AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Tarixdə görünməmiş qardaşlıq və həmrəylik nümunəsi Fev 13, 2023 | 04:45 / Müsahibələr, çıxışlar
Feb 13, 2023 | 16:45 Müsahibələr, çıxışlar

Türkiyədə baş verən dəhşətli zəlzələ və hər gün artmaqda olan çoxsaylı insan tələfatı barədə xəbərlər hər birimizi çox sarsıtdı. Bu acı tək Türkiyənin deyil, bütün türk dünyasının, o cümlədən Azərbaycanın acısıdır. On minlərlə, bəlkə də, 100 minlərlə insan, uşaq, böyük, qoca dağıntılar altında qalıb. Dəhşətli insanlıq faciəsi baş verib. Bu şəraitdə hər kəsi ilk düşündürən zərərşəkənlərə necə və nə ilə kömək etməkdir. Bu, beynəlxalq təşkilatlar, ölkələr, xalqlar, icmalar və ayrı-ayrı insanlar səviyyəsində gerçəkləşdirilir.

Bunu açıqlamasında AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən, Şərqşünaslıq İnstitutunun baş direktoru, akademik Gövhər Baxşəliyeva söyləyib. O bildirib ki, bütün dünya Türkiyədə zəlzələdən zərərçəkmişlərə yardım edir. Amma bu sırada Azərbaycanın, onun Prezidentinin və xalqının yeri xüsusidir. Hadisənin ilk saatlarından ölkə Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla əlaqə saxlayaraq ona və bütün Türkiyəyə başsağlığı verdi və Azərbaycanın bu ağır günlərdə daim türk xalqının yanında olduğunu, hər növ yardıma hazır olduğunu bildirdi. Prezidentin göstərişi ilə ölkəmizdən qardaş Türkiyəyə xilasedicilər, həkimlər, eləcə də yardımlar göndərildi. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın tapşırığı ilə həyata keçirilən humanitar yardım aksiyaları, Heydər Əliyev Fondunun dəstəyi ilə qardaş ölkəyə çatdırılan yardımlar da zəlzələdən zərərçəkən, evsiz qalaraq qışın sərt soyuğu ilə üzləşmiş insanlar üçün böyük əhəmiyyət daşıyır.

Türkiyəyə yardımımız ümumxalq aksiyasına çevrildi. Yüz minlərlə azərbaycanlı istər zəruri əşyalarla, ərzaqlarla, istərsə də maddi dəstək şəklində yardımlarla bu aksiyaya qatıldı. Yardım aksiyasına AMEA-nın kollektivi, o cümlədən Şərqşünaslıq İnstitutunun da əməkdaşları qoşuldu.

“Azərbaycan xalqının bu milli birliyi və həmrəyliyi, qəhrəman xilasedicilərimizin, həkimlərimizin zəlzələ bölgəsində gördüyü böyük işlər, yardım kampaniyasında iştirak edən hər bir vətəndaşımızın, yerli şirkət və təşkilatlarımızın, könüllülərin dəstəyi Türkiyə-Azərbaycan qardaşlığını, birliyini bir daha əyani nümayiş etdirdi. Vətəndaşlarımızın nəcib əməlinə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva özünün rəsmi instaqram səhifəsində Türkiyədəki zəlzələdən zərərçəkənlərə humanitar yardımla bağlı etdiyi paylaşımda yüksək qiymət verdi. Birlik və həmrəylik nümayiş etdirərək, əl-ələ verərək çətinliklərdən və sınaqlardan birlikdə üzüağ çıxmaq kimi gözəl xüsusiyyətə malik, Türkiyə xalqına göstərdiyi dəstəklə xalqlarımız arasında qardaşlıq, dostluq münasibətlərini, qarşılıqlı sevginin sarsılmazlığını möhkəmliyini, əbədiliyinin növbəti dəfə əyani sübut edən Azərbaycan xalqı ilə qürur duyduğunu bildirən Mehriban xanımın bu paylaşımı hər birimizi təsirləndirdi. Böyük ürək sahibi Mehriban xanım Əliyevanın böyük faciə ilə üzləşən türk xalqına yardım edənlərin ilk sırasında olması bir daha mərhəmətli, humanist, vətənpərvər bir Azərbaycan qadınının obrazını göz önünə gətirdi”, - deyə G.Baxşəliyeva vurğulayıb.

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023