AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Tarix İnstitutu 2023-cü il üzrə hesabatını təqdim edib
Dec 08, 2023 | 09:54 Konfranslar, iclaslar

AMEA-nın Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutunun Elmi şurasının illik hesabat iclası keçirilib.

İclası institutun direktoru professor Kərim Şükürov açaraq Elmi şura üzvlərini və qonaqları salamlayıb. K.Şükürov hesabat ilində institutda aparılan təşkilati işlər barədə məlumat verdikdən sonra sözügedən elmi müəssisənin 2024-cü il üçün planları və perspektivlər barədə də danışıb, gələcək fəaliyyət planında müasir elmi çağırışlara cavab verən eyni zamanda, ölkə əhəmiyyətli elmi-tədqiqatların aparılmasının vacibliyini vurğulayıb.

Sonra institutun elmi katibi tarix üzrə fəlsəfə doktoru Ellada Bəkirova 2023-cü il üçün müəssisənin elmi-tədqiqat işləri barədə yekun hesabatı təqdim edib. O, ilk növbədə hesabat ilində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” 29 sentyabr 2022-ci il tarixli Sərəncamının icrası ilə bağlı görülən işlərdən danışıb, institutda keçirilən “Heydər Əliyevin regionun inkişaf etdirilməsi siyasəti və müasir mərhələdə Azərbaycanın regional inkişafı” adlı respublika elmi konfransı, “Heydər Əliyev-100” və “Heydər Əliyev və Türk dünyası” adlı dəyirmi masalar, “Heydər Əliyev irsi dünya arenasında” və “Heydər Əliyev: müasir Azərbaycan dövlətinin banisi” adlı respublika elmi konfransları barədə məlumat verib. Hesabat ilində institutda Ulu Öndərə həsr olunmuş 3 kitabın  “Heydər Əliyev: xalqa xidmətin parlaq nümunəsi”, “Qarabağın inkişaf konsepsiyası (1960-cı illərin sonları-1980-ci illərin əvvəlləri”, “Роль Гейдара Алиева в обеспечении территориальной целостности Азербайджана (1960-1991)” nəşr olunduğunu da diqqətə çatdırıb.

E.Bəkirova, həmçinin Azərbaycan Respublikası Prezidentinin “Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi haqqında” 2022-ci il 6 dekabr tarixli Sərəncamının icrası ilə bağlı Tarix İnstitutunda keçirilən tədbirlər barədə məlumat verib, hesabat ilində “Türk dünyasının mədəniyyət paytaxtı Şuşa”nın maddi-mədəniyyət abidələri erməni vandallarının hədəfində”, “Şuşada bərpa və quruculuq işləri: nailiyyətlər və perspektivlər” mövzusunda dəyirmi masaların və “Şuşa Türk dünyası tarixində” mövzusunda elmi konfransın keçirildiyini bildirib.

Ellada Bəkirova vurğulayıb ki, institutunun əməkdaşları elmi-tədqiqat planına uyğun olaraq “Azərbaycan tarixinin tədqiqi” və “Ümumi tarix” elmi istiqamətləri üzrə araşdırma aparıb, “Azərbaycan tarixinə dair ümumiləşdirici tədqiqatlar”, “Tarixşünaslıq və mənbəşünaslıq tədqiqatları”, “Əliyevşünaslıq tədqiqatları”, “Azərbaycanın ictimai-siyasi tarixi”, “Sosial-dini tarix”, “Azərbaycanın tarixi bölgələrinin tədqiqi”, “Beynəlxalq münasibətlər tarixi”, “Cənubi Qafqazın siyasi tarixi” adlı 9 problem üzrə tədqiqatlar aparıblar. İnstitut 2023-cü il ərzində 3 beynəlxalq elmi konfrans, 10 respublika konfransı, 13 dəyirmi masa, 2 elmi sessiya, 6 elmi seminar, 1 elmi forum keçirib. Bunların içərisində 14 aprel 2023-cü il tarixində keçirilən “Qafqaz Albaniyası: Dini və sosial həyatı” X beynəlxalq konfransı vurğulayaraq qeyd edib ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutu, Mənəvi Dəyərlərin Təbliği Fondu və Alban-udi xristian icmasının birgə təşkilatçılığı ilə keçirilən konfransda Türkiyə, Cənubi Koreya, Rusiya, İtaliya, Almaniya, Gürcüstan, Böyük Britaniya, Norveç və Litvanı təmsil edən tədqiqatçı alimlər, mütəxəssislər Albaniya tarixinin müxtəlif məsələləri ilə bağlı məruzə etmişlər. Həmçinin, institutun noyabrın 29-da Türk Tarix Qurumu ilə birgə “Rəvandan İrəvana və Qərbi Azərbaycana” mövzusunda beynəlxalq konfrans keçirilib, Türkiyədən 16 nüfuzlu alimin qatıldığı konfransda İrəvan və bütövlükdə Qərbi Azərbaycan tarixi ilə bağlı müxtəlif mövzularda məruzələr dinlənilib.

