AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Tarix İnstitutunun əməkdaşı beynəlxalq konfransda iştirak edib
Nov 20, 2023 | 14:16 Mühüm hadisələr

AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun Tarixin nəzəriyyəsi, mənbəşünaslıq və tarixşünaslıq şöbəsinin əməkdaşı t.ü.f.d, dosent Pərvin Ahənçi Bolqar İslam Akademiyası və “İslam mədəniyyəti, elm və təhsilə dəstək Fondu” tərəfindən Rusiya Federasiyasının Tatarıstan Respublikasının Bolqar şəhərində “Müasir təhsil sistemində islam teologiyası: problemlər və perspektivlər” mövzusunda keçirdiyi beynəlxalq elmi-praktiki konfransda iştirak edib.

Tarixçi alim konfransda “Qafqaz Müsəlmanları Ali Ruhani İdarəsinin elmi-dini təhsil fəaliyyəti (XlX əsrin sonu-XX əsrin əvvəli)” adlı elmi məruzəylə çıxış edib. Məruzə Azərbaycan Respublikası Dövlət Tarix arxivində saxlanılan Zaqafqaziya Müsəlmanları Ali Ruhani İdarələrinin elmi-dini təhsil fəaliyyətinə dair tarixi əhəmiyyət kəsb edən arxiv mənbələrinin mənbəşünaslıq potensialı, tarixi əhəmiyyəti, Şuşa məktəb, mədrəsə və dini məbədlərinə dair çoxsaylı slaydlardan ibarət təqdimatla müşayiət olunub.

Məruzədə Zaqafqaziya Müsəlmanları Ruhani İdarələrinin arxiv irsində o dövrdə regionun mürəkkəb dini mənzərəsi, sosial-mədəni kontekstin Zaqafqaziyada teoloji fikrə və maarifçilik təcrübəsinə necə təsir etdiyini, islam təhsilinin inkişafı və yayılmasında ilahiyyatçıların rolu barədə sanballı məlumatlar əks etdirilib. P.Ahənçi Azərbaycanın tarixi-mədəni mərkəzi olan Şuşa şəhərinin timsalında Qarabağda məktəb və mədrəsələrin təşkili ilə bağlı maraqlı faktları, o cümlədən Molla Pənah Vaqifin ilk mollaxanası, ensiklopedik alim Mir Möhsün Nəvvabın təşkil etdiyi məktəb və Gövhərağanın “gövhəriyyə məktəbi” haqqında maraqlı materialları qeyd edib. Məruzədə qeyd olunub ki, Zaqafqaziya Müsəlmanları Ruhani İdarələrinin arxiv irsindən olan maarifləndirici materialların tədqiqi Zaqafqaziya müsəlmanlarının təhsil müəssisələrində tətbiq olunan tədris proqramları və pedaqoji yanaşmalar haqqında məlumat verir.

Bolqar İslam Akademiyası, öncəki konfransların təcrübəsindən irəli gələrək, sözügedən konfransa təqdim edilən məruzələri elmi topluda çap etdirilməsini nəzərdə tutur.

Pərvin Ahənçi Bolqar Dövlət tarixi-memarlıq muzey-qoruğuna ekskursiya və bir sıra mədəni-maarifləndirici tədbirlərdə iştirak edib və Bolqar İslam Akademiyası və “İslam mədəniyyəti, elm və təhsilə dəstək Fondu”nun sertifikatı ilə təltif edilib.

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023