AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
İctimai Elmlər Bölməsinin Elmi şurasının iclasında Üzərliktəpə qədim yaşayış yerində aparılan arxeoloji tədqiqatlarla bağlı məruzə dinlənilib
Jul 11, 2023 | 18:58 Konfranslar, iclaslar

İyulun 11-də AMEA-nın İctimai Elmlər Bölməsinin Elmi şurasının növbəti iclası keçirilib.

İclası AMEA-nın vitse-prezidenti v.i.e., İctimai Elmlər Bölməsinin Elmi şurasının sədri, akademik Gövhər Baxşəliyeva açaraq tədbirin gündəliyini iclas iştirakçılarının diqqətinə çatdırıb.

Akademik iclasda “Üzərliktəpə qədim yaşayış yerində aparılan arxeoloji tədqiqatlar” mövzusunda məruzənin dinləniləcəyini bildirib və sözügedən mövzunun 30 ilə yaxın bir müddətdə işğal altında qalan və ermənilər tərəfindən talan olunmuş milli sərvətimizin, tarixi memarlıq abidələrimizin  araşdırılması baxımdan çox aktual olduğunu söyləyib.

Daha sonra  AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktoru v.i.e., tarix üzrə fəlsəfə doktoru Fərhad Quliyevin  “Üzərliktəpə qədim yaşayış yerində aparılan arxeoloji tədqi­qat­lar” mövzusunda məruzəsi dinlənilib.

Fərhad Quliyev bildirib ki, Ağdam şəhəri ərazisində eramızdan əvvəl II minilliyə aid coğrafi baxımdan əlverişli mövqedə yerləşən, 9 metr hündürlüyü olan Üzərliktəpə arxeoloji kompleksi Azərbaycanda və ümumən Cənubi Qafqazda say etibarı ilə az olan qədim yaşayış yerlərindən biridir. O qeyd edib ki, arxeoloji abidədə ilk tədqiqatlar 1954-1956-cı illərdə, SSRİ Elmlər Akademiyasının Azərbaycan bölməsinin elmi əməkdaşı (erməni əsilli) K.X.Kuşnaryeva tərəfindən başlanılmış və 1997-ci ildə ingilis dilli elmi jurnallarda qazıntı işlərinin ilkin nəticələri nəşr edilmişdir. Onun sözlərinə görə, eramızdan əvvəl II minilliyə aid olan Üzərliktəpə qədim yaşayış yeri SSRİ arxeologiyası elmi ədəbiyyatına Cənubi Qafqazın “Üzərliktəpə Orta tunc dövrü arxeoloji mədəniyyəti” kimi daxil edilib. Qarabağın işğalı dövründə erməni millətçiləri abidənin populyarlığından istifadə edərək ermənilərin ilk Qarabağda məskunlaşmasını Üzərliktəpə qədim yaşayış yeri ilə bağlamağa cəhd etdiyini vurğulayıb.  

O, Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu tərəfindən erməni işğalı altında olan torpaqlarımızın azad edildikdən sonra 2022-ci ilin fevral ayından etibarən (AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu) Üzərliktəpə abidəsində arxeoloji qazıntı işlərinin bərpa edildiyini bildirib: “Nəticədə, abidədə 7 ay ərzində 800 kv m qazıntı sahəsində aparılmış genişmiqyaslı arxeoloji qazıntılar zamanı müxtəlif dərinliklərdə dörd minillik tarixi olan (orta tunc) 220 tikili strukturları torpaqdan təmizlənib. Qazıntılar zamanı aşkar olunmuş tikililər, əsasən Qarabağın qədim tayfalarının həyat tərzini əks etdirən təsərrüfat quyuları, dulus, metaləritmə və d. təyinatlı ocaqlardan ibarətdir”. 

Alim çıxışının sonunda mövzu istiqamətində gəldiyi nəticələri, konkret təkliflərini irəli sürüb.

Məruzə dinlənildikdən sonra mövzu ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb. AMEA-nın müxbir üzvləri Könül Bünyadzadə, Şahbaz Muradov və akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun şöbə müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Mustafayevin mövzuyla bağlı fikirləri səslənib. Mövzunun hər zaman aktual olduğu bildirilib, məruzəçinin elmi fəaliyyəti yüksək qiymətləndirib.

İclasda, o cümlədən bir sıra elmi-təşkilati və kadr məsələləri də müzakirə olunub.

Akademik Gövhər Baxşəliyeva, həmçinin AMEA-nın İctimai Elmlər Bölməsinin elmi tədqiqat müəssisələrinin 2023-cü ilin birinci yarımilliyindəki elmi və elmi təşkilati fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat iclaslarına təhkim olunan bölmə üzvlərinin fikirlərini öyrənib. Elmi tədqiqat müəssisələrinin fəaliyyətini yüksək dəyərləndirən bölmə üzvləri, həmçinin qarşıda duran problemlərdən də söz açıblar.

Sonra Şərqşünaslıq İnstitutunun Din və ictimai fikir şöbəsinin müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Mustafayevin Türkiyə Cümhuriyyətinin İstanbul şəhərinə ezam olunması, AMEA-nın Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutunun elmlər doktoru hazırlığı üzrə 1-ci il dissertantı, tarix üzrə fəlsəfə doktoru Bayram Quliyevin öz xahişi ilə dissertantura təhsilinə xitam verilməsi kimi bir sıra məsələlər müzakirə edilib, AMEA-nın Rəyasət Heyəti qarşısında vəsatət qaldırılıb.

Sonda akademik Gövhər Baxşəliyeva bir sıra məsələlərlə əlaqədar müəssisələrin rəhbərlərinə tapşırıq və tövsiyələrini verib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023