AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
İraq Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Şərqşünaslıq İnstitutunda olub
Oct 21, 2023 | 18:00 Görüşlər

İraq Respublikasının Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, İraq – Azərbaycan Dostluq Cəmiyyətinin sədri, İraqda nəşr olunan “Sadaka” qəzetinin baş redaktoru doktor Mutaz Muhi Əbdülhəmid AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda olub.

İraqlı qonaq ilk olaraq AMEA-nın vitse-prezidenti v.i.e., Şərqşünaslıq İnstitutunun baş direktoru, akademik Gövhər Baxşəliyeva ilə görüşüb. Görüşdə Şərqşünaslıq İnstitutu ilə İraq Respublikasının Strateji Araşdırmalar Mərkəzi arasında əməkdaşlığın yüksək səviyyədə həyata keçirilməsi qeyd edilib və bu sahədə atılacaq növbəti addımlarla bağlı söhbət aparılıb.

Sonra doktor Mutaz Muhi Əbdülhəmid Şərqşünaslıq İnstitutunun kollektivi ilə görüşüb. Akademik Gövhər Baxşəliyeva Şərqşünaslıq İnstitutu ilə İraq Respublikasının Strateji Araşdırmalar Mərkəzi arasında sıx əməkdaşlığın həyata keçirildiyini və doktor Mutaz Muhi Əbdülhəmidin Azərbaycan – İraq elmi əlaqələrinin inkişafına böyük töhfələr verdiyini bildirib. Bu il avqustun 30-da İraq Respublikasının Strateji Araşdırmalar Mərkəzinin və İraq – Azərbaycan Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə İraqda Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və müasir ərəb İslam Şərqi” adlı beynəlxalq konfransın keçirildiyini xatırladan akademik Gövhər Baxşəliyeva, həmin konfransda məruzə edən azərbaycanlı nümayəndələr sırasında Şərqşünaslıq İnstitutunun icraçı direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent  Ruhəngiz Cümşüdlü və Beynəlxalq əlaqələr şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Gülər Qafqazlının da olduğunu qeyd edib.

Doktor Mutaz Muhi Əbdülhəmid konfransa bir sıra ərəb ölkələrindən və Azərbaycandan 40-dan çox alimin qatıldığını deyərək, azərbaycanlı alimlərin iştirakından məmnunluğunu bildirib.

Tədbirdə İraqda keçirilmiş “Heydər Əliyev və müasir ərəb İslam Şərqi” adlı beynəlxalq konfransda məruzə etmiş Şərqşünaslıq İnstitutunun əməkdaşlarına və Azərbaycanın digər elmi və ictimai təşkilatlarından olan məruzəçilərə sertifikatlar təqdim edilib.

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023