyasətin və diplomatik gedişlərin əsas və mühüm istiqamətlərindən biri kimi İslam Əməkdaşlıq Təşkilatı ilə fəal və səmərəli əməkdaşlıq etmək xəttinin müəyyənləşdirildiyini qeyd edib, Ulu Öndərin İƏT Zirvə toplantılarında iştirakı, bu beynəlxalq qurumun rəhbərliyi ilə görüşləri barədə danışıb.

1993-cü ilin ikinci yarısından etibarən İƏT ilə ölkəmiz arasındakı əlaqə və təmasların intensivləşməyə və fəallaşmağa başladığını vurğulayan R.Cümşüdlü bildirib ki, Heydər Əliyevin gərgin zəhməti və yorulmaz fəaliyyəti nəticəsində ilk vaxtlar İƏT Baş Katibliyi Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı respublikamızın mövqeyini dəstəkləyən bəyanatlar verdiyi halda, sonrakı mərhələdə İƏT konfransları Ermənistan-Azərbaycan münaqişəsi haqqında daha kəsərli  qətnamələr qəbul edib. Bu qətnamələrdə Ermənistan-Azərbaycan münaqişəsi birmənalı şəkildə Ermənistan Respublikasının Azərbaycan Respublikasına təcavüzü kimi qiymətləndirilib.

Gülər Qafqazlı konfransda “Heydər Əliyev və mədəni irsimizdən biri - Müslüm Maqomayev adına Dövlət Filarmoniyası” mövzusunda məruzə edib. Məruzədə Azərbaycan Respublikasının mədəniyyətinin inkişafına önəm verən Ulu Öndər Heydər Əliyevin Azərbaycan Dövlət Filarmoniyası ilə bağlı sərəncamları, mədəniyyətimizin inkişafında Filarmoniyanın əhəmiyyəti, yeri və Filarmoniyanın mədəniyyət işçiləri haqqında bəhs edilib. Məruzəçi Müslüm Maqomayevin adını daşıyan Azərbaycan Dövlət Filarmoniyasında səhnələşdirilən ilk və digər əsərlərin tarixindən də söz açıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023