AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Tarix və Etnologiya İnstitutunda Cavad xana həsr olunmuş elmi seminar keçirilib
Jan 19, 2024 | 09:56 Konfranslar, iclaslar

AMEA-nın A.A Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda Şimali Azərbaycanın XIX-XX əsrin əvvəlləri tarixi şöbəsinin təşkilatçılığı ilə “Cavad xan Gəncəlinin azadlıq mücadiləsi-220” adlı elmi seminar keçirilib.

Tədbiri giriş sözü ilə açan Tarix və Etnologiya İnstitutunun elmi işlər üzrə direktor müavini tarix elmləri doktoru İlqar Niftəliyev iclasın əhəmiyyətindən danışaraq bildirib ki, Gəncəli Cavad xanın rus işğalçılarına qarşı vuruşaraq həlak olmasından 220 il ötür. İ.Niftəliyev qeyd edib ki, sovet tarixçilərinin əsərlərində Azərbaycan xanlıqlarının Rusiyanın hakimiyyətini guya könüllü qəbul etdikləri iddia olunsa da,Gəncə xanlığının  misalında biz bunun tam əksini görürük.

Daha sonra professor Hacı Həsənov “Gəncənin Rusiya tərəfindən işğalı Azərbaycan tarixşünaslığında” adlı məruzə ilə çıxış edib. Hacı Həsənov bildirib ki, 1803-1804-cü illərdə Gəncə xanlığı ətrafında baş verən hadisələrə Azərbaycan sovet tarixşünaslığında  birtərəfli qiymət verilib və Cavad xanın başçılığı ilə Gəncənin rus ordusuna müqaviməti barədə heç yerdə yazılmayıb. Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra bu hadisələrə düzgün qiymət verilməyə başlanılıb. Tarixçilərimizin əməyi sayəsində o hadisələrin üzərindən örtük götürülüb və yazılan əsərlərdə 1804-ci il rus ordusu tərəfindən Gəncənin işğalı tarixi mötəbər sənədlərə əsasən yazılıb.

Digər məruzəçi tarix üzrə fəlsəfə doktoru dosent Ramil Niftəliyev “Cavad xan Gəncəlinin siyasi portiretinin bəzi cizgiləri” adlı məruzə ilə çıxış edib. R.Niftəliyev qeyd edib ki, Cavad xan və ya Cavad xan Ziyadoğlu Qacar (1748-1804) 1786-cı ildən 1804-cü ilin yanvar ayının 3-dək Gəncənin xanı olmuşdur. O, rus generalı P.D.Sisianovun başçılığı ilə mühasirədə saxlanılan Gəncənin azadlığı uğrunda mübarizədə Rusiyanın işğalçı qoşun birləşmələri ilə döyüşdə qəhrəmancasına vuruşmuş və şəhid olmuşdur. Cavad xan XVIII əsrin sonu – XIX əsrin əvvəllərində Cənubi Qafqazda baş verən hərbi-siyası hadisələrdə fəal iştirak edən Azərbaycan xanlarından biri idi. Məlum tədqiqatlara görə Cavad xan 35 döyüşdə iştirak etmişdir. Qeyd edək ki, o, hakimiyyətdə olduğu zaman hərb deyil, hər zaman sülh tərəfdarı olmuşdur.1825-ci ildə Rusiyada nəşr olunan jurnallarının birindəki məqalədə yazılmışdı: “Gəncə, hələ Assuriyanın çiçəkləndiyi, Yunanıstan və Romanın yeni yarandığı dövrdə böyük rola malik olmuşdur. O gündən bu günədək heç bir Avropa dövləti buraya ayaq aça bilmədi. Türkiyə, Persiya, Midiya, Mesopotamiya, Assuriya, Albaniya bu möhkəm strateji bazanın qiymətini bilirdilər. Gəncəyə yiyələnmək, yalnız bütün Kür düzənliyinə sahib olmaq deyil, həmçinin bütün Azərbaycana, Qafqazın bütün cənub maililiyinə yiyələnmək deməkdir” yazılırdı.

Sonra tarix üzrə fəlsəfə doktoru, dosent Ənvər Məmmədov “Şəmsəddil bölgəsi uğrunda Cavad xanın mübarizəsi” adlı məruzə ilə çıxış edib. Öz məruzəsində  natiq Cavad xanla rus generalı P.Sisianov arasında aparılan məktublaşmalardan bəhs edib, həmin məktublarda Cavad xanın Şəmşəddil bölgəsinin hələ 600-700 il əvvəl Gəncə hakimləri tərəfindən idarə olunduğunu və bu əraziyə gürcü çarlığının iddialarının əsassız olduğunu  qeyd edib.

Sonda məruzələr ətrafında geniş müzakirələr aparılıb.

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023