AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Tarix İnstitutunda “Qərbi Azərbaycanın tarixi və mədəni köklərinin araşdırılması və təbliği” layihəsi çərçivəsində seminar keçirilib
Sep 25, 2023 | 15:31 Konfranslar, iclaslar

Sentyabrın 25-də AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunda Tətbiqi Tədqiqatlar Fondunun “Qərbi Azərbaycanın tarixi və mədəni köklərinin araşdırılması və təbliği” layihəsi çərçivəsində “Rusiyanın Cənubi Qafqazda köçürmə siyasətinin məqsədi və nəticələri” mövzusunda seminar keçirilib.

Seminarı giriş nitqi ilə institutun icraçı direktoru, tarix elmləri doktoru, professor İlqar Niftəliyev açaraq tədbirin günümüzün aktual bir probleminə həsr edildiyini vurğulayıb. Alim Azərbaycanın öz ərazisində dövlət suverenliyini bərpa etməsi anında böyük regional və ümumdünya miqyaslı problemlərin həllində ölkəmizin özünəməxsus qlobal uğurlarından danışıb.

Tətbiqi Tədqiqatlar Fondunun həyata keçirdiyi layihənin rəhbəri İbrahim Əliyev çıxışında Rusiya İmperiyasının Cənubi Qafqazda reallaşdırdığı köçürmə siyasətinin mahiyyətinə, onun hədəflərinə və nəticələrinə diqqəti yönəldib, bu siyasətdə erməni amilinin oynadığı rolu bir daha əyani şəkildə, konkret faktlarla işıqlandırıb. O, xüsusi olaraq göstərib ki, ermənilərin regiona məqsədyönlü şəkildə köçürülməsi vaxtından və  dövlət quruluşundan asılı olmayaraq aparılmış, Rusiya İmperiyası və SSRİ-nin siyasətində elə bir ciddi fərq olmamışdır. Onun sözlərinə görə, ermənilərin türklərə, o cümlədən Azərbaycana, onun maraqlarına, mədəni irsinə qarşı törətdiyi saxtakarlıqların və dağıdıcılıq fəaliyyətinin ən intensiv dövrü son yüzilliyə, xüsusilə sovet dövrünə təsadüf edir. Erməni köçü başlandığı zamandan bir neçə mərhələdən keçmişdir. Azərbaycan torpaqlarına köçürülən bu əhaliyə münbit şərait yaradılmış, onları imperiyanın dayaqları kimi möhkəmləndirmişlər. Sovet dövründə erməni köçü daha amansız formada həyata keçirilmişdir. Müasir dövrdə qatı erməni millətçiliyinə söykənən siyasət özünün son həddinə yaxınlaşır. Belə bir vəziyyətdə Azərbaycanın öz torpaqlarına və mədəniyyətinə sahib çıxması məsələni daha da aktuallaşdırır.

Seminarda çıxış edən tarixçi alimlər Hacı Həsənov, Elçin Qarayev və Ziyad Əhmədov məsələnin müxtəlif aspektlərinə diqqət yetirib, mütəxəssis düşüncələrini bölüşüblər.

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023