AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Şərqşünas alim Frankfurtda keçirilən beynəlxalq konfransda məruzə edib
Mar 31, 2023 | 15:29 Mühüm hadisələr

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun İran filologiyası şöbəsinin elmi işçisi Fidan Nəsirova Almaniyanın Frankfurt şəhərində keçirilən VII beynəlxalq Avropa disiplinlərarası elmi araşdırmalar konfransında iştirak edib.

Şərqşünas alim onlayn qatıldığı konfransda “İranda məktəb açmış birinci böyük şəxsiyyət Rüşdiyyədir” adlı məruzə edib.

Məruzəçi bu gün qonşu ölkədə  əldə olunan bir çox elmi, mədəni, texniki, iqtisadi nailiyyətlərin kökündə məhz türkəsilli soydaşlarımızın durduğunu fəxrlə vurğulayaraq, tezisini çoxsaylı elmi faktlarla əsaslandırıb. Alim mülahizələrinin məntiqi davamı kimi, gələcək nəsillərin formalaşmasında müstəsna əhəmiyyətə malik ilklərə imza atan saysız-hesabsız soydaşlarımızdan biri, İranda ilk müasir tipli, dünyəvi məktəblərin banisi M.Rüşdiyyənin həyat və yaradıcılığına müraciət edib.

Qeyd edək ki, məruzədə maarifpərvər ziyalı, şair, nasir, müəllim, dini-siyasi xadim M. Rüşdiyyənin çoxşaxəli ictimai, elmi-pedaqoji fəaliyyəti ilə yanaşı, onun Səfəvilər dövründən sonra Cənubi Azərbaycanda ana dilimizdə açılan ilk milli məktəb olan “Rüşdiyyə məktəblər”indəki təlim-tədris metodlarından da söz açılıb. Bütün şüurlu həyatını insanların savadlanmasına həsr etmiş pedaqoqun “Vətən dili” dərsliyi, çoxsaylı metodik vəsaitləri və ümumilikdə bədii irsinin müxtəlif cəhətlərdən təhlili dinləyicilərin marağına səbəb olub.

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023