AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Tarix və Etnologiya İnstitutunda Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinə həsr olunmuş dəyirmi masa keçirilib
Feb 01, 2024 | 12:28 Konfranslar, iclaslar

AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda “Rəsulzadənin Azərbaycan tarixində yeri” mövzusunda dəyirmi masa keçirilib.

İclası giriş sözü ilə açan institutun elmi işlər üzrə direktor müavini tarix elmləri doktoru İlqar Niftəliyev Azərbaycan Respublikası Prezidentinin “Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinin qeyd edilməsi haqqında” 30 dekabr 2023-cü il tarixli Sərəncamına uyğun olaraq ölkəmizin hər yerində, o cümlədən, Tarix və Etnologiya İnstitutunda Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri Məhəmməd Əmin Rəsulzadənin həyat və ictimai-siyasi fəaliyyətinə həsr olunmuş tədbirlərin təşkil edildiyini bildirib. İ.Niftəliyev M.Ə.Rəsulzadənin keşməkeşli həyatından və müqəddəs amalı uğrunda ömrünün sonuna qədər mübarizə aparmasından danışıb.

Sonra Dünya tarixi şöbəsinin müdiri tarix elmləri doktoru professor İradə Bağırova “M.Ə.Rəsulzadənin Avropada mühacirət həyatı” adlı məruzə ilə çıxış edib. İ.Bağırova qeyd edib ki, Azərbaycanın görkəmli ictimai-siyasi xadimi Məhəmməd Əmin Rəsulzadənin həyatının ən parlaq dövrlərindən birini 1922-1955-ci illəri əhatə edən mühacirət dövrü hesab etmək olar. 1922-ci ildə Türkiyəyə mühacirət etməyə məcbur olan Rəsulzadə özünəməxsus enerjisi ilə bu ölkədə aktiv fəaliyyət göstərirdi. Burada o, “Azəri-Türk”, “Odlu Yurd”, “Bildiriş” jurnallar nəşr etməyə başladı. 1923-cü ildə İzmirdə xüsusi mükafata layiq görülən “Azərbaycan Cümhuriyyəti” kitabı nəşr olundu. Eyni zamanda M.Ə.Rəsulzadə və onun tərəfdarları Müsavat partiyasının xarici bürosunu, eləcə də vəzifəsi bütün daxili mühacirəti birləşdirmək olan Azərbaycan Milli Mərkəzini yaratmağa müvəffəq oldular. Hər iki təşkilatın əsas çap orqanı “Yeni Kavkaziya” jurnalı idi.

1925-ci ildə Türkiyə ilə SSRİ arasında dostluq və netralitet barədə müqavilə imzalandı. Bundan sonra Moskvanın təzyiqi ilə Türkiyə hökuməti bütün rus mühacirətinin, o cümlədən azərbaycanlıların fəaliyyətinə qadağa qoymağa  məcbur oldu. Bu şəraitdə M.Ə.Rəsulzadə də bir çox siyasi mühacir kimi Qərbdə, xüsusən də Polşada sığınacaq tapır.

1935-ci ilin fevralında Polşanın paytaxtı Varşava şəhərində  keçirilən konfransda “Qafqaz məsələsi və Rusiya” adlı qəbul edilən sənəddə Qafqaz xalqlarının Konfederasiyaya birləşərək Qafqazda müstəqil respublikaların  yaradılması əsas fəaliyyət istiqaməti kimi müəyyən edilir. Bu işə rəhbərlik etmək üçün M.Ə.Rəsulzadə, N.Jordaniya və M.Q. Sunjevdən ibarət rəyasət heyəti təşkil edildi.

İkinci Dünya müharibəsi illərini Rəsulzadə əsasən Rumıniyada keçirdi. 1947-ci ildə  o, yenidən  Türkiyəyə qayıdır və 1949-cu ildə burda Azərbaycan Kültür dərnəyini təşkil edir. 1952-ci ildən «Azərbaycan» jurnalını nəşr etməyə başlayır. Ömrünün sonuna qədər M.Ə.Rəsulzadə Azərbaycan Milli Mərkəzinin rəhbəri kimi çalışır və ölkəsinin istiqlaliyyəti uğrunda mübarizəsini dayandırmır.

