AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
YAP Yasamal rayon Təşkilatında Fəlsəfə və Sosiologiya İnstitutunun alimləri tərəfindən nəşr edilmiş əsərlərin təqdimatı keçirilib
Jun 12, 2023 | 16:15 Konfranslar, iclaslar

YAP Yasamal rayon Təşkilatının və AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutu üzrə ərazi təşkilatının birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2023-cü ilin Azərbaycanda “Heydər Əliyev İli” elan edilməsinə dair 29 sentyabr 2022-ci il tarixli Sərəncamının icrasına və Milli Qurtuluş Gününün 30 illiyinə həsr edilmiş Fəlsəfə və Sosiologiya İnstitutunun alimləri və partiya fəalları tərəfindən nəşr edilmiş əsərlərin təqdimatı keçirilib.

Tədbirdən öncə iştirakçılar Yasamal rayonu ərazisində yerləşən Şəhidlərin Xatirə Kompleksini ziyarət edib, Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzüblər.

Əvvəlcə Dövlət Himni səsləndirildi, sonra xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev açaraq bildirib ki, Azərbaycan xalqının tarixində əhəmiyyət daşıyan elə günlər var ki, həmin günlərdə onun gələcək həyatını müəyyən edən mühüm başlanğıcların əsası qoyulub. Belə günlərdən ən önəmlisi 15 iyun - Milli Qurtuluş Günüdür.

“Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün sadəcə bayram deyil, böyük tarixi əhəmiyyətə malik bir gündür. Bu gün tarixi gün kimi xalqın və dövlətin taleyində həqiqətən də dönüş nöqtəsi oldu. Heydər Əliyev yenidən hakimiyyətə gələrək ölkəni çətin vəziyyətdən çıxartmağa müvəffəq oldu. Bunun nəticəsində ölkəni xaosdan siyasi çəkişmələrdən sosial-iqtisadi böhrandan xilas edərək, ictimai-siyasi elmi və mədəni həyatda əsaslı dönüş başlanıb, xalqın bütövlüyü milli birliyi təmin edilib”, - deyə Bəxtiyar Nəbiyev vurğulayıb.

B.Nəbiyev qonaqları tədbir iştirakçılarına təqdim edərək sözü AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun baş direktoru, f.e.d., professor İlham Məmmədzadəyə verib.

İlham Məmmədzadə “Prezident İlham Əliyevin Qələbə fəlsəfəsi və Ümummilli Lider Heydər Əliyevin siyasi irsinin dərki prosesində elmin rolu” mövzusunda məruzə ilə çıxış edib. Çıxışında professor Qurtuluş Gününün mahiyyətindən irəli gələn vəzifələrin tərkib hissəsi kimi bu zəngin irsin dərk olunması istiqamətində aparılan işlərin səmərəsinin artırılmasında və gəncliyimizə verdiyi töhfədə ictimai təşkilatların rolunu qeyd edərək, Heydər Əliyev ilinə həsr olunan 4 kitab, keçirilən respublika konfransları, dəyirmi masalar və bundan sonra da görüləcək işlər haqqında iştirakçılara geniş məlumat verib.

Milli Məclisin deputatı Cavanşir Feyziyev çıxışında Ulu Öndərin hakimiyyətdə olduğu illərdə göstərdiyi xidmətlərdən, dövlət idarəçiliyi sahəsində apardığı islahatlardan, böyük layihələrin əhəmiyyətindən və bu idarəçiliyin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb.

Fəlsəfə və Sosiologiya İnstitutunun icraçı direktoru, tarix elmləri doktoru Eynulla Mədətli “Heydər Əliyevin bir millət iki dövlət düsturu Azərbaycan – Türkiyə birliyinin strategiyasıdır”, f.e.d., professor Sakit Hüseynov “Heydər Əliyev və İlham Əliyev: dövlət-din münasibətlərinin tənzimlənməsi”, f.e.d. Füzuli Qurbanov “Liderliyin fəlsəfəsi”, YAP Yasamal rayon təşkilatının AMEA Fəlsəfə və Sosiologiya İnstitutu üzrə ərazi təşkilatının sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Sənan Həsənov “Elmi tədqiqatlarda Ümummilli Lider Heydər Əliyevin irsi və yeni reallıqlar” mövzusunda məruzələrlə çıxış ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023