Hesabatda bildirilib ki, 2023-cü ildə institutun əməkdaşları tərəfindən 400-dən çox əsər, o cümlədən 34 kitab, 200-dən çox məqalə, 180 məruzə və tezis çap olunub ki, kitablardan ikisi, məqalələrdən isə 46-sı impakt faktorlu jurnallarda olmaqla 90-ı xaricdə nəşr olunub.İnstitut nəşr etdiyi əsərlərin əlçatanlığını artırmaq məqsədilə bu il ilk dəfə olaraq elektron kitab fəaliyyətinə başlamış və il ərzində 10-dan çox əsər bu formata uyğun hazırlanaraq rəsmi veb-saytda yerləşdirilib.

Tarix İnstitutunun əməkdaşları dövriyyəyə yeni sənəd və materialların gətirilməsi işini də diqqətdə saxlayıb, institut əməkdaşları Türkiyə Cümhuriyyətinin Ankara şəhərində Ankara Dövlət Universitetinin “Eski çağ mədəniyyətlər və dillər” bölməsi institutun elmi işçisi Ramin Əlizadə qədim dillərin öyrənilməsi sahəsində nailiyyətlərlə tanış olmaq və mövzusu üzrə material toplamaq üçün (21 may - 1 iyun 2023-cü il tarixləri), institutun kiçik elmi işçisi Selcan Həşimova isə 5-15 noyabr tarixlərində eyni universitetdə ezamiyyətdə olub. Bundan başqa, Rusiya Federasiyası Moskva şəhərinin Rusiya Dövlət Arxivi, Rusiya Dövlət Sosial-Siyasi Tarix arxivi və Rusiya Dövlət Kino-foto sənədlər arxivində “Heydər Əliyevin Vyetnama səfərinin 40 illiyinə həsr olunmuş sənədlər toplusuna material toplamaq üçün institutun aparıcı elmi işçisi Aypara Rüstəmova və elmi işçi Cəmilə Məmmədova (19-29 aprel 2023), Rusiya Federasiyası Moskva şəhərinin Rusiya Dövlət Arxivi 1948-1953 və 1988-1991-ci illərdə Ermənistan SSR ərazisindən azərbaycanlıların Azərbaycan SSR ərazisinə köçürülməsi mövzusunda tədqiqat aparmaq üçün institutun aparıcı elmi işçisi Ziyad Əmrahov və Bəxtiyar Həsənov (15-30 iyun 2023), Böyük Britaniyanın London şəhərində Britaniya kitabxanasında Səfəvilər dövlətinin tarixinə dair mənbələri araşdırmaq məqsədilə institutun aparıcı elmi işçisi Əhməd Quliyev (17-24 iyun 2023), Rusiya Federasiyasının Moskva şəhərindəki Rusiya Dövlət Hərbi Tarix Arxivindən “Azərbaycan əhalisi XVIII-XX əsrlərdə” mövzusu üzrə etnodemoqrafik, etnostatistik və etnoqrafik materiallar toplamaq üçün institutun aparıcı elmi işçisi Rafiq Səfərov (7-17 noyabr 2023) elmi ezamiyyətdə olublar.

Tarix İnstitutunun veb saytı mütəmadi olaraq yenilənir, institutda görülən işlər, keçirilən beynəlxalq və respublika səviyyəli konfranslar, sessiyalar, dissertasiya müdafiələri haqqında məlumatlar, institutun təhsil fəaliyyəti ilə bağlı məlumatlar və sənədlər davamlı olaraq portalda, həmçinin institutun rəsmi feysbuk, instaqram, tvitter səhifələrində paylaşılır. İnstitutun rəsmi Youtube səhifəsində hesabat ilində “Tarixi şəxsiyyətlər” adlı layihə üzrə institutun əməkdaşlarının çıxışları yerləşdirilib.

Hesabatda bildirilib ki, cari il ərzində institutda elmi kadrların hazırlanması prosesi davam etdirilib, yeni doktorant və dissertantlar qəbul edilib, onlara Azərbaycan tarixinin prioritet istiqamətləri üzrə mövzular təklif edilib. Hazırda institutda 24 nəfər doktorant (fəlsəfə doktorluğu üzrə), 12 nəfər dissertant (fəlsəfə doktorluğu üzrə), 4 nəfər doktorant (elmlər doktorluğu üzrə), 30 nəfər dissertant (elmlər doktorluğu üzrə) təhsil alır. Hesabat ili ərzində Dissertasiya Şurasında 4 nəfərin (2 nəfər Tarix İnstitutunun əməkdaşı, 1 nəfər dissertantı olmaqla) elmlər doktoru və 12 nəfərin (5 nəfər Tarix İnstitutundan olmaqla) fəlsəfə doktoru dissertasiyasının da müdafiələri keçirilib.

İclasda iştirak edən AMEA-nın müxbir üzvləri Şahbaz Muradov və Könül Bünyadzadə sonda çıxış edərək hesabata münasibətlərini bildirib, təklif və tövsiyələrini səsləndiriblər.

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023