AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Şərqşünaslıq İnstitutunda “Azərbaycan elminin inkişafında “Azərbaycanı Tədqiq və Təttəbbö Cəmiyyəti”nin rolu” mövzusunda elmi sessiya keçirilib
Dec 06, 2023 | 14:21 Konfranslar, iclaslar

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda “Azərbaycan elminin inkişafında “Azərbaycanı Tədqiq və Təttəbbö Cəmiyyəti”nin rolu” mövzusunda elmi sessiya keçirilib.

Elmi sessiyanı giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən, Şərqşünaslıq İnstitutunun direktoru akademik Gövhər Baxşəliyeva Azərbaycanda elmin daha da inkişafı üçün elmi mərkəzə ehtiyac duyulduğu bir vaxtda 1923-cü ildə bu istiqamətdə ilk cəhd kimi yaradılan “Azərbaycanı Tədqiq və Təttəbbö Cəmiyyəti”nin həmin ilin 2 noyabrında 40 nəfərə qədər görkəmli alim və mütəxəssisin iştirakı ilə yaradıldığını bildirib. Dövrün tanınmış ictimai-siyasi xadimlərinin, elm adamlarının bu quruma üzv seçildiyini deyən G.Baxşəliyeva Cəmiyyətin respublikanın müxtəlif bölgələrində, eləcə də respublikadan kənarda Moskvada və Leninqradda şöbələrinin yaradıldığını qeyd edib. Cəmiyyətin Azərbaycan xalqının ədəbi irsi və folklorunun öyrənilməsi sahəsində böyük iş apardığını deyən akademik, Moskva və Leninqradda dəvət edilən görkəmli alimlərin Bakıda mühazirələr oxuduğunu da qeyd edib.

1924-cü ildə “Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti”nin təşəbbüsü ilə Bakıda Azərbaycan Diyarşünaslarının I Qurultayının keçirildiyini söyləyən akademik Gövhər Baxşəliyeva həmin tədbirdə I Ümumittifaq Bakı Türkoloji Qurultayının təşkili kimi mühüm qərarların qəbul edildiyini bildirib, Cəmiyyətin sonrakı illərdə Elmlər Akademiyanın yaranması üçün zəmin formalaşdırdığını və Azərbaycan elminin bugünkü səviyyəyə gəlib çatmasına öz töhfəsini verdiyini vurğulayıb.

Elmi sessiyada Şərqşünaslıq İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Ruhəngiz Cümşüdlü “Azərbaycan elminin inkişafında “Azərbaycanı Tədqiq və Təttəbbö Cəmiyyəti”nin rolu” mövzusunda məruzə edib. Məruzədə 1923-cü il noyabrın 2-də təsis olunmuş “Azərbaycanı Tədqiq və Tətəbbö cəmiyyəti”nin ilk Azərbaycanşünaslıq mərkəzi olduğu və bu cəmiyyətin yaradıcılarının düşünülmüş şəkildə Azərbaycanı bütün yönləri və istiqamətləri ilə tədqiq etməyi qarşılarına məqsəd qoyduqları qeyd edilib. R.Cümşüdlü bildirib ki, Cəmiyyətin Nizamnaməsində “Azərbaycanın və onunla həmhüdud ölkələrin tarixi, ədəbiyyatı, dili, etnoqrafiyası, folkloru və maddi-mədəniyyət abidələrini öyrənmək” xüsusi qeyd olunurdu. Bu məqsədlə konfranslar, qurultaylar, simpoziumlar təşkil olunur, dialektoloji, arxeoloji və folklor nümunələrinin toplanması məqsədilə ekspedisiyalar təşkil olunurdu. Məruzəçi Cəmiyyətin fəaliyyət tarixində 1924-cü il də keçirilən I Ölkəşünaslıq Qurultayının və 1926-cı ildə təşkil olunan I Türkoloji Qurultayının xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023