AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Rəyasət Heyətinin iclasında AMEA-nın elmi müəssisələrində aparılan struktur islahatları müzakirə olunub
Feb 15, 2023 | 13:00 Mühüm hadisələr

AMEA Rəyasət Heyətinin fevralın 14-də keçirilən iclasında müzakirəyə çıxarılan növbəti məsələlər Akademiyanın elmi müəssisələrində aparılan struktur islahatları haqqında olub.

Akademik İsa Həbibbəyli bildirib ki, AMEA-da idarəetmənin təkmilləşdirilməsi, paralel qurumların aradan qaldırılması, elmi istiqamətlər üzrə mütəxəssislərin vahid mərkəzdə cəmləşdirilməsi məqsədilə struktur islahatları aparılır.

Daha sonra iclasda AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Erkən yeni dövr Azərbaycan ədəbiyyatı şöbəsinin ləğv edilməsi, Yeni dövr Azərbaycan ədəbiyyatı şöbəsinin bazasında Erkən realizm və yeni dövr Azərbaycan ədəbiyyatı şöbəsinin yaradılması haqqında qərar qəbul olunub.

Həmçinin AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Kitabxana və elmi informasiya və Biblioqrafiyaşünaslıq şöbələrinin bazasında Kitabxana və biblioqrafiyaşünaslıq şöbəsi yaradılıb, Şərq ölkələri türkdilli əlyazmaların tədqiqi şöbəsi isə Türkdilli əlyazmaların tədqiqi şöbəsi adlandırılıb.

Bundan əlavə, AMEA-nın Rəyasət Heyətinin 16 yanvar 2023-cü il tarixli qərarına əsasən Folklor İnstitutunun Musiqi folkloru şöbəsi ləğv edildiyi üçün institutun Elmi şurasının qərarı ilə “Qorqud” ansamblının da fəaliyyətinə xitam verilib.

Eyni zamanda müvafiq elmi-tədqiqat institutlarının təqdimatları nəzərə alınaraq AMEA-nın Bakıxanov adına Tarix  İnstitutunun Atropatena-Albaniya (Qafqaz) tarixi şöbəsinin Azərbaycanın e.ə. IV – e. VII əsrinin ortaları tarixi şöbəsi, Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunda isə Son Neolit və Xalkolit (Eneolit) dövrü arxeologiyası şöbəsinin isə Neolit-Eneolit dövrü arxeologiyası adlandırılması barədə qərar qəbul olunub.


 

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023