AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
İlklərə imza atan böyük tarixçi
Jan 12, 2024 | 14:32 Yeni nəşrlər

“Olaylar” qəzetinin 2024-cü il üzrə 1-ci nömrəsində AMEA-nın müşaviri, akademik Yaqub Mahmudovun 85 illik yubileyinə həsr olunan “İlklərə imza atan böyük tarixçi” adlı məqalə dərc olunub. Məqalənin müəllifləri tarix elmləri doktoru Emin Məlikov, tədqiqatçı Nazim Xəlilov və tarix üzrə fəlsəfə doktoru Elnur Nəciyevdir.

Həmin yazını təqdim edirik:

Azərbaycan tarix elminin inkişafında mühüm xidmətləri olan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Əməkdar elm xadimi, Dövlət Mükafatı laureatı Yaqub Mahmudov elm tariximizdə bir çox ilklərə imza atıb. Bu məqaləmizdə həmin ilklərin bəzilərindən bəhs edəcəyik.

Tarixçi alim hələ sovet rejiminin hökmranlığı dövründə – 1966-cı ildə dövlətçilik tariximizə müraciət edərək, Azərbaycan Ağqoyunlu dövlətinin çoxsaylı Avropa və Asiya dövlətləri ilə geniş əlaqələr saxladığını sübuta yetirib. O, tarixşünaslıqda ilk dəfə olaraq XV-XVII əsrlərdə Azərbaycanın Avropa ölkələri ilə geniş diplomatik əlaqələr saxladığını və həmin ölkələrlə danışıqlar aparmış bir çox Azərbaycan diplomatlarının adlarını üzə çıxarıb.

XX əsrin 60-70-ci illərində Azərbaycanın öz xəritə fabriki yox idi. SSRİ-nin xəritə fabriklərinin demək olar ki, əksəriyyəti ermənilərin inhisarında idi. Cənubi Qafqaz respublikaları içərisində yalnız Azərbaycanın tarix xəritələrinin nəşrinə və “Azərbaycan tarixi atlası”nın buraxılmasına imkan verilməyib. Yaqub Mahmudov o zaman Azərbaycan Ensiklopediyasının baş redaktoru olan Xalq şairi Rəsul Rzanın yaxından köməyi ilə Azərbaycanın ilk tarix xəritələrini SSRİ-də ermənilərin təsiri altında olmayan yeganə xəritə fabrikində – Kiyev Xəritə Fabrikində nəşr etdirib. Xəritələrin nəşrindən sonra – 1972-ci ildə Azərbaycan Ensiklopediyasının Baş redaksiyası tərəfindən “Azərbaycan SSR xəritələri” atlası çap olunub. Belə bir vaxtda “Azərbaycan SSR xəritələri” atlasının işıq üzü görməsi və həmin atlasa tarix xəritələrinin daxil edilməsi Azərbaycan elminin çox mühüm uğuru idi. Atlasa daxil edilmiş Azərbaycanın ilk tarix xəritələri – Eldənizlər, Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər və digər Azərbaycan dövlətlərinin xəritələri isə sovet dönəmi üçün görünməmiş yenilik idi. Sonralar həmin xəritələr Yaqub Mahmudovun təşəbbüsü ilə nəşr olunan ilk “Azərbaycan tarixi atlası”na (2007), habelə “Azərbaycan Respublikasının Milli Atlası”na (2014) və “Azərbaycan tarixi xəritələrdə” atlasına (2022) da daxil edilib.

1986-1990-cı illərdə tarixçi alimin təşəbbüsü ilə ölkəmizdə ilk dəfə olaraq Respublika Tarix Liseyi yaradılıb, BDU-nun Tarix fakültəsində yeni ixtisaslar – “tarixçi‐arxivşünas”, “tarixçi‐şərqşünas”, “çinşünas”, “tarixçi‐arxeoloq”, “tarixçi‐etnoqraf”, “beynəlxalq münasibətlər”, “sosiologiya”, “psixologiya”, “etnopsixologiya”, “etnososiologiya” və “sosial psixologiya” ixtisasları açılıb, “Azərbaycanın maddi‐mədəniyyət tarixi”, “Dünya azərbaycanlıları: tarixi‐demoqrafiya” elmi‐tədqiqat laboratoriyaları, “Tarixi tədqiqatlarda elektron‐hesablama maşınları və riyazi üsulların tətbiqi” tədris laboratoriyası yaradılıb, qədim türk dili və folklorunun tədrisinə başlanılıb.

