AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Şərqşünas alimlər Türkiyədə keçirilən beynəlxalq konfransda məruzə ediblər
Oct 30, 2023 | 14:08 Mühüm hadisələr

ktyabrın 27-29-da Türkiyədə “I Beynəlxalq sosial və humanitar elmlər konfransı” keçirilib.

Konyanın Beyşehir Selcuklu Universiteti tərəfindən təşkil edilən konfransda AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun əməkdaşları-aparıcı elmi işçilər, filologiya üzrə fəlsəfə doktorları Aygün Əlizadə, Vüqar Məmmədov və elmi işçi İbrahim Bağırov onlayn şəkildə iştirak ediblər.

Aygün Əlizadənin “Zərdüştilikdə irfan” mövzusunda məruzəsində monoteist din olması “Qatlar” əsasında sübut olunan zərdüştilik dininin Allah, insan, dünya və axirət haqqındakı baxışları nəzərdən keçirilib. Onu da qeyd etmək lazımdır ki, bu dində olan mərifət məsələsi İslamdan sonra yaranmış mərifət mövzusu ilə eynilik təşkil edir.

Vüqar Məmmədov “Fars dilçiliyinin təşəkkül və ilkin inkişaf dövrü Azərbaycan şərqşünaslarının tədqiqatlarında” mövzusunda məruzəsində orta əsrlər Azərbaycan alimlərinin bu sahədə leksikoqrafik və qrammatik əsərlərinin araşdırılmasında böyük xidmətləri olan şərqşünas alimlər Cəmilə Sadıqova və Təyyibə Ələsgərovanın elmə verdiyi töhfələrdən bəhs edib. Məruzəçi bu alimlərin “Fars dilini tədqiq edən Azərbaycan alimləri (XI–XX əsrin birinci rübü)”, “Hinduşah Naxçıvani. “əs-Sihah əl-Əcəmiyyə” və “Hüsaməddin Xoyi. “Töhfeyi Hüsam” kitabları, eləcə də Qətran Təbrizi, Hübeyş Tiflisi, Hinduşah Naxçıvani, Hüsaməddin Xoyi, Məhəmməd bin Hinduşah Naxçıvani kimi orta əsrlər alimləri haqqında məqalə və məruzələrindən söz açıb.

İbrahim Bağırov “Molla Sədra və ruh-bədən problemi” mövzusunda məruzəsində Səfəvi dövrü islam filosofu Molla Sədra olaraq tanınan Sədrəddin Şirazinin ruh-bədən anlayışı, ruhun mahiyyəti, təbiəti və bədənlə olan münasibətinə dair fikirlərindən bəhs edib. Şirazinin “cismani yaranış – ruhani qalış” şəklində təqdim etdiyi təkamülçü insan konsepsiyası zehin fəlsəfəsinin ruh-bədən problemi kontekstində ələ alınaraq təhlil edilib. Nəticədə ümumi olaraq Şirazi psixologiyasının müasir fəlsəfədəki ruh-bədən problemi baxımından tutarlı bir sistem olaraq müəyyən cavabsız suallara yer qoysa da, filosofun öz fəlsəfəsinin prinsipləri baxımından tutarlı bir sistem olaraq qəbul edilə biləcəyi vurğulanıb.

İştirakçılara sertifikatlar təqdim edilib. Konfransın materialları dərc edilib.

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023