AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Tanınmış etnoqraf alim Emil Kərimov vəfat edib
Oct 27, 2023 | 15:54 Elanlar

Azərbaycan etnoqrafiya elminin inkişafında mühüm xidmətləri olan alim, AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun aparıcı elmi işçisi, t.ü.f.d., Emil Kərimov oktyabrın 27-də 90 yaşında vəfat etmişdir. 

Emil Kərimov 1933-cü il mayın 15-də Qərbi Azərbaycanın İrəvan şəhərində anadan olmuşdur. 1948-ci ildə Azərbaycanlılara qarşı kütləvi deportasiya nəticəsində indiki Göygöl rayonuna köçürülmüşdür.

Emil Kərimov 1960-1963-cü illərdə Rusiya EA Etnoqrafiya və Antropologiya İnstititunun aspirantı olmuşdur. O, 1963-cü ildən Azərbaycan SSR EA Tarix İnstitutunda elmi işçi vəzifəsində işləmişdir. 1968-ci ildə “Rusiyada Azərbaycan etnoqrafiyasının öyrənilməsi tarixi (XVIII-XIX əsrlər)” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.

E.Kərimov 5 monoqrafiyanın və 100-ə yaxın elmi məqalənin müəllifi olmuşdur. O, bir sıra xarici ölkələrdə (Rusiya, Hindistan, İsrail, Gürcüstan, İran və s.) Azərbaycan etnoqrafiyasının aktual problemlərinə aid məruzələrlə çıxış etmişdir.

Emil Kərimovun görkəmli arxeoloq və müzeyşünas Hümmel tərəfindən təsis edilmiş Xanlar Diyarşünaslıq Muzeyinin XX əsrin 60-cı illərində ermənilər tərəfindən dağıdılması və talan edilməsi məsələlərinə həsr edilmiş məqaləsi Moskvada almanlara həsr olunan dövri mətbuat orqanında nəşr edilmişdir. Bundan başqa, Emil Kərimov M.F.Axundovun “Rusiya Coğrafiya Cəmiyyətinin Qafqaz şöbəsi”nin fəxri üzvü olduğu müddətdə yerli toponimlərlə məşğul olması faktını aşkar etmişdir.

E.Kərimovun “Etnoqrafiya” ixtisası üzrə kadr hazırlanması işində xidmətləri çox böyük olmuşdur. O, 2003-cü ildən 2023-cü ilin mart ayınadək Müasir dövr etnoqrafiyası şöbəsinə rəhbərlik etmişdir.

Ömrünü Azərbaycan elminin inkişafına həsr edən fədakar alim, gözəl insan Emil Kərimovun xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023