1989‐cu ildə Yaqub Mahmudovun dekan olduğu Tarix fakültəsinin Elmi Şurası onun sədrliyi ilə S.M.Kirov adına Qırmızı Əmək Bayrağı Ordenli Azərbaycan Dövlət Universitetinin tarixi adı olan Bakı Dövlət Universiteti adının bərpa olunması haqqında qərar qəbul edib və bu qərarın icrası ilə bağlı müvafiq məsələ qaldırılıb.

Yaqub Mahmudov 1991‐1992‐ci illərdə Azərbaycan Respublikasının ilk Təhsil Konsepsiyası və Təhsil Qanununu hazırlayan ekspert‐işçi qrupuna rəhbərlik edib. O vaxt əhali, o cümlədən təhsil sistemi işçiləri konsepsiya və qanun layihələrini geniş müzakirə edərək bəyəniblər. Lakin buna baxmayaraq, o zamankı iqtidarın bəzi nümayəndələri Təhsil Qanununun qəbul olunmasına kəskin müqavimət göstərib. Bununla belə, 1992‐ci il dekabrın 16‐da Milli Məclis Yaqub Mahmudovun təqdimatı ilə müstəqillik dövrünün ilk Təhsil Qanununun qüvvəyə minməsi barədə qərar qəbul edib və beləliklə, ölkədə müasir təhsil sisteminə keçilib.

1991‐ci ildə – Azərbaycanda fövqəladə vəziyyət rejiminin tətbiq olunduğu dövrdə Yaqub Mahmudovun rəhbərliyi ilə orta ümumtəhsil məktəbləri üçün üzərində Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının təsviri olan ilk “Azərbaycan tarixi” proqramı nəşr olunub. Müstəqillik dövründə orta ümumtəhsil məktəbləri üçün ilk “Azərbaycan tarixi” və “Orta əsrlər tarixi” dərsliklərinin yaradılması da onun adı ilə bağlıdır. Həmin dövrdə ilk dəfə olaraq bütün türk dövlətlərinin tarixi “Orta əsrlər tarixi” dərsliyinə daxil edilib və türk imperiyalarının dünya tarixində yeri və rolu geniş işıqlandırılıb. Köhnə dərsliklərdən fərqli olaraq, bu dərsliklərdə türk‐müsəlman xalqlarının tarixi və mədəniyyətinə daha geniş yer verilib. Onun hazırladığı “Ata yurdu” dərsliyi isə 2003‐cü ildə Azərbaycan tarixinə aid yeni elmi baxışa və dərslik mədəniyyətində uğurlu səhifə açdığına görə “İlin dərsliyi” seçilib.

Yaqub Mahmudovun rəhbərliyi ilə “Azərbaycan tarixi ilk mənbələrdə” layihəsi reallaşıb və respublikaya Türkiyə, Rusiya, Gürcüstan, Fransa, Böyük Britaniya, Almaniya, Hindistan və digər ölkələrdən on minlərlə arxiv sənədi gətirilib. Bu sənədlər nəticəsində sübut edilib: ermənilər Şimali Azərbaycana çar Rusiyası tərəfindən XIX əsrdə köçürülüb, 1918-ci ilə qədər Cənubi Qafqazda heç zaman erməni dövləti olmayıb, Stepan Şaumyan “Daşnaksütyun” partiyasının Bakı komitəsinin üzvü olub və o, “26 Bakı komissarı” sırasında güllələnməyib.

2013-2018-ci illərdə Yaqub Mahmudovun təşəbbüsü və bilavasitə rəhbərliyi ilə Bakı, Quba, Şamaxı, Lənkəran və Qusarda 5 beynəlxalq soyqırımı konfransı keçirilib. Dünyanın görkəmli alimlərinin iştirak etdiyi bu konfranslara Prezident İlham Əliyev müraciətlər ünvanlayıb.

Yaqub Mahmudovun yüksəkixtisaslı tarixçi kadrların yetişdirilməsi sahəsində də mühüm xidmətləri var. O, diplomatiya tarixi, itirilmiş torpaqlar və soyqırımları tarixi istiqamətləri üzrə elmi məktəblər yaradıb. Onun elmi rəhbərliyi ilə 72 nəfər fəlsəfə və elmlər doktoru yetişib.

Yaqub Mahmudovun baş redaktorluğu ilə Xalq Cümhuriyyəti tarixinin bütün sahələrini əhatə edən ilk fundamental elmi soraq əsəri – ikicildlik “Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası” (I nəşr: 2004-2005; II nəşr: 2014) nəşr olunub. Bu ensiklopediya Ulu Öndər Heydər Əliyevin tapşırığı, Prezident İlham Əliyevin hərtərəfli qayğısı və köməkliyi ilə işıq üzü görüb.

