AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Türkiyənin Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumunun rəhbər heyəti Şərqşünaslıq İnstitutunda olub
Sep 29, 2023 | 14:12 Görüşlər

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu beynəlxalq əlaqələrini genişləndirməkdədir. Sentyabrın 28-də institutda Türkiyənin Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumunun rəhbəri, professor Dərya Örs və bu qurumun tərkibinə daxil olan Türk Dil Qurumunun rəhbəri, professor Osman Mertlə keçirilən görüş də bu istiqamətdə atılan mühüm addımlardandır.

Türkiyəli qonaqlar Şərqşünaslıq İnstitutunda ilk olaraq AMEA-nın vitse-prezidenti v.i.e., Şərqşünaslıq İnstitutunun baş direktoru, akademik Gövhər Baxşəliyeva ilə görüşüblər. Akademik G.Baxşəliyeva institutda görülən işlərdən, xüsusilə türkologiya sahəsində aparılan tədqiqatlardan bəhs edib.

Şərqşünaslıq İnstitutunda türkologiya sahəsində görülən işlər Türkiyənin yüksək elmi qurumlarının rəhbərlərində böyük maraq oyadıb və onlar öz məmnunluqlarını bildiriblər.

Görüşdə qarşılıqlı kitab mübadiləsi olub. Elmi təşkilatlar arasında əlaqələrin AMEA ilə imzalanmış Protokol çərçivəsində qurulması və genişləndirilməsinin əhəmiyyəti vurğulanıb. Bu çərçivədə kitabların qarşılıqlı mübadiləsi, birgə elmi tədbirlərin təşkili və digər məsələlər barədə müzakirələr aparılıb.

Daha sonra türkiyəli alimlər Şərqşünaslıq İnstitutunun Türkiyə tarixi və iqtisadiyyatı, Türk filologiyası, Mərkəzi Asiya ölkələri, Mənbəşünaslıq və yazılı abidələrin tədqiqi və nəşri şöbələrində olublar. Bu şöbələrin türkoloq əməkdaşları türkologiya sahəsində apardıqları tədqiqatlardan söhbət açıb, nəşr etdirdikləri kitablarla qonaqları tanış ediblər.

Bildirilib ki, Türkiyə tarixi və iqtisadiyyatı şöbəsinin əsas istiqamətlərini Türkiyənin tarixi, ictimai-siyasi, sosial-iqtisadi və mədəni inkişafının mühüm məsələlərinin elmi tədqiqi təşkil edir. Ənənəvi olaraq, uzun illər boyu müasir problemlərlə əsaslı surətdə məşğul olan türkoloq alimlərimiz Cümhuriyyət dövrü türk cəmiyyətinin inkişafının mühüm sahələrində dərin iz qoymuş Atatürkçülük idealogiyasının öyrənilməsinə xüsusi diqqət yetirib, onun cümhuriyyətçilik, dünyəvilik (laisizm), dövlətçilik (etatizm), xalqçılıq, milliyyətçilik kimi təməl prinsipləri ilə bağlı problemlərin hərtərəfli araşdırılmasına böyük əmək sərf ediblər. Tarix problemlərinə həsr olunmuş tədqiqatlar istər orta əsrləri, istərsə də yaxın tarixi keçmişi və Türkiyə tarixinin ən yeni dövrünü əhatə edib.

Qonaqlara, həmçinin bildirilib ki, Türk filologiyası şöbəsi türkologiya elmimizin inkişafında mühüm rol oynayıb. Ümumtürk mədəniyyətinin inkişafında müstəsna əhəmiyyəti olan qədim yazılı abidələr və türkdilli ədib və şairlərin yaradıcılıqlarının tədqiqinə xüsusi diqqət yetirilib. İnstitutda Türkiyə Divan ədəbiyyatı, Tənzimat ədəbiyyatı, Cümhuriyyət dövrü ədəbiyyatının tədqiq və təhlilinə böyük diqqət ayrılıb. Eləcə də türk aşıq ədəbiyyatı və bütövlükdə folkloru tədqiqat obyektləri olub. Mehmet Akif Ərsoy, Ömər Seyfəddin, Ziya Gökalp, Nazim Hikmət, Haldun Taner, Rəşad Nuri Güntəkin kimi türk ədib və şairlərin yaradıcılıqları araşdırılıb və monoqrafiya şəklində nəşr olunub. Əbul-Xeyr Ruminin XV əsrdə yazıya alınmış “Saltuknamə” dastanı tərcümə edilib və üç cilddən ibarət dastan çap olunub.

Yeni yaradılmış Mərkəzi Asiya ölkələri şöbəsinin əsas tədqiqat istiqaməti Mərkəzi Asiya ölkələrinin tarixi, dini, ictimai-siyasi, mədəni, ədəbi, milli və xarici siyasi əlaqələrinin, iqtisadi inkişaf yolu və xüsusiyyətlərinin araşdırılması və bu ölkələrin Azərbaycan ilə hərtərəfli münasibətlərinin təhlili və onların inkişafına dair təkliflərin hazırlanması təşkil edir.

Mənbəşünaslıq və yazılı abidələrin tədqiqi və nəşri şöbəsində ərəb və farsdilli mənbələrlə yanaşı, qədim türkdilli mənbələrin də tədqiqi, tərcüməsi və nəşrinə böyük diqqət yetirilib. Belə ki, şöbədə tarixi mənbələrin tərcüməsi fəal surətdə həyata keçirilir. Xüsusilə, akademik Z.M.Bünyadovun səyi nəticəsində “İrəvan əyalətinin icmal dəftəri”, “Naxçıvan sancağının müfəssəl dəftəri”, “Gəncə-Qarabağ əyalətinin icmal dəftəri”, “Ərdəbil livasının müfəssəl dəftəri” və digər Osmanlı dəftərləri ətraflı araşdırma, qeyd və şərhlərlə Azərbaycan dilinə tərcümə olunaraq nəşr edilib.

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023