AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Şərqşünaslıq İnstitutunun “Şərq araşdırmaları” elmi-nəzəri jurnalının növbəti sayı çap olunub
Feb 17, 2023 | 10:42 Yeni nəşrlər

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun “Şərq araşdırmaları” elmi-nəzəri jurnalının növbəti sayı işıq üzü görüb.

Jurnalda ədəbiyyat, dilçilik, tarix, etnoqrafiya, siyasi elmlər və fəlsəfə sahələrinə aid elmi məqalələr dərc olunub.

Jurnalın “Ədəbiyyat” bölməsində Qloballaşma prosesində türk yazıçıların Almaniyada multikultural ədəbiyyatşünaslığın inkişafındakı rolu, Nizami və Şərq folklor ənənələri barədə, eləcə də Ali Ayçilin “Sehirbaz Seyfəddinin son sehri” adlı hekayəsinin təhlilinin aparıldığı məqalələr yer alır.

“Dilçilik” bölməsində Yunus Əmrə divanında ərəb-fars mənşəli sözlərdən bəhs edilən məqalə təqdim edilir.

“Tarix, etnoqrafiya və siyasi elmlər” bölməsindəki məqalələrdə Çinin ABŞ və İrana münasibətdə siyasi manevrlərindən, Azərbaycan demokrat firqəsinin dövlətçilik siyasətindən, Cənubi Qafqazın əsas qədim tayfalarından biri olan xəzərlərin etnocoğrafi yerləşməsindən,  XIX əsrin əvvəllərində Cənubi Qafqazda müsəlman ruhaniliyi tarixindən, Türkiyədə suriyalı qaçqınların qarşılaşdıqları sosial problemlərdən bəhs edilir. Bu bölmədə, həmçinin “Avrointeqrasiya beynəlxalq münasibətlər sisteminin obyektiv prosesi kimi”, “Əlcəzair İstiqlal Müharibəsi - müstəmləkəçi Fransa siyasətinin dağılması”, “Müharibə və sülh məsələləri: yeni reallıqlar” adlı məqalələr yer alır.

Jurnalın “Fəlsəfə” bölməsində Azərbaycan Respublikasında dövlət gənclər siyasətinin başlıca istiqamətləri və vəzifələrindən və Həmzə Nigarinin dini-etik görüşlərindən bəhs edən məqalələr təqdim edilir.

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023