Onun həmmüəllifi olduğu “Qarabağ: real tarix, faktlar, sənədlər” kitabında ilk dəfə olaraq Qarabağ tarixi bütöv halda – ən qədim dövrlərdən bu günədək təkzibolunmaz sənədlər və fotomateriallar əsasında şərh olunub. Prezident İlham Əliyevin çağırışlarına cavab olaraq yazılmış bu əsər 7 dildə nəşr olunub.

Yaqub Mahmudovun rəhbərliyi, həmmüəllifliyi və elmi redaktorluğu ilə ilk dəfə “İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi” fundamental tədqiqat əsəri nəşr olunub. Prezident İlham Əliyevin çağırışlarına cavab olaraq yazılmış bu əsər erməni işğalçılarına qarşı Vətən müharibəsinə elmi-informasiya hazırlığının təmin olunmasında mühüm rol oynayıb. Əsər 9 dildə işıq üzü görüb.

2007-ci ildə Yaqub Mahmudovun rəhbərliyi və həmmüəllifliyi ilə erməni saxtakarlarının Naxçıvana qarşı ərazi iddialarını ifşa edən əsər – “Naxçıvan: tarixi və abidələri” fundamental tədqiqatı (2 dildə) işıq üzü görüb. Ölkə başçısının çağırışlarına cavab olaraq yazılmış bu əsərdə Naxçıvanın tarixinə dair zəngin faktiki material verilib.

Yaqub Mahmudov tarixşünaslıqda ilk dəfə olaraq “Real tarix və “böyük Ermənistan” uydurması” fundamental tədqiqatını nəşr etdirib. Prezident İlham Əliyevin çağırışlarına cavab olaraq yazılmış bu əsər erməni qəsbkarlarının Azərbaycana qarşı ərazi iddialarını ifşa edir. Əsər 11 dildə işıq üzü görüb.

Heydər Əliyevin dövlətçilik fəaliyyətinin və Azərbaycanın müstəqillik dövrü tarixinin akademik səviyyədə araşdırılması yolunda ilk təşəbbüs tarixçi alimə məxsusdur. Onun rəhbərliyi, həmmüəllifliyi və elmi redaktorluğu ilə “Heydər Əliyev” (2 cilddə, 2013) və “Azərbaycan Respublikasının tarixi” (2 cilddə, 2016) əsərləri nəşr olunub. 2023-cü ildə – “Heydər Əliyev İli”ndə isə alimin elmi redaktorluğu ilə “Heydər Əliyev. Prezidentlik xronikası: 1993-2003” kitabı işıq üzü görüb.

Akademik Yaqub Mahmudovun elmi redaktor və naşiri olduğu “Azərbaycan tarixi xəritələrdə” atlası Azərbaycan tarixinə dair ilk fundamental atlasdır. Atlasa ən qədim zamanlardan Vətən müharibəsinə qədərki dövrdə dünyanın müxtəlif ölkələrində dərc olunmuş və Azərbaycanın dövlətçilik tarixini əks etdirən 200-ə qədər ən mühüm xəritə daxil edilib. Atlasda ilk dəfə olaraq Şimali Azərbaycanda çar Rusiyası dönəmində mövcud olan quberniya və qəzaların xəritələri təqdim edilir.

Yaqub Mahmudovun rəhbərliyi ilə yazılmış və həmmüəllifi olduğu “Qarabağ: real tarix, faktlar, sənədlər”, “Naxçıvan: tarixi və abidələri” və “İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi” fundamental tədqiqatlarına görə 13 nəfər tarixçi alim Azərbaycanın Dövlət Mükafatına layiq görülüb.

Vətənimizin ali dövlət mükafatları – “Şöhrət” (1999), “Şərəf” (2009) və 1-ci dərəcəli “Əmək” (2019) ordenləri ilə təltif olunmuş alim 7 beynəlxalq akademiyanın da həqiqi üzvüdür.

Ulu Öndər görkəmli tarixçimizin elmi fəaliyyətini yüksək qiymətləndirərək, onu “böyük alim”, “böyük tarixçi” adlandırıb.

P.S. Fevralın 10-da dəyərli ziyalımız Yaqub Mahmudovun 85 yaşı tamam olur. Yaqub müəllim, Sizi yubileyiniz münasibətilə ürəkdən təbrik edirik! Sizə möhkəm cansağlığı, elmi yaradıcılığınızda və şəxsi həyatınızda yeni-yeni uğurlar arzulayırıq! Böyük tarixçi, var olun!!!

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023