AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Uzun Həsən Bayandurun 600 illiyi münasibətilə elmi forum keçirilib
Oct 03, 2023 | 10:54 Konfranslar, iclaslar

AMEA-nın Tarix İnstitutunda görkəmli dövlət xadimi Uzun Həsən Bayandurun (1423-1478) anadan olmasının 600 illiyi münasibətilə elmi forum keçirilib.

Forumu açan institutun icraçı direktoru, tarix elmləri doktoru İlqar Niftəliyev Ağqoyunlu dövlətinin banisi Uzun Həsən Bayandurun Azərbaycan dövlətçiliyinin tarixində xüsusi yeri olduğunu söyləyib. Bildirib ki, onun yaratdığı Ağqoyunlu dövləti XV-XVI əsrlərin əvvəllərində Yaxın Şərqin siyasi xəritəsində mühüm faktora çevrilib. Ağqoyunlu Avropa dövlətləri siyasi-diplomatik əlaqələr quran ilk Azərbaycan dövləti idi. Uzun Həsənin hazırladığı Qanunnamə hətta sonrakı dövrdə Azərbaycan dövlətlərinin sosial-iqtisadi siyasətində geniş tətbiq olunub.

Daha sonra tarix elmləri doktoru, dosent Tofiq Nəcəfli “Azərbaycan Ağqoyunlu dövlətinin qurucusu - böyük dövlət xadimi Həsən Padşah Bayandur” adlı məruzəsi ilə çıxış edib. Bildirib ki, XV əsrin başlanğıcında Azərbaycan torpaqları yadelli əsarətindən azad edilərək Oğuz-türk ənənələrinə söykənən milli dövlətçiliyimiz bərpa olunub. Azərbaycan Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin yaranmasında və möhkəmlənməsində mühüm əməyi olan Qara Yusif və Həsən Padşah Bayandur kimi tarixi şəxsiyyətlər Azərbaycan dövlətçiliyinin inkişafında, qonşu dövlətlərlə qarşılıqlı münasibətlərinin qurulmasında və inkişaf etdirilməsində əhəmiyyətli rol oynayıblar.

Azərbaycanın və bütün Şərqin zəngin dövlətçilik ənənələri və yaşadığı dövrün beynəlxalq münasibətləri ilə, o cümlədən xristian dünyasında baş verən hadisələrlə dərindən tanış olan Həsən Bayandur son dərəcə tədbirli siyasi xadim kimi tanınıb. O, həmçinin elmə böyük qiymət verib, dövrünün alimlərini himayə edib və cümə axşamları tanınmış elm adamlarını sarayına toplayaraq xüsusi elmi müzakirələr keçirib.

Elmi forumda “Gəncənin Osmanlı bəylərbəyiləri (1588-1606)”, “Uzun Həsənin nəsil şəcərəsi və tarixi şəxsiyyəti”, “Ağqoyunlu bəyliyi - Uzun Həsən Ağqoyunlu dövlətinin banisidir”, “Uzun Həsən istedadlı sərkərdə və görkəmli dövlət xadimi kimi”, “Uzun Həsənin dövründə (1468-1478) Azərbaycanın beynəlxalq əlaqələri”, “Uzun Həsənin dövründə Böyük ipək yolu və Azərbaycan: sosial-iqtisadi əlaqələr”, “Milli-mənlik şüurunun möhkəmlənməsində Uzun Həsənin rolu: dini tolerantlıq, din və təsəvvüf”, “Uzun Həsənin dövründə elm və mədəniyyət: ədəbiyyat, türk dili, fəlsəfə, memarlıq”, “Ağqoyunlu dövlətinin ilkin qaynaqları və əsas araşdırıcıları”, “Günümüzə qədər gəlib çatan maddi-mədəniyyət abidələrində Uzun Həsən və varislərinin izləri”, “Uzun Həsənin Azərbaycan dövlətçilik tarixində yeri və rolu” mövzularında məruzələr dinlənilib, müzakirələr aparılıb.

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023