AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Tarix İnstitutunda “Böyük Zəfərdən tam və qəti Qələbəyədək” adlı elmi konfrans keçirilib
Sep 27, 2023 | 17:10 Konfranslar, iclaslar

AMEA-nın A.A Bakıxanov adına Tarix İnstitutunda 27 Sentyabr - Anım Gününə həsr olunmuş “Böyük Zəfərdən tam və qəti Qələbəyədək” adlı elmi konfrans keçirilib.

Öncə vətən uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbiri açan AMEA-nın vitse-prezidenti v.i.e., Şərqşünaslıq İnstitutunun baş direktoru, akademik Gövhər Baxşəliyeva bildirib ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi, Milli ordunun rəşadəti, xalq və dövlətin birliyi ilə 2020-ci ilin 27 sentyabrında başlayan və 44 gün davam edən İkinci Qarabağ müharibəsində qazanılan Zəfər Azərbaycan tarixinin ən parlaq səhifələrindən biridir. Bu qələbə xalqımızın və ordumuzun gücünü, milli birliyini, mübarizliyini bütün dünyaya sübut etdi. Azərbaycan xalqı hər zaman qəhrəman övladlarının xidmətlərini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna hörmət və ehtiram göstərir, əziz xatirəsini uca tutur.

Sonra Tarix İnstitutunun baş direktoru tarix elmləri doktoru, professor Kərim Şükürov “Böyük Zəfərdən Böyük Qayıdışa” adlı məruzə ilə çıxış edib. Qeyd edib ki, Birinci Qarabağ müharibəsinin ilkin dövrü SSRİ tərkibində başlandı. Həm Ermənistan, həm də Azərbaycanın dövlət müstəqillyini elan etməsi və SSRİ-nin dağılması ilə müharibə yeni fazaya keçdi. Kərim Şükürov bildirib ki, uzun illər ermənilər tərəfindən dinc əhalimiz terrora məruz qalıb, xalqımıza qarşı etnik təmizləmə siyasəti həyata keçirilib və 30 ilə yaxın torpaqlarımız işğal altında qalmışdı. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin apardığı siyasət, xalq və rəşadətli ordu Azərbaycanı öz tarixi torpaqlarına qovuşdurmağı bacardı. 44 gün davam edən İkinci Qarabağ müharibəsində qazanılan Zəfər Azərbaycan tarixinin ən yaddaqalan səhifələrindən biri kimi tariximizə yazıldı.

Tədbirdə tarix elmləri doktoru, professor Mais Əmrahov “44 günlük Zəfər tariximiz və 23 saatlıq tam qələbəmiz” adlı məruzə ilə çıxış edərək qeyd edib ki, 44 günlük Vətən müharibəsi dünya hərb tarixinə həm də informasiya müharibəsi kimi düşdü. Müharibə dövründə İlham Əliyev 6 dəfə xalqa müraciət etdi, dünyanın 30-a yaxın televiziya və mətbuat orqanlarına verdiyi müsahibədə, diplomatik görüşlərində, telefon danışıqlarında da Azərbaycanın mövqeyini əsaslandırdı. 44 günlük II Qarabağ - Vətən müharibəsində Azərbaycanın qələbəsini ön və arxa cəbhədə bir sıra amillər təmin etdi. Birinci amil 27 sentyabrda başlanmış 44 günlük Vətən müharibəsində Azərbaycanın qələbəsini şərtləndirən, Zəfəri təmin edən başlıca faktor Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin vaxtında müəyyənləşdirdiyi düzgün döyüş strategiyası oldu. Azərbaycan Respublikası daha bir imzanı 23 saatlıq tam və qəti qələbə ilə tarixləşdirdi.

Daha sonra Fəlsəfə və Sosiologiya İnstitutunun baş direktoru fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə “Qələbənin fəlsəfəsi və Cənubi qafqazda yeni geosiyasi vəziyyət”, filologiya elmləri doktoru Esmira Fuad “Azərbaycan ədəbiyyatında Zəfər diskursu” adlı məruzələrlə çıxış ediblər.   

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023