AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
AMEA-nın İctimai Elmlər Bölməsinin Elmi şurasının iclası keçirilib
May 12, 2023 | 18:10 Konfranslar, iclaslar

Mayın 11-də AMEA-nın İctimai Elmlər Bölməsinin (İEB) Elmi şurasının növbəti iclası keçirilib.

İclası AMEA-nın vitse-prezidenti v.i.e., İctimai Elmlər Bölməsinin Elmi şurasının sədri, akademik Gövhər Baxşəliyeva açaraq gündəlikdə duran məsələləri tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Sonra akademik Gövhər Baxşəliyeva “Heydər Əliyev İli” çərçivəsində bölmənin elmi tədqiqat müəssisələrində keçiriləcək tədbirlərdən danışıb, yazılacaq əsərləri diqqətdə saxlamağı tapşırıb.

İclasda Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutunun Əliyevşünaslıq şöbəsinin müdiri, tarix elmləri doktoru Ədalət Qasımov “Heydər Əliyev: dövlətçiliyə xidmətin parlaq nümunəsi” mövzusunda məruzə ilə çıxış edib. Ədalət Qasımov qeyd edib ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycan tarixinə, onun ictimai-siyasi və mənəvi həyatına misilsiz xidmətlər göstərən dahi bir şəxsiyyət kimi daxil olub. Vurğulayıb ki, Azərbaycanın mürəkkəb, keşməkeşli, eyni zamanda şərəfli hadisələrlə zəngin olan çağdaş tarixinin çox böyük və mühüm hissəsi xalqımızın böyük oğlu və lideri, dünyanın ən nüfuzlu dövlət xadimlərindən biri olan Heydər Əliyevin həyat və fəaliyyəti ilə bilavasitə bağlıdır. Eləcə də bildirib ki,  Ümummilli Liderin çoxşaxəli fəaliyyətinin öyrənilməsi bizə milli dövlətçiliyimizin inkişaf mərhələlərini, onun ideya-siyasi əsasını təşkil edən Azərbaycançılıq ideologiyasının başlıca prinsiplərini daha dərindən anlamağa, ölkəmizin ərazi bütövlüyü uğrunda qazandığımız tarixi zəfərin köklərini yaxından dərk etməyə imkan verir.

Məruzəçi ağır siyasi-iqtisadi böhranın dərinləşdiyi bir dövrdə - 1960-cı illərin sonunda Azərbaycana rəhbər təyin edilmiş Heydər Əliyevin cəsarətli qərarları ilə respublikanın sosial-iqtisadi və mədəni inkişafına yol açdığını qeyd edib. Vurğulayıb ki, nəticədə 1969-1982-ci illər Azərbaycanın quruculuq salnaməsinə ən parlaq səhifələr kimi daxil olub. Tam qətiyyətlə demək olar ki, bu gün Azərbaycanın dövlət müstəqilliyi, iqtisadi və mənəvi inkişafında qazanılan uğurların kökü məhz həmin illərə gedib çıxır.

“1993-cü ildə Azərbaycan parçalanmaq, dünya siyasi xəritəsindən bir müstəqil dövlət kimi silinmək təhlükəsi ilə üzləşəndə onu bu təhlükədən məhz Heydər Əliyev dühası xilas etdi. Öz müdrik qərarları ilə ölkəni vətəndaş qarşıdurmasından, etnik toqquşmalardan, siyasi xaosdan, iqtisadi kollapsdan xilas edən, bütün dünyanın diqqətini Azərbaycana cəlb etməyi bacaran böyük siyasətçi həm də Azərbaycanın ağır dərdi olan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində siyasi, diplomatik və hərbi səciyyəli addımlar atmaqla, gələcək qələbələrimizin əsasını qoydu. Dahi şəxsiyyət çətin vəziyyətdə ölkəmizin müstəqilliyini qoruyub saxlamaqla həm də yeni, müstəqil demokratik Azərbaycan dövlətçiliyinin memarına çevrildi”, - deyə o bildirib.

Diqqətə çatdırıb ki, 2003-cü ildən sonra İlham Əliyevin rəhbərliyi altında Azərbaycan dövlətinin qazandığı bütün uğurlar, ərazi bütövlüyümüzün bərpa edilməsi, şərəf və ləyaqətimizin simvolu olan üçrəngli bayrağımızın 30 il işğal altında qalan mənəviyyat və mədəniyyət paytaxtımız Şuşada dalğalanması Heydər Əliyevin arxitekturasını yaratdığı milli dövlətimizin sarsılmaz təməllərinə əsaslanır.

Onun sözlərinə görə, bu gün Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi altında Azərbaycan xalqı qüdrətlə və inamla irəliləyir.

Sonra mövzu haqqında müzakirələr aparılıb.

İclasda, həmçinin AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktoru, tarix elmləri doktoru Abbas Seyidov ölkə Prezidentinin tapşırıq və tövsiyələrinə əsasən, institut əməkdaşlarının işğaldan azad olunmuş torpaqlarda – Füzuli rayonunun Yedditəpə kurqan abidəsində, Yuxarı Seyid Əhmədli kəndi, Ağdam şəhərində yerləşən Üzərliktəpə qədim yaşayış yerində, İmarət kompleksində, Xocavəndin Edilli kəndində aparılmış arxeoloji qazıntı işlərinin və antropoloji tədqiqatların vəziyyəti haqqında geniş məlumat verib. Bildirib ki, 2022-ci ilin fevral ayında Xocavənd rayonu Edilli kəndi ərazisində insan skeletləri aşkar edilib. Əraziyə ezam edilmiş Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun əməkdaşları tərəfindən aparılan qazıntı işləri zamanı 7 skelet aşkar olunub. Abbas Seyidov institutun antropoloqları, Hərbi Prokurorluq və Patoloji Anatomiya Birliyinin mütəxəssislərinin verdiyi rəyə görə bu skeletlərin Birinci Qarabağ müharibəsində şəhid olmuş Azərbaycan ordusunun hərbiçilərinin olduğunu vurğulayıb.

