AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
AMEA-nın müxbir üzvü Könül Bünyadzadə Pakistanın bir sıra ali məktəblərində görüşlər keçirib
Nov 14, 2023 | 11:18 Görüşlər

Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Könül Bünyadzadə Azərbaycan Milli Elmlər Akademiyası ilə Lahor Dövlət Kollec Universiteti arasında 2022-ci ilin dekabrında  imzalanmış memorandum əsasında Lahor şəhərində bir sıra görüşlər keçirib.

O, səfər çərçivəsində əvvəlcə Lahor Dövlət Təhsil Mərkəzində olub. Mərkəzin direktoru Muhammad Ramzan və kollektivlə görüşü zamanı Könül Bünyadzadə təhsil  sisteminin xüsusiyyətləri ilə tanış olub, müəllim heyətinin Azərbaycanda texniki-peşə məktəblərinin institut və zavodlar arasındakı əlaqəsi haqqında suallarını cavablandırıb.

Azərbaycanlı alim mərkəzin tələbələri ilə görüşündə ixtisasartırma emalatxanaları və tələbələrin əl işləri ilə tanış olub.

Növbəti görüş İslamabad şəhərində yerləşən Federal Təhsil və Peşəkar Təlim Nazirliyi nəzdində Pakistan Təhsil İnstitutunda baş tutub. Görüşdə institutun direktoru Şahid Soroya rəhbərlik etdiyi qurumun bütün təhsil ocaqları ilə Təhsil Nazirliyi arasında əlaqələndirici platforma rolunu oynadığını diqqətə çatdırıb. Bildirib ki, qurumun məqsədi müəllim və tələbələrin işlə təmini, onların elmi tədqiqatlarının nəticələrinin nüfuzlu jurnallarda nəşri və yerli dərgilərin impakt faktorunun yüksəldilməsi, o cümlədən yerli tələbələrin və gənc mütəxəssislərin xarici qrant və layihələrdə iştirakına şərait yaratmaqdan ibarətdir. Direktorun sözlərinə görə, məhz bu institutun sayəsində hər il onlarla tələbə xaricdə təhsil alır, araşdırmalar aparır, ortaq layihələrə qoşulur və beynəlxalq səviyyəli sertifikatlar qazanırlar.

Şahid Soroya görüşdə Azərbaycanla əlaqələrin genişlənməsi, müəllim və tələbə mübadiləsinin aparılması, qarşılıqlı əməkdaşlığın zəruriliyi məsələsinə də toxunub.

Könül Bünyadzadə bu kimi layihələrin və memorandumların imzalanmasının əhəmiyyətini vurğulayıb. Eyni zamanda, Azərbaycanda fəaliyyət göstərən elmi tədqiqat institutları və Azərbaycan Milli Elmlər Akademiyası haqqında geniş məlumat verib, elmi dərgilər, gənclərin beynəlxalq təcrübələri barədə danışıb.

Azərbaycanlı alim səfəri çərçivəsində, həmçinin Lahor Dövlət Kollec Universitetinin rektoru Əhməd Adnanla görüşüb. Əvvəlcə Ə.Adnan universitetin yaranma tarixi, burada təhsil almış görkəmli şəxslər haqqında qonağa məlumat verib. O, tanınmış fizik Əbdüs Səlamın Nobel mükafatının alimin öz vəsiyyətinə uyğun olaraq hazırda universitetdə saxlandığını bildirib.

AMEA-nın müxbir üzvü Könül Bünyadzadə Akademiyanın prezidenti, akademik İsa Həbibbəylinin salamlarını və xoş arzularını rektora çatdırıb. O, Azərbaycanda dövlət tərəfindən qarşılanan orta və ali təhsil sistemi, elmi tədqiqat institutları haqqında məlumat verib. Azərbaycanın kifayət qədər geniş xarici əlaqələrinin olduğuna diqqət çəkən Könül Bünyadzadə istər tələbələr, istərsə də tədqiqatçıların xaricdə təhsil almaq, layihələrdə iştirak etmək imkanlarına sahib olduqlarını vurğulayıb.

Könül Bünyadzadə Dövlət Kollec Universitetində Azərbaycan-Urdu Araşdırmalar Mərkəzinin yaradılmasına görə rəhbərliyə təşəkkür edib. O, Bakı Dövlət Universitetində 22 ildir Urdu dili və ədəbiyyatı şöbəsinin fəaliyyət göstərdiyini, Azərbaycan Milli Elmlər Akademiyasında isə 5 ildən artıqdır ki, Pakistan otağının yaradıldığını diqqətə çatdırıb. Azərbaycanlı alim universitetdə Azərbaycan dilinin tədris olunması və Araşdırma Mərkəzində əsərlərin orijinalından tədqiqat aparmaq imkanlarının yaradılmasına dair təkliflərini səsləndirib.

Sonda Könül Bünyadzadə akademik İsa Həbibbəylinin adından universitet rəhbərliyinə Azərbaycan xalçasının modelini bağışlayıb. Həmçinin AMEA tərəfindən Azərbaycan-Urdu Araşdırmalar Mərkəzinə hədiyyə edilən kitabları rektora təqdim edib.

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023