AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Bəkir Çobanzadənin 130 illiyinə həsr olunmuş beynəlxalq elmi konfrans keçirilib
Dec 16, 2023 | 11:15 Konfranslar, iclaslar

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Bəkir Çobanzadənin 130 illiyinə həsr olunmuş “Gözlərəm yeni, aydın sabahı” adlı beynəlxalq elmi konfrans keçirilib.
Tədbiri açan AMEA-nın prezidenti akademik İsa Həbibbəyli görkəmli türkoloq Bəkir Çobanzadənin Azərbaycanda elmi-mədəni və ictimai fikrin formalaşmasında müstəsna xidmətlərindən, çoxşaxəli elmi irsindən, dilimizin və ədəbiyyatımızın tədqiqinə həsr olunmuş əsərlərindən, türkçülük ideyalarının inkişaf etdirilməsi uğrunda mübarizəsindən söz açıb. Bəkir Çobanzadənin həyatı və elmi yaradıcılığına dair Türk dünyasında, o cümlədən Azərbaycanda çoxsaylı tədqiqatlar aparıldığını, haqqında sənədli filmlər çəkildiyini qeyd edib.

Tədbirdə Bəkir Çobanzadə irsinin tədqiqatçısı, professor İsmayıl Kərimov “Bəkir Çobanzadənin həyatına dair bəlli olmayan faktlar” mövzusunda məruzu edib. Professor 1937-ci ilin hadislərindən yaxa qurtara bilməyən, ittihamlarla günahlandırılan Bəkir Çobanzadənin repressiya həyatında baş verən önəmli hadisələr haqqında məlumat verib, alimin faciə dolu həyatının bu gün də diqqət mərkəzində olduğunu bildirib.

Konfransda Azərbaycan Dillər Universitetinin professoru Adil Babayev, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri filologiya elmləri doktoru Almaz Ülvi Binnətova və AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun direktor müavini tarix elmləri doktoru Eynulla Mədətli çıxış edərək Bəkir Çobanzadəni Azərbaycanda dilçilik elminin, o cümlədən Azərbaycan türkologiyasının yeni inkişaf mərhələsinin əsasını qoyan, dilçiliyinin müxtəlif istiqamətləri üzrə fundamental əsərlər yazan, türk xalqlarının mədəni inqilabının dərinləşməsinə töhvə verən ustad kimi qiymətləndiriblər. Alimin təkcə elmi deyil, həm də bədii fəaliyyəti ilə tariximizdə müstəsna rol oynadığını söyləyib, böyük mütəfəkkirin zəngin irsinin gələcək nəsillərə aşılanmasının vacibliyini diqqətə çatdırıblar.

Beynəlxalq elmi konfransda görkəmli alimin həyat və fəaliyyətinə həsr olunmuş müəllifi və ssenaristi yazıçı-jurnalist Zera Bəkirova olan “Bir izin verin yurduma qayıdım” adlı film nümayiş etdirilib.

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023