AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Kilsədağ məbədi ətrafında antik və ilk orta əsrlərdə salınmış qala tipli yaşayış məskəni olub
Oct 31, 2023 | 16:20 Mühüm hadisələr

Qafqaz Albaniyasının xristian abidələri arxeoloji tədqiqi ekspedisiyasının Kilsədağ məbəd kompleksinin C və D kvadratlarında apardığı arxeoloji tədqiqat işləri mühüm elmi nəticələrlə yekunlaşıb.

Bunu açıqlamasında ekspedisiyanın rəhbəri, AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun Albanşünaslıq Elmi Mərkəzinin Qafqaz Albaniyası memarlıq abidələri və mənəvi irsinin tədqiqi sektorunun müdiri tarix üzrə fəlsəfə doktoru, dosent Natiq Alışov deyib. O bildirib ki, 2022-ci ildə ekspedisiyanın fəaliyyəti zamanı böyük ölçülü (21x12) dini ictimai binanın qalıqları aşkar edilib. Bu tədqiqat mövsümündə isə C və D kvadratlarında üçotaqlı yaşayış yerinin divar qalıqlarının üstü açılıb. C kvadratda mədəni təbəqənin ümumi dərinliyinin 70 santimetr, D kvadratda tədqiqata cəlb edilmiş təsərrüfat təyinatlı quyunun dərinliyi nəzərə alınmaqla 1,50 metrdən artıq olduğu müəyyən edilib.

“Ərazidən aşkarlanmış maddi mədəniyyət nümunələrinə əsasən belə bir nəticəyə gəlmək olar ki, dairəvi məbəd kompleksi ətrafında antik və ilk orta əsrlərdə salınmış qala tipli yaşayış məskəni olub. Tədqiqatlar zamanı dağın ətəyində salınmış qala tipli yaşayış məskəninin terrasvari formada inşa olunması müəyyən edilib, onun mühafizə divarının mövcudluğu qeydə alınıb”, - deyə ekspedisiya rəhbəri qeyd edib.

Alim bildirib ki, strateji baxımdan yüksək ərazidə inşa olunan qala tipli yaşayış məskənləri ilk orta əsrlər üçün xarakterik olub. Məhz bu ərazinin strateji mövqeyi və Kilsədağda mövcud olan qaya daşları burada qala və yaşayış yerlənin inşa edilməsi üçün əhəmiyyətli ərazi hesab olunub. İki hektara yaxın ərazidə müşahidə edilən tikili qalıqları dairəvi məbəd kompleksini tam əhatəyə alıb. Bu da məbəd kompleksi ətrafında din xadimlərinin və xidmətçilərin yaşaması fikri üzərində düşünməyimizə əsas verir.

“Belə bir nümunəyə biz Qax rayonu ərazisində yerləşən Ləkit dairəvi məbədi ətrafında da rast gəlirik. Gələcəkdə Kilsədağ məbədi ətrafında aparılacaq arxeoloji tədqiqatlar nəticəsində ərazinin memarlıq plan quruluşunu geniş şəkildə açmaq imkanımız yaranacaq və abidənin dəqiq inşa tarixi haqqında yekdil fikir irəli sürməyə kifayət qədər informasiya cəmləşəcək”, - deyə N.Alışov əlavə edib.

AzərTac

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023