Azərbaycan Cümhuriyyəti şöbəsinin böyük elmi işçisi Aygün Əzimova “M.Ə.Rəsulzadənin Cümhuriyyətə qədərki ictimai-siyasi fəaliyyəti (fevral 1917- may 1918)” adlı məruzə ilə çıxış edib. A.Əzimova məruzəsində Azərbaycan üçün taleyüklü bir dövrdə Rəsulzadənin fəaliyyətinin mühüm məqamlarını təhlil etdi. Məruzəçi bildirdi ki, Rəsulzadə bu dövrdə xalqın siyasi cəhətdən maariflənməsi, təşkilatlanması məqsədi ilə geniş fəaliyyət göstərmişdir. Azərbaycanlıların Fevral inqilabından sonrakı demokratikləşmə prosesində iştirakı məqsədi ilə onların mütəşəkilliklə  seçkilərdə iştirakını təşviq etmişdi.

Daha sonra A.Əzimova Rəsulzadənin  1917-ci il Qafqaz Müsəlmanları  və Ümum-Rusiya müsəlmanları qurultaylarında, eləcə də Bakının ictimai siyasi həyatında olan mühüm hadisələrdə iştirakına diqqət çəkdi və bir siyasi xadim kimi onun güclü təşkilatlandırma və kütlələrə rəhbərlik bacarığını vurğulayıb.

Sonda tarix üzrə fəlsəfə doktoru, dosent Natiq Məmmədzadə “M.Ə.Rəsulzadənin sosial-iqtisadi görüşləri”adlı məruzə ilə çıxış edib. O, bildirib ki, M.Ə.Rəsulzadənin dünyagörüşünün formalaşmasında sosial-demokratiya ideyaları mühüm rol oynayıb. Zəhmətkeş xalqın, fəhlə və kəndlilərin azad olunması, onların maddi vəziyyətinin yaxşılaşdırılmasının tərəfdarı olmaqla yanaşı Rəsulzadənin baxışlarında milli təsanüd (həmrəylik, solidarizm) prinsipi başlıca yer tutur. Məruzəçi Rəsulzadənin sosial-iqtisadi baxışlarına görə etatist olduğunu, o milli dövlətçiliyin inkişafını sosial ədalət və iqtisadi rifahla şərtləndirdiyini vurğulayıb.

Tarix elmləri doktoru, dosent Vasif Qafarov “M.Ə.Rəsulzadənin İstanbul konfransında Azərbaycan nümayəndə heyətinin rəhbəri kimi fəaliyyəti (iyun – oktyabr 1918-ci il)” adlı məruzəsində M.Ə.Rəsulzadənin Azərbaycan milli hərəkatındakı rolunu çox yüksək qiymətləndirməklə yanaşı, Rəsulzadənin Trabzon, Batum və İstanbul konfranslarındakı fəaliyyətini geniş şərh edib. Azərbaycan Cümhuriyəti hökumətinin bağladığı ilk beynəlxalq müqavilə olan Batum müqavilələrini imzalayanlardan da biri məhz Rəsulzadə olub. Vasif Qafarov qeyd edib ki, M.Ə.Rəsulzadə gördüyü bütün digər böyük işlərlə yanaşı, Azərbaycan Cümhuriyyəti hökumətinin xaricə göndərdiyi ilk diplomatik missiyanın - İstanbul konfransındakı Azərbaycan nümayəndə heyətinin rəhbəri olub. Bu heyət 4 aya yaxın bir müddət ərzində Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda gərgin iş aparıb və Azərbaycanın maraqlarını qoruyub. Bütün ömrünü Azərbaycanın istiqlaliyyəti uğrunda mübarizəyə həsr edən M.Ə.Rəsulzadənin Azərbaycan xalqı və dövləti qarşısında xidmətləri böyükdür və əvəzsizdir. Bütün bu xidmətlərinə görə də Rəsulzadə xalqımız və dövlətimiz tərəfindən böyük hörmət və ehtiramla anılır.

Sonda məruzələr ətrafında geniş müzakirələr aparılıb.

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023