AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Şərqşünas alim İstanbul 29 May Universitetinin kitabxanasının baş direktoru Mehmet Yılmazla görüşüb
Sep 25, 2023 | 09:40 Görüşlər

Türkiyədə elmi ezamiyyətdə olan AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Din və ictimai fikir şöbəsinin müdiri, institutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Mustafayev İstanbul 29 May Universitetinin kitabxanasının baş direktoru Mehmet Yılmazla görüşüb.

Gənc alim səmimi şəraitdə keçən görüşdə Azərbaycan Milli Elmlər Akademiyası, xüsusilə Şərqşünaslıq İnstitutunun tarixi və fəaliyyəti haqqında ətraflı məlumat verib.

Söhbət zamanı Azərbaycanın elm tarixi, dünya şöhrətli azərbaycanlı alimləri və dünya elminə bəxş etdikləri töhfələri, həmçinin son dövrlərdə ölkəmizdə ərsəyə gətirilmiş elmi tədqiqat əsərləri haqqında müfəssəl məlumatlar kitabxana direktorunun diqqətinə çatdırılıb.

Görüşün sonunda E.Mustafayev AMEA-da, əsasən Şərqşünaslıq İnstitutunda son vaxtlar nəşr edilmiş kitabları kitabxanaya hədiyyə edib. Bunların sırasında AMEA-nın vitse-prezidenti v..i.e., akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun baş direktoru, akademik Gövhər Baxşəliyevanın rus dilində yazdığı “Этническая идентичность Низами Гянджеви” (“Nizami Gəncəvinin etnik mənsubiyyəti”) kitabının rus, ingilis və fars dillərində olan nüsxələri, institutun Cənubi Azərbaycan şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Səməd Bayramzadənin tərtib etdiyi və nəşrə hazırladığı “Azərbaycan” qəzeti - Azərbaycan Demokratik Firqəsi Mərkəzi Komitəsinin orqanı (1945-1946-cı illər, Təbriz)” adlı kitabın birinci hissəsi, Şərqşünaslıq İnstitutunun 60 illik yubileyi münasibətilə nəşr edilmiş “Akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutu 60 ildə” kitabı, Şərqşünaslıq İnstitutu tərəfindən yeddi dildə (Azərbaycan, türk, ərəb, fars, rus, ingilis, çin) hazırlanmış “Azərbaycanın mədəniyyət paytaxtı Şuşa” adlı kitabları, həmçinin Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, fəlsəfə elmlər doktoru, professor Sakit Hüseynovun “Heydər Əliyev və İlham Əliyevin dövlət-din münasibətlərinin tənzimlənməsində rolu” adlı monoqrafiyası kitabxanaya təqdim edilib.

Kitabxananın baş direktoru Mehmet Yılmaz görüşdən və təqdim edilən kitablardan məmnunluğunu bildirib, çox mühüm və dəyərli olan bu əsərlərin kitabxanaya zənginlik bəxş edəcəyini qeyd edib.

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023