AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Şərqşünaslıq İnstitutunun türkoloji tədqiqatlarına həsr olunmuş tədbir keçirilib
Jun 09, 2023 | 17:15 Konfranslar, iclaslar

AMEA-nın əsas binasının önündəki Elmlər Akademiyası parkında II Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı çərçivəsində Şərqşünaslıq İnstitutunun türkoloji tədqiqatlarına həsr olunmuş panel təşkil edilib.

Panelin moderatoru Şərqşünaslıq İnstitutunun icraçı direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Ruhəngiz Cümşüdlü sözügedən müəssisənin türkoloji tədqiqatlar sahəsində zəngin ənənələrinin olduğunu qeyd edərək, bu sahəyə böyük töhfələr vermiş görkəmli alimlərin işinin bu gün də gənc nəsil tərəfindən laqyiqincə davam etdirildiyini bildirib.

Şərqşünaslıq İnstitutunun Türk filologiyası şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Səriyyə Gündoğdu çıxış edərək deyib ki, Azərbaycanda türkologiya elminin inkişafında mühüm rol oynamış şöbədə yarandığı gündən bugünə qədər Azərbaycan - Türkiyə və ümumtürk ədəbi və mədəni əlaqələrinin inkişafına, xüsusilə türk ədəbiyyatının hər sahəsinə: xalq ədəbiyyatına, klassik ədəbiyyata, çağdaş ədəbiyyata, eləcə də türk dilinə, qədim yazılı abidələrin tədqiqinə dair geniş araşdırmalar aparılıb. Eyni zamanda Azərbaycanın klassik şairləri Nizami Gəncəvi, Xətai, Füzuli və digərlərinin ədəbi irsinin Şərq şeirinə təsirini aydınlaşdıraraq onların Şərq ədəbiyyatı, o cümlədən türk xalqları ədəbiyyatındakı yerini müəyyənləşdirmək baxımından əhəmiyyətli işlər görülüb.

Mərkəzi Asiya ölkələri şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Təranə Həşimova 2011-ci ildən fəaliyyətə başlayan şöbənin əsas vəzifəsinin özbəklər, qazaxlar, türkmənlər, qırğızlar, qaraqalpaqlar daxil olmaqla Mərkəzi Asiya xalqlarının, ölkələrinin tarixi, dini, ictimai-siyasi, mədəni, ədəbi, milli və xarici siyasi əlaqələrinin, iqtisadi inkişaf yolu və xüsusiyyətlərinin araşdırılması, bu ölkələrin Azərbaycanla hərtərəfli münasibətlərinin təhlili olduğunu bildirib. T.Həşimova ötən illərdə şöbədə aparılan tədqiqatlar, nəşr olunan kitablar barədə ətraflı məlumat verib.

Türkiyə tarixi və iqtisadiyyatı şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Namiq Məmmədov rəhbərlik etdiyi şöbənin fəaliyyəti barədə məlumat verib. Əsas tədqiqat problemini Türkiyənin siyasi-iqtisadi tarixi, Türkiyə - Azərbaycan siyasi-iqtisadi əlaqələrinin öyrənilməsi təşkil edən şöbənin əməkdaşlarının Türkiyənin həm müasir, həm də orta əsrlər dövrünü əhatə edən müxtəlif mövzuların tədqiqi ilə məşğul olduqlarını deyən alim türkoloq tədqiqatçıların Səlcuq dövrü və Osmanlı imperiyası dövrü Anadolu tarixinin, Osmanlı - Azərbaycan münasibətlərinin, XVIII əsrdə - Osmanlı hakimiyyəti dövründə və XIX-XX əsrin əvvəllərində Azərbaycanın müxtəlif bölgələrinin, o cümlədən Şimali Azərbaycan tarixinin Osmanlı mənbələri əsasında araşdırılması, respublika dövründə Türkiyədə dövlət və xarici kapital, bank sistemi, şəhərləşmə, neft problemi, Azərbaycanla əlaqələr, Türkiyənin terrorizmə qarşı mübarizəsi, ölkədə siyasi-ideoloji mübarizə, həmçinin dünya türkoloqlarının fəaliyyəti və s. məsələlərin öyrənilməsi sahəsində mühüm elmi nəticələr əldə etdiklərini bildirib. N.Məmmədov şöbə əməkdaşlarının son 5 ildə 6 kitabının və 50-dən artıq məqaləsinin nəşr edildiyini qeyd edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023