O, 2022-ci ilin avqust ayında Dövlət Komissiyasının üzvləri və institutun əməkdaşı Akif Quliyev tərəfindən Şuşa, Daşaltı və Xocavənd rayonu ərazilərində kütləvi məzarlıqların güman edildiyi məntəqələrdə kəşfiyyat işləri həyata keçirildiyini bildirib.

Onun sözlərinə görə, 2022-ci ilin sentyabr ayında AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunda Xocavənd-Füzuli ekspedisiyası təşkil edilib, Akif Quliyev ekspedisiyanın rəisi təyin edilib, Dövlət Komisiyasının üzvləri ilə birlikdə işçi qrupu Edilli kəndi ərazisində axtarış işlərini davam etdirib və qazıntı işləri zamanı tək halda 6, kütləvi halda 12 nəfərə aid insan skeleti aşkar olunub.

Abbas Seyidov 2022-ci ilin oktyabr ayında Edillidə aparılan tədqiqat işləri zamanı daha 4 nəfərə aid insan skeleti aşkar olunduğunu qeyd edib. Eləcə də o, noyabr ayında ekspedisiya tərəfindən Füzuli rayonunun Yuxarı Seyidəhmədli kəndi ərazisində tədqiqat işləri aparıldığını və buradan 6 nəfərə aid insan skeletinin fraqmentləri aşkar edildiyini bildirib.

Abbas Seyidov çıxışında hazırda ekspedisiyanın Füzuli rayonunun Yuxarı Seyidəhmədli və Aşağı Seyidəhmədli kəndləri ərazisində tədqiqat işlərini davam etdirdiyini qeyd edib. “Ağdam şəhəri ərazisində yerləşən 4 min illik tarixə malik Üzərliktəpə qədim yaşayış yerində 2022-ci ildə Fərhad Quliyevin rəhbərliyi ilə 8 ay arxeoloji qazıntı işləri aparılıb, 2400 m2-dan artıq sahə tədqiq olunub və abidə müasir standartlara uyğun öyrənilib”, - deyə A.Seyidov vurğulayıb.

Onun sözlərinə görə, Füzuli rayonu ərazisində yerləşən kurqan çölündə 1, 2, 3 saylı kurqanlar tədqiq olunub. Zaur Həsənovun rəhbərliyi ilə 3 saylı kurqanda 1 avqust-11 dekabr 2022-ci il tarixlərində beynəlxalq ekspedisiya 2000 m2 sahədə arxeoloji tədqiqatlar aparıb. Qeyd edib ki, Ağdam şəhərində “İmarət” arxeoloji ekspedisiyası 1 aydan artıqdır ki, Fərhad Quliyevin rəhbərliyi ilə fəaliyyət göstərir.

Qeyd olunanlarla əlaqədar AMEA-nın müxbir üzvü Şahbaz Muradov çıxış edərək fikir və təkliflərini səsləndirib.

Daha sonra bir sıra elmi-təşkilati və kadr məsələləri də müzakirə olunub.

Elmi şuranın qərarı ilə AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun Xəzərsahili və sualtı tədqiqatlar sektorunun yaradılması  barədə AMEA-nın Rəyasət Heyəti qarşısında vəsatət qaldırılıb.

İclasda, həmçinin AMEA-nın Qafqazşünaslıq  İnstitutunun Elmi şurasının tərkibində qismən dəyişiklik edilməsi, Azərbaycan Elm Fondunun elan etdiyi 2023-cü il üçün “Əsas Qrant Müsabiqəsi”nə təqdim olunan “Müxtəlif tarixi dövrlərə aid qədim insan yaşayış məskənlərindən əldə edilən antropoloji materiallar əsasında Azərbaycanın genom tarixinin ilkin müqayisəli tədqiqi” adlı qrant layihəsi və s. məsələlər müzakirə olunub.

Bundan əlavə, AMEA-nın Abbasqulu Ağa Bakıxanov adına Tarix, akademik Ziya Bünyadov adına Şərqşünaslıq və Qafqazşünaslıq İnstitutlarının əməkdaşlarının bir sıra şöbələrə müdir və digər vəzifələrə təsdiqlənməsi məsələsi müzakirə olunub.

İclasda görkəmli hüquqşünas alim, akademik Cahangir Kərimovun 100, AMEA-nın müxbir üzvü Hacı Qadir Qədirzadənin 75 illik yubileyləri ilə əlaqədar AMEA-nın Rəyasət Heyəti qarşısında vəsatət qaldırılıb.

Həmçinin AMEA-nın müxbir üzvləri Qara Əhmədovun, Ağasəlim Ələsgərovun 95 illik yubileylərinin qeyd olunması ilə əlaqədar aidiyyatı üzrə elmi tədqiqat müəssisələrinə məlumat verilib.

Sonda akademik Gövhər Baxşəliyeva bir sıra məsələlərlə əlaqədar müəssisələrin rəhbərlərinə tapşırıq və tövsiyələrini verib.

www.science.gov.az 


 

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023