AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
AMEA Azad Həmkarlar İttifaqına yeni sədr seçilib
Jan 19, 2024 | 14:45 Mühüm hadisələr

AMEA Azad Həmkarlar İttifaqının XII Məclisi keçirilib, tədbirdə təşkilati məsələlərə baxılıb.

Hüquq elmləri doktoru Habil Qurbanov Elm və Təhsil Nazirliyinin Elmi təşkilatların birləşmiş Həmkarlar İttifaqının sədri vəzifəsinə seçildiyi üçün AMEA Azad Həmkarlar İttifaqının sədri vəzifəsinə seçki keçirilib.

AMEA Azad Həmkarlar İttifaqının sədri vəzifəsinə Məclis üzvlərinin yekdil qərarı ilə siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Sənan Həsənov seçilib. Eyni zamanda, Sənan Həsənovun Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) Məclis və İcraiyyə Komitəsinə üzvlüyü ilə bağlı vəsatət qaldırılıb.

Tədbirdə AMEA-nın vitse-prezidenti akademik İradə Hüseynova və AHİK-in katibi-aparat rəhbəri Həsən Cəfərov da iştirak ediblər.

Qeyd edək ki, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Sənan Həsənov 1977-ci ildə Gədəbəy rayonunda anadan olub. O, Lənkəran Dövlət Universitetinin tarix fakültəsini bakalavr, Bakı Dövlət Universitetinin tarix fakültəsinin magistraturasını isə fərqlənmə diplomu ilə bitirib. 2000-ci ildən AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunda kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi, aparıcı elmi işçi vəzifələrində çalışıb.

AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun “Heydər Əliyevin siyasi irsi və azərbaycançılıq fəlsəfəsi” şöbəsinin aparıcı elmi işçisi Sənan Həsənov 3 monoqrafiyanın, 100-dək elmi məqalənin müəllifi, bir sıra beynəlxalq və respublika konfranslarının iştirakçısıdır.

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023