AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
“Heydər Əliyev və yeni liderlik: fəlsəfi-elmi təhlil” kitabı nəşr olunub
May 12, 2023 | 10:22 Yeni nəşrlər

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun İdrak nəzəriyyəsi şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru Füzuli Qurbanovun “Heydər Əliyev və yeni liderlik: fəlsəfi-elmi təhlil” kitabı nəşr olunub.

Monoqrafiya liderliyin fəlsəfi-elmi təhlili prizmasında Ulu Öndər Heydər Əliyevin liderliyinin tədqiqinə həsr edilib. Həmin məqsədlə liderlik haqqında fəlsəfə tarixində mövcud olan fikirlər ümumiləşdirilib və onlara müasir fəlsəfi-elmi idrak kontekstində yanaşılıb.

Konkret olaraq kitabda liderlik müasir fənlərarası yanaşma çərçivəsində formalaşan metodologiya əsasında araşdırılıb və onun fəlsəfi izahına cəhd edilib. Bunun üçün müəllifin müəyyən etdiyi fənlərarası xarakterli metodoloji prinsiplərdən yararlanılıb. Bu yanaşmanı qnoseoloji və metodoloji aspektlərdə fəlsəfə ilə elmin “ortaq sahəsi”ndə liderliyin dərki kimi də qəbul etmək olar.

Ümumiyyətlə, liderliyin fəlsəfi-elmi araşdırıması nəticəsində alınan qənaətlərin Ümummilli Lider Heydər Əliyevin liderliyinin fəlsəfi-elmi dərk edilməsinə tətbiqi maraqlı məqamları üzə çıxarıb. Aydın olub ki, Heydər Əliyev öz fəaliyyəti ilə faktiki olaraq yeni liderlik modelini yaradıb. Bu istiqamətdə araşdırmaların siyasi varislik bağlılığında Prezident İlham Əliyevin liderliyi nümunəsində davam etdirilməsi zərurəti dərk edilib.

Kitabın elmi redaktorları AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun baş direktoru, fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə, Fəlsəfə və Sosiologiya İnstitutunun icraçı direktoru, tarix elmləri doktoru Eynulla Mədətli, rəyçiləri fəlsəfə elmləri doktoru, professor Etibar Nəcəfov, fəlsəfə elmləri doktoru, professor Cahangir Məmmədov və redaktoru isə Qabil Camalovdur.

www.science.gov.az

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023